Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev: "Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə sadiqik"

Azərbaycan rəhbərliyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqların davam etdirilməsinə hazır olduğunu bildirir.

Yanvarın 19-da Azərbaycan prezidenti İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşdə bu barədə danışıb.

O, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verib:

“Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğulayıb, ölkəsinin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu deyib”.

Bundan əvvəl Ermənistan rəsmiləri də həmin formatda danışıqlarda maraqlı olduqlarını dəfələrlə bəyan ediblər.

Avropa İttifaqının vasitəçiliyi


2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılırdı. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib.

Praqada Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi.

Azərbaycan rəsmiləri hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri də hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.