Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ələt oliqarxlar üçün yerli ofşora çevrilə bilər?

Bugünlərdə Milli Məclisdə Ələt Azad İqtisadi Zonasında güzəştlərin artırılmasına dair layihə birinci oxunuşda qəbul edilib.

Ələt Azad İqtisadi Zonası haqqında qanun 2018-ci ildə qəbul edilib. 2020-ci ildə prezident onun yaradılması və fəaliyyətinin təşkili haqqında fərman da imzalayıb.

Ələt Azad İqtisadi Zonasının təməli 2021-ci ildə qoyulub. Amma zonanın fəaliyyətə bu ilin iyulunda başlayacağı bildirilir.

"Bu… bütün vergilərdən azad olmasıdır"


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Turan"a bildirib ki, qanun layihəsi azad zonada vergi tənzimlənməsi məsələsində yeni mexanizmlər tətbiq edir: "Artıq əsas iqtisadiyyatın vergi ödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV (Əlavə Dəyər Vergisi), göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar".

Onun sözlərinə görə, azad zonada gömrük işinin səmərəliliyinin artırılması məqsədilə qanun layihəsində bir neçə dəyişikliklər nəzərə çarpır: "Belə ki, azad zona hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara görə gömrük rəsmiləşdirilməsi üçün ödənişdən başqa heç bir rüsum və vergi tətbiq edilməyəcək".

"Belə şəraitlər yaratmaq lazımdır ki…"


Başqa bir deputat Rüfət Quliyev də "Turan"a deyib ki, Ələt Azad İqtisadi Zonasında qurulmuş infrastruktur istismara hazırdır: "Cinayət qanunvericiliyinə gəlincə, Azərbaycanın bütün ərazisində tətbiq olunan qanunlar Ələt zonasına da şamil olunacaq".

Deputat qeyd edib ki, Azərbaycan ətrafında 200 azad iqtisadi zona var: "Ələt Azad İqtisadi Zonasının birbaşa okeana çıxışı yoxdur. Ona görə də belə şəraitlər yaratmaq lazımdır ki, xarici şirkətlər həmin o 200 zonaya yox, məhz Ələtə gəlsinlər".

"… Aktuallığını itirməyə başlayıb"


İş adamı Nazim Bəydəmirli AzadlıqRadiosuna xatırladıb ki, xüsusi iqtisadi zonalar haqqında Azərbaycanda qanunvericilik 2007-ci ildə qəbul edilib. Onun fikrincə, azad iqtisadi zonalar artıq aktuallığını itirməyə başlayıb: "Bu zonalarda bəzi məsələlərdə hətta milli qanunvericiliyin işləməməsi presedentləri var. Ona görə də belə zonalara, əsasən, böyük transmilli şirkətlər gəlir və ölkələrin qarşısına elə tələblər qoyur ki, əmək qanunvericiliyi işləməsin, həmkarlar ittifaqları yaradılmasın".

Onun sözlərinə görə, belə zonalara bəzən aksiz vergisindən yayınmaq üçün tütün məhsulları və alkoqol içkilər istehsal edən şirkətlər gəlir: "Bütün bunların baxımından Ələt Azad İqtisadi Zonası yerli oliqarxlar üçün yerli ofşora çevrilə bilər. Məncə, bu zona daha çox bu məqsədlə istifadə olunacaq. Onsuz da onlar ölkədə vergidən yayınır, burada isə onlar üçün münbit şərait yaradılacaq".