Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əhməd Məmmədli həbs edildi

Mayın 8-də Binəqədi rayon Məhkəməsində ictimai fəal, "Yoldaş media"nın təsisçisi Əhməd Məmmədli haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Məmmədli Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq... silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə...) və 126.2.4 ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur. Gənc fəal ittihamları qəbul etmir. O, hələ prosesdən öncə Binəqədi rayon Məhkəməsinə gətirilərkən deyib ki, "azad media susdurula bilməz".

Ə.Məmmədli hesab edir ki, onu təsisçisi olduğu "Yoldaş media"ya görə şərləyərək tutublar.

Həmin maddələrlə fəala 11 ilə qədər həbs cəzası verilə bilər.

Qeyd edək ki, mayın 6-da saat 22 radələrində bir şəxsə Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Vurğulandığına görə, Ə.Məmmədli həmin məsələ ilə bağlı saxlanıb.

İctimai fəalın yaxınları isə Ə.Məmmədlinin şərləndiyini və belə bir ssenari düzəldildiyini bildiriblər.

Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (hərəkat 2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilmişdi. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə əsaslandırmışdı.