Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əgər onlar da küssə.... - Ər-Riyadla Moskva arasında inciklik yaranıb

Səudiyyə Ərəbistanı Rusiyanın neft hasilatı sahəsində hərəkətlərindən narazıdır.

The Wall Street Journal qəzetinin mənbələrə istinadla yazdığına görə Ər-Riyad Moskvanın OPEC+ çərçivəsində hasilatın ixtisarı həcmlərinə dair öhdəliklərinə əməl etmədiyini düşünür

Məqalədə deyilir ki, Səudiyyənin yüksək vəzifəli rəsmiləri rusiyalı həmkarlarını öhdəliklərinə əməl etməyə çağırıblar.

Ər-Riyadda hesab edirlər ki, Rusiya dünya bazarlarına razılaşdırıldığından daha böyük həcmlərdə neft çıxarır və bu isə neft qiymətlərində durğunluq yaradır.

Səudiyyə neft qiymətlərinin artmasında maraqlıdır.

Neftin qiyməti düşüb


Hazırda dünya bazarında Brent markasından olan neftin qiyməti aprelin əvvəlində olduğundan 10 faiz ucuzdur. OPEC+ ölkələri neftin ixtisarı barədə qərarı məhz apreldə qəbul etmişdilər.

Beynəlxalq Enerji Agentliyində də hesab edirlər ki, Rusiya Səudiyyə Ərəbistanından fərqli olaraq vəd etdiyi günə 500 min barrel ixtisara getməyib.

Bu da qeyd olunur ki, bu səbəbdən OPEC+ ölkələrinin iyunun 4-ə təyin edilmiş iclası ərəfəsində iki ölkə arasında gərginlik getdikcə artır.

OPEC+ qrupu Səudiyyə başda olmaqla Rusiya da daxil OPEC-ə üzv olmayan ölkələrin təşkilatla ittifaqıdır.

Rusiya təkzib edir


Bundan əvvəl OPEC+ çərçivəsində koordinasiyalı siyasət yürüdülürdü ki, bu da neftin qiymətini kifayət qədər yüksək saxlayırdı.

The Wall Street Journal yazır ki, Səudiyyə Ərəbistanı büdcədə neftin bir barrelini 81 dollardan hesablayıb, amma hazırda qiymət bundan bir neçə dollar aşağıdır.

Rusiya baş nazirinin müavini Aleksandr Novak israr edir ki, Rusiya neft hasilatının könüllü ixtisarı çərçivəsində öhdəliklərinə əməl edir.

Qərb ölkələri ötən il Rusiya neftinin idxalına məhdudiyyət qoyublar və ona qiymət tavanı təyin ediblər.

Lakin Moskva öz neftini sanksiyalara qoşulmayan ölkələrə satmaqda davam edir.