Logo
news content
User
Kateqoriyalar

Xəbər

Edam olunmuş iranlının meyitini qardaşına bir şərtlə veriblər

Tehran Məhəmməd Hüseyninin edamıyla hökumətə qarşı etirazlarda iştiraka dözümlü yanaşmayacağı mesajını verirdi. Ancaq o, hazırda ölkə boyunca dövlət repressiyasının qurbanı kimi yad olunur.

39 yaşlı quşçuluq ferması işçisi və məşqçi İran yarımhərbi qüvvələri üzvünün edamı ittihamıyla üzləşəndə ən yaxınlarından dəstək görməyib. Hadisənin noyabrda bir yas mərasimi iştirakçılarının nümayişi vaxtı baş verdiyi iddia olunur.

Hüseyni tələsik keçirilən məhkəmədə “Yer üzündə korrupsiya”da təqsirli bilinib. Ölüm hökmünün icrasını gözlədiyi dönəmdə onu nə bir dostu, nə qohumu ziyarət edib. Hətta üç bacı-qardaşından heç biri onun əfv olunmasını açıq şəkildə xahiş etməyib. Yanvarın əvvəlində edam edilən Hüseyninin meyitinin belə yaxınları tərəfindən götürülmədiyi haqda məlumatlar yayılıb.

Hüseyninin yaxın münasibətdə olmadığı qardaşına onun meyitini ancaq “heç kəsə danışmamaq, onu sakitcə dəfn etmək” vədi verəndən sonra veriblər. Bunu AzadlıqRadiosunun fars xidməti Radio Fərda-ya mənbələr deyib.

Ölümündən sonrakı həftələrdə Hüseyni daha çox tərəfdar yığıb. Onlar özlərini dövlət repressiyası qurbanının “anaları”, “qardaşları”, “bacıları” kimi təqdim edirlər. O, sadə həyat yaşayır, sağlıq problemləri ilə mübarizə aparır, yoxsul uşaqlara döyüş idman növləri üzrə təlim keçirdi.

Əcəmcan necə öldürülüb


Hüseyni yanvarın 7-də 22 yaşlı Məhəmməd Mehdi Kərimi ilə birlikdə asılıb. Onların hər ikisi noyabrın 3-də Tehrandan qərbdə yerləşən Kərəc şəhərində Bəsic üzvü Ruhulla Əcəmcanı öldürməkdə təqsirli bilinib.

Rəsmi orqanlar Əcəmcanın “bıçaq və digər bərk alətlər, o cümlədən daşla” çoxsaylı zərbələrdən öldüyünü bildirir. Həmin vaxt bir nümayişçinin 40 mərasiminə yığışanlar sonradan nümayiş etmişdilər. Öldürülən etirazçı isə İrandakı kütləvi etirazların 500-dən çox qurbanından biridir. Ötən ilin sentyabrda guya hicabı düz bağlamadığına görə saxlanan Məhsa Əmininin polisdə ölümü ölkəboyunca etirazlara yol açıb.

Hakim orqanların məlumatına görə, silahsız Əcəmcan mərasimə yığışanların bağladığı yolu açmağa çalışanda hücuma məruz qalıb.

Videoifadə


Hüseyni və Kəriminin məhkəmələri heç bir həftə çəkməyib, özlərinin seçdiyi vəkillə təmin olunmayıblar. Onların hər ikisi ittihamları rədd ediblər. Məhkəmə həmin şəxslərin, Amnesty International təşkilatının dediyinə görə, işgəncə altında verdiyi etiraflara istinad olunub. Hətta iş məhkəməyə çıxarılmamışdan dövlət mediası videoifadəni yayıb.

Depressiv psixozdan əziyyət çəkdiyi deyilən Hüseyni bildirib ki, Kərəcdəki qəbiristanlıqda valideynlərinin məzarını ziyarət etməyə gedəndə “yerə yıxılmış bir gənci” görüb.

“Mental problemlərim olduğundan qaçdım”, – o, yayılmış videoda danışır. Həmin videoda Hüseyninin evindən dəlil kimi götürülmüş döyüş idmanı silahlarının fotoları da əks olunub.

“Bunlar idman üçündür, əzizim”, – Hüseyni silahlarla bağlı suala belə cavab verib.

Dövlət mediasının yaydığı başqa bir videoda isə o deyir ki, Əcəmcanın öldürüldüyü yerdə “10 saniyədən də az” qalıb və onda Bəsic üzvünün artıq ölübmüş.

Vəkil Məhəmməd Şərifzadə Ardakani əvvəlcə Hüseynini təmsil etməyə buraxılmayıb. O, dekabrın 18-də onunla həbsxanada görüşə bildiyini açıqlayıb. Dediyinə görə, Hüseyni gözüyaşlı ona danışıb ki, əli-qolu bağlı, başından vuraraq ona elektroşok ediblər, iddia olunan cinayətləri etiraf etməsinə nail olublar.

“Bir şəxsin işgəncə altında verdiyi ifadənin hüquqi əsası yoxdur”, – Ardakani Twitter-də yazıb. Ona bu dediklərinə görə ittiham irəli sürülüb, daha sonra zaminə buraxılıb.

“Sənin üçün ağlayan anan olmadı”


Hüseyninin nakam həyatı ölkədə böyük kədər doğurub. Onun məhkəmədə üzündə aşkar şok və inamsızlıq ifadəsi olan fotosu internetdə yayılıb.

“Sənin tənhalığın barədə düşünürəm, sənin üçün ağlayan anan olmadı, adını qışqıran atan olmadı”, – jurnalist Sədəf Fatemi Twitter-də yazıb.

2001-ci ildə İran kiberpolisinin nəzarətində ölmüş bloqer Səttar Beheştinin anası Gohar Eşqti hakimiyyəti Hüseyninin meyitini ona verməyə çağırıb. Hökumətə qarşı etirazlarda öldürüldüyü deyilən Həsən Turkmanın anası Kamilə Səcədcan bəyan edib ki, “əziz oğlu” Hüseyninin başdaşısını düzəltmək onun boynunadır.

Hüseyninin məzarına gül qoyanlar isə onun xatirəsinə ehsan paylayıb, az vaxt içində 60 mindən çox izləyici yığmış Instagram səhifəsində başsağlığı yazıblar.

Ancaq Hüseyninin işlədiyi yerdə onun hər hansı anım tədbiri keçirilməyib. Bunu onun həmkarlarından biri Radio Fərda-ya deyib. Digər mənbələrin sözlərinə görə, ona yaxında edam olunacağı haqda məlumat verilməyib.

Hüseyni İranda etirazlarla bağlı edam olunan dörd nəfərdən biridir. Bu edamlar ölkə içində və xaricində pislənir. BMT-nin İnsan haqları üzrə Ali komissarı Volker Turk edamların “dövlətin sanksiyasıyla qətl” olduğunu deyib.

İnsan haqları qruplarının məlumatına görə, azı 20 nəfər ölümə məhkum edilib, yaxud edam riski olan məhkəmələrini gözləyir.