Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Ədalət öz-özünə gəlmir...”

Biznesmen Anar Qəribovun “Azur” Ticarət mərkəzinin sahiblərinə qarşı çöxillik məhkəmə epopeyası sona yaxınlaşmaqdadır. Baxış ərəfəsində biznesmen ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət eədək, onlardan artıq beşinci ildir davam edən işə nəzər salmağı xahiş edib:

“Bu məhkəmə işlərinin mahiyyəti ondan ibarətdir ki, mən uzunmüddətli əsasda icarəyə yer götürmüşəm və notarial qaydada təsdiq edilmiş müqavilədə göstərilən qaydada icarəyə götürülmüş sahəni əsaslı təmir etmişəm. Amma kommersiya fəaliyyətinə başlayandan sonra icarədarlar Babayev Babək Novruz oğlu, Rzayev Fuad Balababa oğlu əngəllər yaratmağa başladılar və hüqüqlarımızın müdafiəsi üçün məhkəməyə müraciət etməli olduq. Bundan narazı qalan icarədarlar qisas almaq üçün əmlakımızı məhv etmək qərarına gəldilər. Onlar bununla da kifayətlənməyərək, məhv etdikləri mallarımıza kanserogen olan DDT kimyəvi maddə vurublar, indi də sağlamlığa son dərəcədə təhlükəli olan malları məhkəmə qərarlarına əsaslanaraq satışa çıxarmaq üçün bizə qaytarmağa çalışırlar. İcarədarlar öz tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, Məhkəmə İcraçılarına və digər müvafiq strukturlarına, hüquq-mühafizə və məhkəmə orqanlarına təsir göstərməkdədirlər. 

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC-nin bütün tərəflərin iştirakı ilə qanuna müvafiq prosedur qaydalarına riayət edərək götürdüyü nümunələrin üzərində akkreditasiya olunmuş laboratoriyanın sınaq nəticələrinə əsasən DDT kanserogen kimyəvi maddəsinin istifadə edilməsi faktları müəyyən edilmişdir. 12 geyim və 6 avadanlıq nümunəsində kifin, həşərat qalıqlarının və xüsusi olaraq insan orqanizminə son dərəcə təhlükəli olan kanserogen DDT kimyəvi maddəsi olması barədə akkreditasiya keçmiş laboratoriya sınaq nəticələrini Bakı Apellyasiya Məhkəməsi nədənsə gecikdirərək iki ay sonra Ekspertizası Mərkəzinə göndərmişdir. Dörd ay ərzində ekspertiza tədqiqatını aparan Məhkəmə Ekspertizası Mərkəzi nədənsə akkreditasiya olunmuş laboratoriyanın 18 rəyinin məhkəmədən alınmasına iki gün qalmış öz ekspertiza rəyini çıxarır. Rəydə malların cəmi 15 faizinin yararsız olduğu göstərilsə belə, həmin Ekspertiza Mərkəzi 18 ay öncə bütün malların yararsız olduğuna dair rəy vermişdir. Bakı Apellyasiya Məhkəməsi isə, öz növbəsində akkreditasiya olunmuş laboratoriyanın 18 sayda olan sınaq nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli məhsulların (o cümlədən uşaq geyimləri) 85%-nin satışa yararlı olması barədə qərar çıxarıb. Həmçinin, Bakı Apellyasiya Məhkəməsi qərarınında göstərmişdir ki, mövcud olmayan əmlaklar və yararsız vəziyyətdə olan avadanlıqlar Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən işin arasında olan muhasibat sənədlərinə əsas qiymətləndirilməlidirlər. Lakin, Bakı Apellyasiya Məhkəməsinin yazılı tapşırığına məhəl qoymayan 4 ay ərzində ekspertiza tədqiqatını aparan Məhkəmə Ekspertizası Mərkəzi icarə sahəsindən qanunsuz aparılıb məhv edilmiş avadanlıqların və itirilmiş əmlaklara bazar dəyərini nədənsə qiymətləndirməyib. Bakı Apellyasiya Məhkəməsi isə öz suallarına Məhkəmə Ekspertiza Mərkəzinin rəyində cavab tapmadığından qanunsuz aparılan və məhv edilən avadanlıqlarımıza, eləcə də itirilən əmlaklarımıza görə məhkəmə qətnaməsində kompensasiya verilməsini göstərməyib.

Maraqlı fakt budur ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında “Az-Ekspertiza” MMC ekspertiza qiymətləndirilməsinə cəlb edilib, lakin “Az-Ekspertiza” MMC tərəfindən dəymiş ziyanın müfəssəl tam hesablanması ilə aparılan ekspertiza rəyləri elə həmin məhkəmə tərəfindən sübut kimi nədənsə  qəbul edilməyib. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə kanserogen preparatdan istifadə faktının ortaya çıxarılması və bütün məhv edilmiş əmlaka dəymiş zərərin hesablanması ilə tam və əsaslandırılmış ekspertiza apardığına görə Binəqədi Rayon Prokurorluğu tərəfindən “Az-Ekspertiza” MMC məsuliyyətə cəlb edilməsi barədə 15 dekabr 2023-cü il tarixli qərarını qarşı tərəfin aşkar təzyiqi kimi göstərmək olar. Eyni zaman da, bu işi araşdıran istintaq orqanı tərəfindən CPM 9.4.1-ci və 105-ci maddələrinin pozulması və cavabdehlərin tərəfindən CM 126.2.1, 158.3, 177.2.3, 177.2.4, 186.2.2, 186.3, 190.2, 294.1, 308.1, 309.1 və 322.1-ci maddələrinin pozulması ilə bağlı prokurorluq orqanı tərəfindən nədənsə cinayət təqibi başlanılmır. Nədənsə bu işə baxan məhkəmələr MPM 265.4-cü maddəsinin tələblərinə riayət etməyərək proses iştirakçılarının əməllərində cinayət əlamətlərini görmür və xüsusi qərardad çıxarmaqla prokurorluğa müraciət etmək istəmirlər. Bundan əlavə, qarşı tərəfin şikayətləri əsasında bizi mütəmadi olaraq hüquq-mühafizə orqanlarına çağırırlar. Eyni zamanda, tərəfimizdən prokurorluğa edilən çoxsaylı müraciətlərimizin əksəriyəti cavabsız qalır.

Digər fakt ondan ibarətdir ki, məhkəmə işinin materialları arasından yüzlərlə foto və videomaterialın yoxa çıxması ilə bağlı altı ay əvvəl Məhkəmə-Hüquq Şurasına etdiyimiz müraciət Şura tərəfindən araşdırılmaq əvəzinə, müraciətimiz baxılması üçün həmin sübutların müəmmalı şəkildə yoxa çıxdığı məhkəməyə qaytarılmış, qanuna müvafiq araşdırma aparılmamış və bu fakta dair hüqüqi qiymət verilməmişdir.

Növbəti bir fakt, üç ay əvvəl Məhkəmə İcraçılarının təqdimatına əsasən Nərimanov rayon məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş əsaslar olmadan bu işin nəticəsində müflis olmuş müəssisənin direktoruna 1.200 manat cərimə kəsilib, qanunvericilikdə göstərilən müddətdə cərimə ödənilməsinə baxmayaraq, İcra məmurları tərəfindən müəssisə direktoru barəsində cinayət təqibi və sonradan həbs ediləcəyi ilə bağlı təhdidlər səsləndirilir. Amma  İcra haqqında qanunun 3.2, 50.3, 82.1 və 84.4 maddələrinin açıq şəkildə pozulması ilə bağlı bizim iki il bundan əvvəl Xətai rayon İcra, Bakı şəhər İcra, Baş İcra idarələrinə, Apellyasiya Şuralarına, Ədliyyə Nazirliyinin digər müvafiq strukturlarına göndərdiyimiz çoxsaylı videosübutlu məktublar cavabsız qalmış və cavabdehlər barəsində cinayət təqibi başlanılmamışdır.

1.285 kv.m sahəsi olan icarə ərazisinin əsaslı təmirinə 177.860 manat, avadanlıqla təchiz edilməsinə 275.987 manat vəsait sərf edildiyi və dəyəri 494.371 manat olan 20.295 ədəd malımızı məhv etdikləri halda son beş ildə məhkəmə qərarlarına əsasən 51.025,6 manat məbləğində vəsaitə icarədarların xeyrinə bank hesablarımızda həbs qoyulub, Nabran qəsəbəsi yaxınlığında şirkətimizə məxsus 3,58 hektar torpaq sahəsi isə İcarədarın yaxın qohumunun (qaynının) adına keçirilib. Bu beş il ərzində iki hüquqi və bir fiziki şəxsin sahibkarlıq fəaliyyəti tamamilə dayandırılıb, əmlakları tam məhv edilib, şirkətin təsisçisinə məxsus mənzil və fiziki şəxsin mənzili bankda girov təminatı altındadır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin kollegiyasının qətnaməsinə əsasən cavabdeh şəxslərdən bizim xeyirimizə cəmi 34.438 manat pul kəsilib.

Hazırda sonuncu məhkəmə işi Ali Məhkəmədə baxışdadır. Ali Məhkəmənin hökmü yekun olacaq”.

Ədalət axtaran iş adamı sonda prezidentin son müsahibəsindən onun sözlərini xatırladır:

“Vətənimizin ərazi bütövlüyünü, suverenliyimizi tam bərpa etməsi ilə bağlı verdiyiniz son müsahibədə Siz qeyd etmisiniz ki, “ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən.”.

Bu sözlər Sizə olan inamımızı daha da gücləndirdi, biz Sizin dediyiniz yolla davam edirik və bundan sonra da davam edəcəyik. Və əminik ki, bu müraciət ədalətə sarsılmış inamın bərpasına kömək edəcək. Necə ki, otuz ildən sonra Sizin rəhbərliyiniz altında torpaqlarımız işğaldan azad edilərək Azərbaycanın suverenliyi tam təmin olundu, ədalət bərpa edilərək yeni dövrün başlanğıcı qoyuldu”.

P.S. Bu məhkəmə prosesi ilə bağlı məlumatları aşağıdakı linklərdə tapa bilərsiniz:

https://pressklub.az/ekskluziv/sahibkari-bele-muflis-etdiler-milyon-yarimliq-qalmaqal/

https://pressklub.az/news_az/bash-xeber/memur-oglu-mehkemenin-qerarini-niye-saymir/

https://turan.az/az/cemiyyet/azure-ticaret-merkezinin-gunahi-ucbatindan-bir-milyon-manatdan-cox-iflasa-ugradigini-bildiren-biznesmenin-iddiasi-uzre-mehkeme-baslayib-762023

https://turan.az/az/cemiyyet/baki-apellyasiya-mehkemesi-metbuatin-fb-company-nin-azure-ticaret-merkezine-qarsi-iddiasi-uzre-prosesi-musahide-etmesini-qadagan-edib-762228

https://turan.az/az/cemiyyet/baki-apellyasiya-mehkemesi-azur-ve-fb-company-sirketleri-arasindaki-mehkemeye-jurnalistlerin-buraxilmamasi-barede-qerarini-legv-edib-762685

https://turan.az/az/cemiyyet/apellyasiya-mehkemesinin-ziddiyyetli-beyanatlarinin-arxasinda-kim-durur-763691

https://pressklub.az/ekskluziv/mehkeme-polis-prokurorluq-hansinin-femidasi-qalib-gelecek/

https://pressklub.az/ekskluziv/ehtiyatli-olun-zeherli-geyim/

https://turan.az/az/cemiyyet/baki-apellyasiya-mehkemesi-fb-company-nin-biznesini-dagidan-azur-firmasinin-hereketlerine-haqq-qazandirib-769381