Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyanın ən böyük türk dövlətinin lideri - Tokayevin 70 yaşı olur

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin 70 yaşı tamam olur.

Qasım-Comərd Tokayev 1953-cü il mayın 17-də doğulub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib, siyasi elmlər doktorudur.

1975-ci ildən SSRİ Xarici İşlər Nazirliyində, ardınca ölkənin Sinqapurdakı səfirliyində çalışıb, sonra Çindəki səfirlikdə ikinci katib, birinci katib, müşavir postlarını tutub.

1992-ci ildən Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən nazirin birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.

2002-ci ildən dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata sədrlik edib.

2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.

2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.

2022-ci il sentyabrın 17-də prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir dəfədən artıq seçilməyə yasaq qoyulub (əvvəlki normaya əsasən, eyni şəxs ardıcıl olaraq iki dəfədən çox prezident seçilə bilməzdi), sentyabrın 21-də növbədənkənar seçki qərarı verilib, noyabrın 20-də Qasım-Comərd Tokayev yenidən prezident seçilib.