Dünyada hərbi xərclər artıb, ABŞ-da azalıb
28 Aprel 2026
2025-ci ildə dünyada hərbi xərclər 2.9 faiz artıb. ABŞ-də isə bu göstərici Ukraynaya yeni maliyyə yardımının dayandırılması fonunda 7.5 faiz azalıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) aprelin 27-də yaydığı hesabata əsasən, 2025-ci ildə qlobal hərbi xərclər 2.89 trilyon dollara çatıb. Bu, ardıcıl 11-ci il artım deməkdir. Hərbi xərclərin qlobal ümumi daxili məhsulda (ÜDM) payı 2.5 faizə yüksələrək 2009-cu ildən bəri ən yüksək həddə çatıb.
SIPRI bildirir ki, "mövcud böhranların miqyası və bir çox dövlətlərin uzunmüddətli hərbi xərcləmə hədəfləri nəzərə alındıqda bu artımın 2026-cı ildə və daha sonra da davam edəcəyi ehtimal olunur".
ABŞ, Çin və Rusiya hərbiyə ən çox xərcləyən ölkələrdir. Onların payına toplam 1.48 trilyon dollar, yəni qlobal xərclərin 51 faizi düşür.
ABŞ-dəki azalma qısamüddətli ola bilər
Hesabata görə, ABŞ-nin hərbi xərcləri 2025-ci ildə 954 milyard dollara enib. Bu, əsasən Ukraynaya yeni hərbi maliyyə yardımının təsdiqlənməməsi ilə bağlıdır. Əvvəlki üç il ərzində ABŞ Ukraynaya 127 milyard dollar hərbi dəstək göstərib.
SIPRI ABŞ-dəki azalmanın qısamüddətli ola biləcəyini qeyd edir. Belə ki, ABŞ Konqresinin 2026-cı il üçün təsdiqlədiyi xərclər 1 trilyon dollardan çoxdur. Bu, 2025-ci illə müqayisədə ciddi artım deməkdir və 2027-ci ildə xərclərin 1.5 trilyon dollara yüksələ biləcəyi gözlənilir.
Avropa və Yaxın Şərqdə vəziyyət
Qlobal xərclərin artımına əsas töhfəni Avropa verib. Ötən il qitənin xərcləri 14 faiz artaraq 864 milyard dollara çatıb.
Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsi artıq beşinci ilə keçib və hər iki ölkədə hərbi xərclər artmaqdadır. NATO-nun Avropadakı üzvlərinin xərcləri də yüksəlib. Bu, Mərkəzi və Qərbi Avropada Soyuq müharibədən sonra ən kəskin illik artıma səbəb olub.
2025-ci ildə Qəzzada müharibənin səngiməsi fonunda İsrailin hərbi xərcləri 4.9 faiz azalaraq 48.3 milyard dollara düşüb. İranda isə xərclər ardıcıl ikinci ildir ki, azalır – 5.6 faiz düşərək 7.4 milyard dollar olub.