Logo
news content
User
Kateqoriyalar

Xəbər

DSX hərbçisi özünü silahla vuraraq öldürüb

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq hərbi xidmət keçən qulluqçusu (MAXE) Rahil Əhmədov həlak olub.

Pressklub.az xəbər verir ki, hadisə Qubadlı rayonu ərazisində baş verib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Əhmədov Rahil Rahib oğlu odlu silahdan açdığı atəş nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Respublika hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib ki, DSX-nın "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Əhmədov Rahil Rahib oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib: "Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".

Qeyd edək ki, Rahil Əhmədov Göyçay rayonunun Mallı-Şıxlı kəndində doğulub.