Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dron hücumu. Rusiya regionlarına PUA hücumları nələri üzə çıxardı?


Rusiyanın müxtəlif bölgələrinə kütləvi dron hücumları Moskvanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibədən bu yana ən böyük hadisədir.





Bazar ertəsi axşam saatlarında Belqorod şəhərinə 3 dron düşüb (və ya vurulub). Digər belə hadisə Bryansk rayonunda yerləşən Suraj yaşayış məntəqəsində qeydə alınıb. Gecə saatlarında baş verən başqa bir dron hücumu Tuapse şəhərindəki neft anbarında partlayışa səbəb olub. Rusiya Federasiyasının tərkibindəki Adıgey Respublikasına da dron düşüb. Daha bir dronun çərşənbə axşamı səhər saatlarında Moskva yaxınlığındakı Kolomenski rayonunda yerləşən qaz-kompressor stansiyasına düşdüyünə dair məlumatlar yayılıb.




Son olaraqsa Leninqrad rayonunda uçan naməlum obyekt görüldüyü üçün bu bölgənin hava məkanı müəyyən müddətə qapadılıb. “Fontanka” regional xəbər saytı öz mənbəsinə istinadən belə yazıb.





Müxtəlif mənbələrin yaydığı məlumata görə, rusiyalı hərbçilər Uçuşların Vahid İdarəedilməsi Sisteminə Rusiya hava sərhədinin pozulması cəhdini işarə edən “Kover” siqnalı göndəriblər. Qaydalara görə, bu siqnaldan sonra bütün növ mülki təyyarələr dərhal yerə enməlidir.





Daha sonra açıqlama verən Rusiya Müdafiə Nazirliyi bunun “mülki uçuşlara nəzarət edən qurumlarla birlikdə” keçirilən təlim olduğunu deyib və döyüş təyyarələrinin havaya qalxdığını bildirib.





Havada hər hansı obyektin olub-olmamasına dair dəqiq məlumat yoxdur.




Kiyev bununla bağlı hər hansı açıqlama verməyib. Bir ildən çoxdur Ukraynada genişmiqyaslı müharibə gedir və bu müddət ərzində bu ölkə Rusiyaya qarşı həm də dronlardan istifadə edib. Sözügedən hücumların arxasında Ukrayna Silahlı Qüvvələrinin dayandığı güman edilir.





Bundan başqa, dekabrın əvvəllərində Rusiyanın Saratov və Ryazan vilayətlərində yerləşən bəzi aerodromlar da pilotsuz uçuş aparatlarıyla vurulub. Onda Rusiya Müdafiə Nazirliyi bu hücumlara görə Ukraynanı ittiham etmişdi və bildirmişdi ki, sovet dövürünün kəşfiyyat PUA-ları hücum dronlarına transformasiya edilib. Ukrayna ordusunun arsenalında bu hədəflərə çata bilən yeganə aparat “Tu-141” dronudur.





İtkilərlə bağlı hər hansı məlumat yoxdur. Tuapsedə baş verən partlayış nəticəsində dağıntılar olduğu, Belqoroddakı çoxmərtəbəli binalara zərər dəydiyi bildirilir. Amma dronların hamısında döyüş başlıqlarının və ya partlayıcı qurğuların olub-olmadığı dəqiq bilinmir.





Hazırlanmış, koordinasiya edilmiş hücumlar




Bu hücumlar əvvəlkilərdən fərqlənir.





Moskva regionuna dron düşməsi ilk dəfədir baş verir. Bu isə o deməkdir ki, hökumət binaları, kritik infrastrukturlar və əhali də daxil olmaqla, Moskva potensial hücuma məruz qala bilər.





Dronun Moskva regionuna qədər gəlub çıxması, təbii ki, paytaxt sakinlərinə psixoloji təsir edir. Müşahidəçilərin dediyinə görə, müharibənin döyüş bölgəsindən yüzlərlə kilometr uzaqda olan Moskvada hiss edilməsi, qeyri-mümkündür.





Buna baxmayaraq yanvarın sonlarında Moskvada bəzi yaşayış binalarının üzərində hava hücumundan müdafiə (HHM) sistemləri qurulandan sonra bəzi sakinlər sosial mediada narahat olduqlarını və bunu mümkün təhlükə kimi qəbul etdiklərini yazmışdılar. İndi isə belə bir təhlükə fərziyyədən reallığa çevrildi.




Ukrayna sərhədiylə PUA-nın Moskva vilayətində düşdüyü yer arasındakı məsafə 450 kilometrdən çoxdur. Tuapsedən Ukraynanın cəbhə xəttinə təxminən 420 kilometr, Adıgeyin Novıy kəndindənsə təxminən 380 kilometr məsafə var. Digər mühüm məqam budur ki, bir neçə PUA təxminən eyni vaxtda, bir neçə saat fərqlə qeydə aşkarlanıb. Hətta müasir hava hücumundan müdafiə (HHM) sistemləri olan ölkə üçün də bir neçə istiqamətdən edilən hücumları dəf etmək eyni yerdəki böhranın öhdəsindən gəlməkdən daha çətindir.





Hələ səhər saatlarında Rusiyanın bir sıra bölgələrində yerli radio və televiziya kanalları hava hücumu barədə məlumat veriblər, həyəcan siqnalı fonunda əhaliyə müraciət ediblər ki, dərhal sığınacaqlara getsinlər. Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, hakerlər hava hücumuyla bağlı xəbərdarlıq sistemlərini sındırıblar.





Əgər həqiqətən belə olubsa, belə hücumlar Rusiya ərazisinin müdafiəsizliyi faktının psixoloji təsirini yalnız artıra bilər.





Müxtəlif aparatlar




Hücum nəinki kütləvi və koordinasiyalı olub, üstəlik, müxtəlif aparatlarla icra edilib.





Adıgeydə dronun düşdüyü yerdən çəkilmiş fotoşəkillərdən məlum olur ki, aparat turbojet mühərriklə təchiz olunub - şəkillərdə turbinin qanadları çox aydın görünür. Tuapsedəki obyektin vurulması isə müşahidə kamerasının obyektivinə düşüb. Yəqin ki, bu kamera səsi də qeydə alıb, amma kadrlardakı video və audio yazıları üst-üstə düşmür. Bu, orijinal səsdirsə, demək ki, dronun yerə dəyənə qədər işləyən mühərriki reaktiv mühərrik olub.










Ukraynada döyüşlər





“Tu-141” - Ukraynada hücumçu PUA-ya çevrildiyi ehtimal edilən köhnə sovet pilotsuz təyyarəsi




Əgər hücumları Ukrayna Silahlı Qüvvələri həyata keçiribsə, yəqin ki, bu reaktiv PUA-lar sovet dövründəki “Tu-141” pilotsuz təyyarələrinin dəyişdirilmiş formasıdır. Ukrayna uzaq mənzilli və strateji aerodromlara dekabr ayındakı hücumları zamanı da belə dronlardan istifadə etmişdi.





Moskva vilayətinə düşmüş dronun fotoşəkillərində onun fərqli bir aparat olduğu görünür. Bu dron zahirən Ukraynanın “Ukrjet” şirkətinin istehsal etdiyi “UJ-22 Airborne” təyyarəsinə oxşayır. Bu, daha kiçik aparatdır, orta hündürlükdə və daha uzun məsafələrə uçan PUA-lar sinfinə adiddir (medium-altitude long-endurance - MALE).





Adətən, müharibədə belə PUA-lardan kəşfiyyat və müşahidə məqsədilə, o cümlədən, bomba və ya raket atmaq üçün istifadə olunur. “UJ-22” isə kiçik sursatlar ata bilir.





Bu sinfə aid cihazlardan fərqli olaraq o, çox da böyük deyil: qanadlarının uzunluğu cəmi 4,6 metrdir. Müqayisə üçün deyək ki, bu dronla eyni sinifdən olan “TB-2 Bayraktar”ın qanadlarının uzunluğu 12 metrdir.





“UJ-22 Airborne” dronu kamikadze kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmayıb, amma onun faydalı yükünün çəkisini dəyişmək mümkündür. Operatorun nəzarəti altında 100 kilometrə qədər, avtonom rejimdə 800 kilometrə qədər məsafə qət edə bilən bu aparat havaya 20 kiloqrama qədər yük qaldıra bilir, uçuş məsafəsini artırmaq üçünsə yükü azaltmaq lazımdır.










Ukraynada döyüşlər





“Rosneft”in Tuapsedəki neft emalı zavodu




Belqorod vilayətində lentə alınmış kadrlarda forma və ölçülərinə görə “UJ-22 Airborne” dronuna bənzəyən bir PUA görünür, amma onun operatorun nəzarəti altında 100 kilometrə qədər, avtonom rejimdəsə 800 kilometrə qədər məsafə qət edə bildiyi məlumdur.





Tipini dəqiqləşdirmək çətindir.





Hücumda müxtəlif dronlardan istifadə olunması da HHM sistemlərin işini çətinləşdirir. Çünki dronların hər birinin özünəməxsus xüsusiyyətləri var. “Tu-141” radar ekranlarında aydın görünən böyük metal obyektdir, aşağı hündürlükdə və kifayət qədər yüksək sürətlə uça bilir. Bu aparatın ekranda görünən işarəsi reaktiv qırıcı təyyarənin işarəsiylə eynidir.





“UJ-22” ekranda daha pis görünür – onun konstruksiyasında karbon lifindən istifadə olunub. Üstəlik, aşağı hündürlükdə kifayət qədər yavaş uçan cihaz yerüstü radarlarda da zəif görünür.





Rusiya Ukraynanı İran istehsalı olan “Şahed-136” pilotsuz təyyarələriylə vurmağa başlayanda Ukrayna Silahlı Qüvvələri uzaq mənzilli PUA-ları izləmək problemiylə üzləşmişdi.





Tuapsedəki yanğınla bağlı xəbər gecə saat 2 radələrində daxil olub. Adıgeyin rəhbəri bildirib ki, Novıy kəndi yaxınlığındakı partlayış da həmin vaxt qeydə alınıb. Təxmin edilir ki, hər iki halda “Tu-141” dronlarından istifadə edilib.





Belqorodda PUA-lardan atəş açılması xəbərləri dünən axşamdan etibarən yayılıb. Bryansk vilayətində dronun nə vaxt vurulduğu barədə məlumat verilmir. Moskva və Leninqrad vilayətlərindəki insidentlər barədə çərşənbə axşamı, səhər saatlarında açıqlama verilib.





Bütün bunların “dalğalar” halında baş verməsi də HHM sistemlərinin işini çətinləşdirə bilərdi. Əgər həqiqətən də bu hücumlarda radar ekranında fərqli görünən və müxtəlif sürətlə uçan “Tu-141” və “UJ-22” dronlarından istifadə olunubsa, hər dalğadan sonra HHM sistemlərinin əvvəlki cihaza bənzəyən PUA-ların axtarışına hazırlanması ola bilər.





“Dron hücumu” nəylə nəticələndi?




Bu hücumların məqsədi məlum deyil. Göründüyü kimi, yalnız bir dron konkret obyekti - Tuapsedəki neft anbarını vura bilib. Moskva vilayətində isə dron infrastruktur obyektinin yaxınlığına düşüb.





Qalanları ya HHM və elektron döyüş sistemləriylə vurulub, ya da başqa səbəblərdən yerə düşüb. Həmin yerlərinin yaxınlığında heç bir mühüm obyekt barədə məlumat verilməyib.





Səsləndirilən versiyalar bunlardır - Belqorodda PUA-lar sadəcə naviqasiya səhvinə görə evlərlə toqquşublar, Moskva vilayətinə düşən dronsa ya dəqiq yönləndirilməyib, ya da yanacağı bitdiyi üçün düşüb.





Bu hadisənin psixoloji təsiri də var - hücumlar göstərdi ki, Ukrayna Rusiya ərazisinin dərinliklərindəki obyektləri vurmaq imkanına malikdir və hava hücumundan müdafiə vasitələri heç də həmişə onların öhdəsindən gələ bilmir.





Nəhayət, belə hücumlarla əldə edilə bilən daha bir nəticə də var – HHM sistemlərinin fəaliyyəti haqqında məlumat əldə etmək. Bu, xüsusilə də Tuapse və Adıgeydəki hədəflərə hücum edən PUA-lara aiddir.





Bu şəhərlər Qara dəniz yaxınlığında yerləşirlər, Rusiyanın Ukraynaya hücumu başlayandan Qərbin kəşfiyyat təyyarələri o ərazidə növbə çəkir. Ona görə də bu cür hücumların ikinci məqsədi HHM sistemlərinin, o cümlədən, radarların yerinin öyrənilməsi ola bilər.