Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Departamenti Lavrovun "Qərb inhisarı" barədə sözlərini "növbəti cəfəngiyyat" adlandırıb

Çərşənbə günü Vaşinqton Qərbin beynəlxalq işləri "inhisara almağa" cəhd etməsilə bağlı  Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin ittihamlarını rədd edib və  Sergey Lavrovun şərhini "növbəti cəfəngiyyat " adlandırıb.

Beynəlxalq düzən Qərbin və ya ABŞ-ın öz müttəfiqlərilə birlikdə yaratdığı şey deyil, Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə Turan-ın suallarını cavablandırarkən bildirib.

"Lavrovun razılaşmadığı Birləşmiş Millətlər  Təşkilatı Nizamnaməsindən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn qaydalara əsaslanan beynəlxalq düzəndir. Bu, Birləşmiş Millətlər  Təşkilatına üzv olan bütün dövlətlərin dəstəkləməli olduğu bir şeydir", - o deyib.

"Odur ki, Qərbin öz qaydalarını və ya öz baxışlarını istənilən digər ölkəyə qəbul etdirdiyini demək üçün edilən hər hansı cəhd  Rusiya tərəfinin növbəti cəfəngiyyatı və dezinformasiyasından başqa bir şey deyil ki, bu da son aylarda kifayət qədərdir”, -Prays deyib.

Çərşənbə günü Lavrov Dövlət Dumasında bildirib ki, hökumətin yeni "xarici siyasət konsepsiyası" Qərbin qlobal işlərdə "inhisarına" son qoyulmasına yönələcək. O deyib ki, "qaydalara əsaslanan düzən" öz maraqlarını təbliğ etmək üçün Vaşinqton, London və Brüsseldə icad edilib.

Öz növbəsində Prays bildirib ki, "suveren ölkələrə öz iradəsini qəbul etdirmək istəyən" Rusiyadır. "Bunu ən aydın şəkildə Ukraynada görürük. Rusiya öz iradəsini Ukrayna  xalqına qəbul etdirmək, hökuməti devirmək, ölkəni suverenlik və müstəqillikdən məhrum etmək üçün bu ölkəyə hücum edib", - o deyib.