Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Dostluq" da bir yerə qədər - Qazaxıstan Rusiyanın Taman portuna neftin daşınmasını dayandırır

Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qara dənizdəki Taman portuna daşınmasını qadağan edəcək.

Bu barədə məlumatı Qazaxıstanın dövlət dəmir yolları əməliyyatçısına istinadla Reuters agentliyi verib.

Qadağanın səbəbləri və müddəti açıqlanmayıb. Sənəd nəqliyyat şirkətlərinə ünvanlanıb.

Xəbər verilir ki, mayın 3-dən neftin Taman portuna daşınmasını Rusiya Dəmir Yolları şirkəti də dayandırıb.

Bu qərar Taman portunda neft məhsulları çənlərindən birində yanğın baş verəndən sonra qəbul edilib.

Yanğının 1200 kvadratmetr sahəni əhatə etdiyi xəbər verilir.

Dron zərbəsi


Mayın 3-də Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki neft çənində yanğın baş verib.

Bu barədə məlumatı özünün teleqram kanalında regionun qubernatoru Veniamin Kondratyev verib.

Məlumata görə yanğına dronun düşməsi səbəb olub.

Xəritə məlumatlarına görə bu qəsəbənin yaxınlığında Taman portu və Tamanneftqaz şirkətinin neft anbarları yerləşir.

RBK xəbər verir ki, neft məhsullarının daşınma üçün yüklənməsi buradakı kompleksdə həyata keçirilir.

Terminal işini dayandırmayıb


Reuters bildirir ki, Taman portundakı terminal ildə 20 milyon ton xam neft, neft məhsulları və maye qaz buraxmaq gücünə malikdir.

Ötən il Qazaxıstan Taman portu vasitəsilə 1 milyon ton mazut və 230 ton maye qaz ixrac edib.

Üç treyder agentliyə bildirib ki, terminal neft məhsulları və maye qazın buraxılışını davam etdirir.

Buna baxmayaraq terminalda çox sayda qatarların yığıldığı deyilir.

Treyderlər ümid edirlər ki, vəziyyət mayın 8-dək stabilləşəcək və qadağan aradan qaldırılacaq.

Krasnodarda daha bir zavoda dron düşüb


Mayın 4-ə keçən gecə Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft məhsulları zavodunun ərazisində dron partlayıb.

Bu barədə regionun qubernatoru Vasili Qolubev özünün teleqram kanalında məlumat verib.

Məmurun sözlərinə görə dron tikilməkdə olan sexlərarası estakadaya çırpılıb.

O qeyd edib ki, bunun nəticəsində yaranmış yanğın söndürülüb, ölən və yaralanan olmayıb.

Novoşaxtinsk zavodu artıq bundan əvvəl, 2022-ci ilin iyununda dron zərbələrinə məruz qalıb. O vaxt da zavodun ərazisində yanğın baş vermişdi.