2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzünə başlamazdan cəmi 20 gün əvvəl Putin Çin Prezidenti Si Tsinpin-lə görüşmüşdü.





Bu tarixi görüşdə iki lider “sərhədsiz dostluqdan” danışaraq, “əməkdaşlıq xaricində hər hansı bir sahənin qalmayacağını” bildirmişdi.





Britaniyanın aparıcı qəzetlərindən olan “Financial Times” öz mənbələrinin həmin görüşdə iki liderin Ukraynadan da danışdıqlarını təsdiqlədiyini yazır.





Qəzetin eyni mənbələrə əsaslanan xəbərində Putinin bu görüşdə Si Tsinpin-ə Rusiyaya hücum edilərsə, “hər vasitəyə əl atacaqlarını” dediyi qeyd edilir. Amma maraqlısı odur ki, Putin bu görüşdə Çin liderinə Ukraynanı işğal etməyə hazırlaşdığını deməyib.





Pekinin incə balansları




Çin Prezidenti Si Tsinpin-in Rusiyanın işğal planlarından xəbərsiz olduğuna əmin ola bilmərik, lakin Çinin BMT Təhlükəsizlik Şurasının mart ayında Moskvanı pisləyən qətnaməsinin əleyhinə səs vermək əvəzinə bitərəf qalması Pekinin əvvəldən təmkinli bir mövqe xətti  tutduğuna işarədir.





Müharibənin əvvəlində Çin ictimaiyyətinin bir hissəsi Rusiyanın atdığı addımları həvəslə dəstəklədi və Putinin "xüsusi hərbi əməliyyat" adlandırdığı işğalı elan edən çıxışının Çin dilinə tərcümə edilmiş videoları internetdə geniş şəkildə paylaşıldı.





Lakin rəsmi səviyyədə Pekin strateji qeyri-müəyyənlik xəttini qorudu.





Çin hökuməti bir tərəfdən müharibənin başlamasına NATO-nun Avropada genişlənmə strategiyasının səbəb olduğunu bildirərək ABŞ-ı günahlandırır, digər tərəfdən isə Rusiyaya dəstək verməyə tələsmirdi.










Çinli





Pekin Rusiyaya dəstəyini çox incə bir tarazlıqda saxlayır




ABŞ-ın aparıcı qəzetlərindən olan "Washington Post" Rusiyanın dəfələrlə Çindən texnoloji və maliyyə dəstəyi istədiyini iddia edib.





Qəzetin xəbərində qeyd olunur ki, Si Tsinpin “Moskva ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq” yollarını axtarmağa etiraz etməsə də, bütün danışıqlar gərgin keçib.





“Washington Post” qəzetinin xəbərini əsaslandırdığı mənbə “Çinin Rusiyanın içinə düşdüyü çətinlikləri anladığını, lakin öz qeydinə qalmalı olduğunu da” bildirir.





Zərərləri minimuma endirmək üçün səylər




Ukraynada müharibə başlayandan sonra Rusiya və Çin liderləri yalnız bir dəfə, sentyabrın ortalarında Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq forumda görüşüblər.





Həmin vaxt həm də Ukrayna qüvvələrinin əks-hücumunun, cəmi bir neçə həftə əvvəl rusların ilhaq etdiyi geniş əraziləri geri almağa başlamasının ilk günləri idi.





Görüşdən sonra Putin Ukrayna müharibəsi ilə bağlı "çinli dostların balanslı mövqeyini" məmnunluqla qarşıladığını deyib.





Si Tsinpin də öz növbəsində Çinin “fövqəlgüclər kimi Rusiya ilə birlikdə hərəkət etməyə və dünyaya sabitlik və müsbət enerji gətirəcək liderlik rolunu öz üzərinə götürməyə” hazır olduğunu bildirib.





Lakin kameralar qarşısında bir-birinin kürəyinə əl vuraraq dəstək ifadə etmənin arxasında  daha mürəkkəb bir reallıq var idi.





Ukraynadakı müharibə Çin üçün həlli asan olmayan və ya çözülməsi elə də rahat olmayacaq bir sıra problemlər yaradıb.





Avropada qismən Rusiya ilə müharibənin başlaması ilə meydana gələn enerji böhranı yaşayış rifahına da öz təsirini göstərib və bu da avropalı istehlakçıların daha az Çin malları alması demək idi.





Digər tərəfdən, Çinin Rusiyanın Ukrayna işğalını açıq şəkildə pisləməkdən imtina etməsi Pekinin Qərblə münasibətlərində gərginlik yaradırdı. Çinin iki ən böyük ticarət tərəfdaşı ABŞ və Avropa İttifaqıdır.





2022-ci ilin ilk altı ayında Rusiyaya yeni Çin investisiyaları qoyulmadı. Şərhçilər bunun Çinin ehtiyatlı mövqeyinə və ABŞ-ın yeni bir beynəlxalq sanksiya dalğasına tuş gəlməmək səylərinə işarə etdiyini bildirir.














Rusiya





Vladimir Putin və Si Tsinpin müntəzəm olaraq görüşür




Rusiya-Çin münasibətləri üzrə ekspert Leonid Kovaviç “sərhədsiz dostluq” anlayışının atılan addımlarda əks olunmadığı ilə həmfikirdir. “Bütün Qərblə münasibətləri çətinləşdirmək Çinin maraqlarına zidd olardı”, - deyə o bildirir.





Çinin ABŞ ilə münasibətlərinin uzun müddət gərgin qalacağı nəzərə alınsa, "onun heç olmasa Avropa İttifaqı ilə münasibətlərini korlamaması vacibdir", - deyə Kovaçiç davam edir.





Kadr dəyişikliyi siyasət dəyişikliyinin əlamətidirmi?




Ötən ilin sonunda Çinin yeni xarici işlər naziri təyin edilən Çin Qanq yanvarın 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü.





Görüşdən sonra “Moskvanın istəyi ilə” verilən rəsmi bəyanatda “Çin-Rusiya münasibətlərinin üçüncü tərəflərə qoşulmamaq, münaqişə və təcavüz etməmək prinsiplərinə əsaslandığı” qeyd olundu.





Bu bəyanatda istifadə olunan dil ötən ilin fevralında Putin və Tsinpin arasında keçirilən görüşdən sonra səsləndirilən “sərhədsiz dostluq” anlayışından, hətta iki liderin sentyabr görüşündə səslənən “iki böyük fövqəldövlət olmaq” fikrindən də uzaqdır.





Çin Qanqın xarici işlər naziri təyin edilməsindən sonra üç il Xarici İşlər Nazirliyinin sözçüsü işləmiş Jao Lician vəzifəsindən azad edildi.





Jao Lician Çinin siyasətini müdafiə etmək və müxaliflərini tənqid etmək üçün istifadə etdiyi kəskin dili və döyüşkən üslubu ilə "döyüşçü canavar" ləqəbini almışdı və o, Qərbə qarşı şübhəli və sərt ritorikası ilə tanınan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ilə müqayisə edilir.










Çin





Çin Xarici İşlər Nazirliyinin keçmiş sözçüsünün Qərbə qarşı sərt ritorikası Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın nitqinə bənzədilirdi




Bəzi şərhçilər Jao-nun göz qabağında olan xarici işlər sözçüsü vəzifəsindən arxa planda bir vəzifəyə təyininin göstəriş üçün olduğu qənaətindədir. Digərləri isə bunu Çinin digər ölkələrlə münasibətlərdə gərginliyi azaltmaq üçün atdığı mühüm taktiki addım kimi şərh edir.





Covid-ə qarşı mübahisəli “sıfır tolerantlıq” siyasətindən əl çəkərək sosial ədalət və ortaq rifah ritorikasını yumşaltmaqla ticarətdə inamı bərpa etməyə çalışan Çin üçün xarici əlaqələrin yaxşılaşdırılması həyati əhəmiyyət kəsb edir.





Çindəki hökumətyönlü siyasi şərhçilər anonim olaraq deyirlər ki, Çin administrasiyası Moskvanın Ukrayna ilə bağlı uğursuzluğundan və geosiyasi yanlış hesablamalarından məyusdur.





 Çinin birdən-birə öz rəsmi ritorikasını anti-Rusiya xəttinə çevirəcəyi gözlənilmir. Lakin Pekin çox güman ki, ehtiyatlı və praqmatik yanaşma ilə hərəkət edəcək, Rusiyanın Ukraynadakı hədəflərinə çata bilməməsi və bu prosesdə böyük beynəlxalq gərginlik yaratmasının özünə vura biləcəyi zərəri minimuma endirməyə çalışacaq.