
Dəqiqləşdi: Putin İstanbula getməyəcək, Zelenski isə Türkiyədədir
15 May 2025
İstanbul danışıqlarında iştirak edəcək Rusiyanın nümayəndə heyətinin və ekspertlər qrupunun tərkibi məlum olub.
Nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibini Rusiya prezidenti Vladimir Putin təsdiqləyib.
Ukrayna prezidenti Volodimir Zelenski isə münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gedib.
Danışıqlarda Zelenski ilə yanaşı, prezident aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andriy Sıbiha və müşaviri İqor Jovkva iştirak edəcək.
Maraqlıdır ki, Volodimir Zelenski bildirib ki, Vladimir Putindən başqa heç kimlə danışıqlar aparmağın mənası yoxdur.