Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dəfn pulu almaq üçün 30 gün gözləmək? - Cavab almaq üçün ünvan da yoxdur

ASAN Xidmət, ASAN ödəniş, DOST Mərkəzi kimi xidmətlər ölkə əhalisinin bürokratik məngənələrdən qurtulması, xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq olunub. Və etiraf etmək lazımdır ki, bu xidmətlər həqiqətən də bəzi bürokratik əngəlləri aradan qaldırıb, problemləri minimuma endirib. Amma bütün sahələrdə yox.

Son zamanlar bu xidmətlərin işini düzgün qurmaması, insanların problemlərlə qarşılaşması ilə bağlı çoxlsaylı şikayətlər var. Onların işini düzgün qurmamasından şikayətlənənlərdən biri də tanınmış iqtisadçı Samir Əliyevdir.

Pressklub.az xəbər verir ki. Samir Əliyev bir müddət əvvəl vəfat edən atasının dəfn pulunu hələ də ala bilməməsindən, dövlət qurumlarında bununla bağlı olan süründürməçilikdən şikayətçidir. O, bu barədə öz feysbuk hesabında yazıb:



“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin142 çağrı mərkəzinə zəng vurub dəfn pulunun ödənilməsində yaranmış ləngimənin səbəbini soruşuram. Xanım cavab verir ki, DOST-a müraciətdən sonra 15 iş günü ərzində cavab veriləcək. Xatırladıram ki, müraciətimin üstündən 3 həftə (16 iş günü) keçib. Növbəti cavab belə olur ki, yəqin 30 günlük icraata götürülüb. Sual verirəm ki, bu nə çətin bir işdir ki, 15 iş günü azlıq etdi, keçiblər 30 iş gününə? Cavab belə olur ki, “bilmirəm, DOST-a müraciət edin”. DOST-la necə əlaqə saxlamağı soruşanda isə cavab məni şoka saldı. Məlum oldu ki, DOST-a zəng etmək mümkün deyil. Bunun üçün mərkəzin özünə təşrif buyurmaq lazımdır. Təsəvvür edirsiz bu nə deməkdir?”

S. Əliyev qeyd edib ki, DOST-a zəng vurmaq üçün 142 çağrı mərkəzini yığmaq lazım gəlir: “Onlar da sənə deyir ki, mərkəzə özün getməlisən. Üstəgəl əlavə 30 gündə nəyi yoxlayırlar?

DOST-dan söz düşmüşkən, mərkəzin saytında vətəndaşların məmnunluq səviyyəsi 98,43% göstərilib. Mənim fikrim də götürülüb və əminəm ki, mənim cavabım da 98,43% içindədir. Əslində məmnunluq səviyyəsi 100% olmalıdır. Çünki içəri girəndə adamı az qala VİP müştəri kimi qarşılayırlar. Yeganə çatışmayan odur ki, çay vermirlər. Ancaq nə olsun? Əgər mənim müraciətim müsbət cavablandırılmırsa və ya gec cavablandırılırsa, bu keyfiyyətin nə əhəmiyyəti qalır? Əgər sən get-gələ düşürsənsə, bunun səbəbini sorğu aparanlar qanunlarda görürsə, bu halda hansı məmnuniyyətdən söhbət gedə bilər? Əgər DOST-a zəng vura bilmirəmsə, hər xırda məsələ üçün işimi atıb mərkəzə getməliyəmsə, bu halda məmnuniyyət niyə ölçülür? Yeri gəlmişkən, poçt şöbəsində dedilər ki, dəfn pulları ümumiyyətlə gəlməyib. Çünki xalq arasında deyildiyi kimi büdcə açılmayıb”.

Qeyd edək ki, S. Əliyev daha əvvəl Xırdalan Ailə Sağlamlıq Mərkəzi tərəfindən atasının ölümünə dair müvafiq sənəd verilmədiyi üçün ölüm haqqında şəhadətnamə ala bilmədiyini yazmışdı. O, ölüm faktı, təcili tibbi yardımın təsdiqi olsa da, atasının vəfat etməsini sübut edə bilmədiyini qeyd etmişdi.