Corc Vaşinqton Universiteti Rusiyada "arzuolunmaz" elan edilib
31 Dekabr 2025
Rusiya Baş Prokurorluğu Corc Vaşinqton Universitetinin ölkə ərazisində fəaliyyətini "arzuolunmaz" elan edib.
Qurumun iddiasına görə, universitetin nəzdində fəaliyyət göstərən analitik mərkəz "xüsusi hərbi əməliyyatla bağlı Rusiyanı nüfuzdan salmağa yönəlmiş anti-Rusiya çıxışları, hesabatları üçün platforma rolunu oynayır".
Kreml Ukraynadakı təcavüzkar müharibəyə "xüsusi hərbi əməliyyat" deyir.
Baş Prokurorluq həmçinin universitetin Rusiyada "xarici agent" kimi tanınan xarici media qurumlarını, fiziki şəxsləri və təşkilatları maliyyələşdirdiyini bildirib.
"Eyni zamanda, universitetin işə saldığı media resursu burada ictimai-siyasi vəziyyətlə bağlı xarici agentlərin və arzuolunmaz birliklərin materiallarını sistemləşdirir, beynəlxalq təcrid haqda nəşrlər tirajlanır, Vaşinqtondakı hakimiyyətə ölkəmizə qarşı sanksiya təzyiqini gücləndirməyə çağırışlar səsləndirilir", – qurumun məlumatında deyilir.
Corc Vaşinqton Universiteti 1821-ci ildə qurulmuş özəl tədqiqat universitetidir. Təhsil ocağının nəzdində Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutu fəaliyyət göstərir.