Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Çində istehsal olunan saxta mallar Balkan mağazalarına necə düşür?

Serbiyanın ikinci ən böyük şəhərində çinli sahibkarlara məxsus çoxsaylı mağazalardan birinin rəflərində ağ karton qutuya qablaşdırılmış və üzərində "iPod" yazılmış qulaqlıqlar satılır. Müştərilər ABŞ-nin elektronika nəhəngi "Apple" tərəfindən istehsal olunan məhsul aldıqlarını düşünə bilər. Lakin diqqətli alıcılar bu qulaqlıqların Serbiyada adətən 20 dollara satıldığı halda, 2 dollardan aşağı qiymətə təklif olunmasından əlavə başqa detalların da qəribə olduğunu fərq edə bilər. Qutunun üzərində "Apple Earphone" yazılıb - söz cəmdə deyil, təkdədir. Həmçinin məhsulun "Kalifomiya"da istehsal olunduğu qeyd olunub. "Apple"in yerləşdiyi ştatın adı isə "Kaliforniya"dır.

Bu qulaqlıqlar son illərdə Balkanlara axın edən və məşhur Qərb markalarının adları altında satılan Çin istehsalı malların bir parçasıdır.

Balkan regionuna satılmaq üçün göndərilən və Qərb məhsulları kimi təqdim edilən Çin istehsalı saxta malların ümumi həcmi barədə dəqiq məlumat yoxdur. Bu məhsullara təkcə saxta "Apple" elektronikası deyil, həm də "Nike", "Tommy Hilfiger", "Adidas", "Hugo Boss", "Armani", "Gucci" və "Louis Vuitton" kimi qlobal brendlərin adı altında satılan ayaqqabılar, geyimlər və digər məhsullar daxildir. Gömrük məlumatları göstərir ki, bu rəqəm hər il, azı, yüz minlərlə ədəddir.

AzadlıqRadiosunun Balkan xidməti bu məhsulların region ölkələrinin mağazalarına çatdırılması üçün ən azı bir marşrutu müəyyən edib.

Son vaxtlara qədər idxal-ixrac biznesində fəal olan Serbiyada yaşayan çinli işadamı bildirib ki, Serbiyaya gələn bu malların təxminən 85 faizi Çinin şərq sahilindəki Ninbo limanından göndərilir.

Adının açıqlanmasını istəməyən işadamı deyib ki, bir konteynerdə 2 minə qədər məhsul daşına bilər və bu, hər bir məhsula nəzarəti çətinləşdirir. "Gömrük orqanları hər konteyneri və hər məhsulu yoxlaya bilməz", – o qeyd edib.

O əlavə edib ki, bu saxta əşyaların topdansatışı adətən nağd pulla, bir-birini tanıyan və uzunmüddətli işgüzar əlaqələri olan tərəflər arasında həyata keçirilir. İşadamının sözlərinə görə, mallar Çinin Ninbo limanından İtaliyanın Coya-Tauro limanına göndərilir. Oradan isə saxta məhsullar daha kiçik gəmilərlə Xorvatiyanın Riyeka, Monteneqronun Bar və Sloveniyanın Kopar limanlarına daşınır.

Serbiya Gömrük Xidmətindən AzadlıqRadiosuna bildirilib ki, Sloveniya, Xorvatiya və ya Monteneqroya çatdıqdan sonra saxta mallar avtomobil və dəmiryol ilə Serbiyaya daşınır. Qurumun bildirdiyinə görə, təkcə keçən il əqli mülkiyyət hüquqlarının pozulması şübhəsi ilə 104 min məhsul müsadirə edilib, onların 61 mindən çoxu – əsasən, tekstil məmulatları – məhv edilib.

Son illərdə çinli mühacirlərə məxsus mağazaların sayı Balkanlarda göbələk kimi artıb.

Xorvatiya gömrük rəsmiləri AzadlıqRadiosuna deyib ki, onlar hər il əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı təxminən 600 işə baxırlar. Bu hallar, əsasən, Riyeka və Ploçe limanlarında, eləcə də Serbiya ilə sərhəddə yerləşən Bayakovo keçid məntəqəsində qeydə alınır. Onların sözlərinə görə, bu malların təxminən 85 faizi Çindən gəlir və əksəriyyəti saxta Aİ və ABŞ markalarıdır.

Monteneqro Gömrük İdarəsi AzadlıqRadiosuna bildirib ki, Çin bütün növ saxta malların əsas mənşə ölkəsi olaraq qalır. Monteneqro gömrükçüləri keçən il Çin istehsalı 5 min 274 saxta məhsul müsadirə edib, bu, əvvəlki illə müqayisədə 3 min 303 ədəd çoxdur.

Çinlə əlaqələr

Balkanlar Çin üçün strateji baxımdan önəmli hala gəlib. Çin bu regionda böyük infrastruktur layihələrinə sərmayə qoyub və 2024-cü ilin iyulunda Serbiya ilə azad ticarət müqaviləsi imzalayıb.

Balkan ölkələrinin əksəriyyəti Avropa İttifaqının üzvü olmasa da, 2013-cü ildə Pekin tərəfindən başladılan "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulublar. Bu təşəbbüs qlobal infrastrukturun inkişafı ilə bağlı bir strategiyadır. Ancaq bəzi Qərb hökumətləri bu təşəbbüsün Çinə borclanmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

Çinin Serbiyaya ixracı 2018-ci ildən 2023-cü ilə qədər hər il orta hesabla 16.7 faiz artaraq 1,8 milyard dollardan 4 milyard dollara yüksəlib. Bu rəqəm " Observatory of Economic Complexity" onlayn ticarət platformasının son məlumatlarına əsaslanır.

Yerli serb şirkətləri vasitəsilə məhsullarını Balkan bazarına təqdim edən onlarla Çin şirkəti arasında saxta "Apple" qutusunda təqdim olunan qulaqlıqlar istehsal edən "Shenzhen VBO Industrial Co." da var. Şirkət "Apple" brendi altında satılan məhsulları ilə bağlı şərh sorğusuna cavab verməyib.

Şirkətin saytında jurnalistlərin Serbiyada aldığı saxta "Apple" qulaqlıqlarının qiyməti 0.69-0.99 dollar arasında göstərilir və onlar "Apple" etiketi olmayan qutuda satılır. Jurnalistlərin Serbiyadakı mağazada tapdığı qulaqlıqların birbaşa Çin firmasından, yoxsa Serbiyadakı vasitəçilərdən alındığı bəlli deyil.

Bosniya-Herseqovinanın mağazalarını ziyarət edən AzadlıqRadiosunun Balkan xidməti digər saxta ABŞ brendlərini də müşahidə edib. Bunlar arasında 20 dollara satılan "Nike" idman ayaqqabıları və 11 dollara təklif olunan "Tommy Hilfiger" köynəkləri var – bunlar orijinal məhsullardan xeyli ucuzdur.

Belqradda Çinə məxsus bir çox mağazadan biri.

"Az risk, yüksək gəlir"

AzadlıqRadiosunun Balkan xidməti İtaliyanın Balkanlara daşınan saxta Çin malları üçün dayanacaq rolu oynaması iddiası ilə bağlı İtaliyanın maliyyə polisinə sorğu göndərib.

İtaliyalı rəsmilər müvafiq sorğuya 2023-cü ilin oktyabrında mətbuata açıqlama ilə cavab veriblər. Həmin açıqlamada İtaliya və Çindən mütəşəkkil cinayətkarların birgə iştirakı ilə saxta malların "qanunsuz yığılması xətti" təsvir edilib. Açıqlamaya görə, bu saxta malların bəzilərinə Çindən gəldikdən sonra saxta etiketlər və qablaşdırma əlavə edilir.

İtaliya maliyyə polisi ölkənin Kalabriya əyalətindəki Coya-Tauro limanı ilə bağlı konkret suallara cavab verməyib. Serbiyada yaşayan çinli işadamı bu limanı Çindən Balkan regionuna gələn saxta mallar üçün əsas dayanacaq adlandırmışdı. Lakin Coya-Tauronun məşhur "Ndranqeta" italyan cinayət sindikatı ilə əlaqəli olduğu iddia edilir və liman narkotik ticarəti mərkəzi kimi tanınır. İtaliya hökuməti 2022 və 2024-cü illərdə Coya-Tauro vasitəsilə Avropaya yüz milyonlarla avro dəyərində kokain keçirməkdə şübhəli bilinən "Ndranqeta" ilə əlaqəli cinayət şəbəkələrini aşkarladığını bildirib. Qaçaqmalçılığa korrupsiyalaşmış liman işçilərinin də cəlb olunduğu bildirilir.

"Əslində, Coya-Tauro ikili reallıqda fəaliyyət göstərir: nəzəri cəhətdən hər kəsin ticarət edə biləcəyi, lakin qeyri-qanuni mallara giriş qaydalarının "Ndranqeta" tərəfindən diktə olunduğu əsas ticarət mərkəzidir", - İsveçrədə yerləşən "Qlobal Təşəbbüs" qeyri-hökumət təşkilatının baş analitiki Rucero Sketurro AzadlıqRadiosuna bildirib. O, Balkan regionunun Asiya, Yaxın Şərq və Avropa İttifaqı arasında hərəkət edən mallar üçün təbii bir qapı rolunu oynadığını və hələ də əsas paylama məntəqəsi olduğunu vurğulayıb.

"Cazibədarlığı göz önündədir: narkotik vasitələrin qanunsuz dövriyyəsi ciddi hüquqi nəticələr doğurduğu halda, saxta malların qaçaqmalçılığı nisbətən az riskli, yüksəkgəlirli biznes olaraq qalır və onu bu qruplar üçün gəlirli ikinci biznesə çevirir", - Sketurro bildirib.

Yazı araşdırmaçı jurnalist Maya Zivanoviç, AzadlıqRadiosunun Balkan xidmətinin müxbirləri Miloş Katiç və Milorad Miloyeviç tərəfindən hazırlanıb