Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Cəhənnəm qapısı" bağlanır

Paytaxt Aşqabadda keçirilən “Türkmənistanın nefti və təbii qazı” adlı beynəlxalq investisiya forumunda Darvaza qaz kraterinin bağlanması gündəmə gətirilib.

Türkmənistan Təbii Qaz Elmi-Tədqiqatlar İnstitutunun direktoru Bayrammirat Pirniyazov forumda çıxışı zamanı kraterin türkmən alimləri tərəfindən araşdırıldığını deyib.

Pirniyazov bildirib ki, Darvaza qaz krateri 50 ilə yaxındır yanır.

O, darvaza bölgəsində böyük həcmdə təbii qazın yandığını, bunun da ekologiyaya zərər verdiyini və buna görə də bağlanacağını bildirib.

Forumda qaz kraterinin bağlanması üçün xaricdən gələn təkliflərin də dəyərləndirildiyi bildirilib. Müvafiq olaraq, Belarus və Sloveniya alimləri layihədə iştirak etmək təkliflərini Türkmənistana çatdırıblar.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odile Renaud-Basso atmosferə zərərli emissiyaların azaldılması və Darvaza bölgəsindəki kraterdə təbii qaz sızmasının dayandırılmasına kömək etmək üçün Türkmənistanla əməkdaşlığa hazır olduqlarını açıqlayıb.

Türkmənistanda “Cəhənnəmin qapısı” adlandırılan qaz krateri Aşqabaddan 270 kilometr aralıda, Axal vilayətində və Qaraqum səhrasının mərkəzində yerləşir.

Darvaza qaz krateri 1970-ci illərdə Sovet İttifaqı dövründə aparılan qazıntılar zamanı əmələ gəlib. Torpağın çökməsi nəticəsində yaranan kraterdən çıxan qaz ətraf mühitə və yaşayış sahəsinə ziyan vurduğu üçün yandırılıb. Eni 60 metr, dərinliyi 20 metr olan krater 50 ilə yaxındır ki, içindən çıxan təbii qazdan yanır.

Darvaza qaz kraterindən 5-7 kilometr aralıda biri su ilə dolu olan daha 2 krater var.