Buçadakı uşaq düşərgəsində mülki şəxsləri kim güllələyib? - REPORTAJ
02 İyun 2022
Martın sonunda Ukrayna hərbçiləri Rusiya qoşunlarını Kiyev ətrafından vurub çıxarandan sonra Buçada mindən çox dinc sakinin tələsik şəkildə, əsasən dayaz qəbirlərdə basdırılmış cəsədləri tapılıb. BBC təxminən 650 nəfərin öldürüldüyünü müəyyən edib - yüksək rütbəli polis məmurunun sözlərinə görə, onları güllələyiblər. BBC-nin müxbiri Sarah Rainsford cinayət yerinə çevrilmiş yay uşaq düşərgəsində baş verənləri araşdırıb.
Xəbərdarlıq: Bu reportajda şokedici məqamlar var.
Qətllərin baş verdiyi o yeri qaranlıqda dərhal tapmaq çətindir. Müharibədən əvvəl Buçada istirahət yeri kimi məşhur olmuş meşənin kənarındakı soyuq, nəm zirzəmidə beş ukraynalını başlarına silah dayayaraq güllələyiblər.
Zirzəmiyə girişin sağ tərəfində üstü qanlı daşlar və güllədən deşilmiş və kənarlarına qan hopmuş mavi rəngli yun papaq var. Mən zirzəminin divarında ən azı on güllə yeri saydım.
Bir neçə addım kənarda Rusiya ordusuna aid hərbi yeməyin qalıqları görünür: içində mal əti və düyü sıyığı olan banka və boş suxari paketi. Divardakı qraffit buranın uşaq düşərgəsi olduğunu xatırladır. Amma martın əvvəlində Rusiya qoşunları paytaxtdan çox da uzaq olmayan Buçaya girəndən sonra “Promenistiy” düşərgəsi qətl yerinə çevrilib.
Yay düşərgəsindəki qətllərin tarixçəsi insanın qanını dondurur. Ancaq məsələnin eyni dərəcədə qorxulu olan başqa tərəfi də var: Rusiya ordusunun işğal etdiyi Buçada təqribən bir ay ərzində mindən çox dinc sakin həlak olub – onların çoxu qəlpələrdən və ya artilleriya atəşindən yox, gülləylə vurulub. Yüksək rütbəli yerli polis məmurunun sözlərinə görə, Rusiya hərbçiləri 650-dən çox insan öldürüblər.
İndi Ukrayna onların qatillərini axtarır.
Vladimir Boyçenko Buçadan iki kilometr aralıda - Rusiya qoşunlarının ilk bölüklərinin endiyi aerodromdan çox da uzaq olmayan Qostomeldə yaşayıb. Onun bacısı Alyona isə Mikityuk döyüşlərin şəhərə çatmasını gözləmədən ölkənin qərbinə qaçıb və Vladimirə yalvarıb ki, o da Qostomeldən çıxsın.
Vladimir mülki şəxsiydi, orduyla heç bir əlaqəsi yoxuydu, amma qalıb Ukrayna hərbçilərinə kömək etmək istəyirdi. O, Rusiya aviasiyasının davamlı hava zərbələri və artilleriya atəşi ucbatından zirzəmilərdən çıxa bilməyən qonşularına və onların uşaqlarına yemək və su gətirmək üçün günlərlə Qostomeli ələk-vələk etmişdi.
Ticarət donanmasının dənziçisi kimi dünyanı dolaşmış 34 yaşlı Vladimir, demək olar ki, hər gün Qostemeldən ailəsinə zəng edib vəziyyətinin yaxşı olduğunu deyib. Alyona onun zənglərini həyəcanla gözləyib, çünki qardaşı ancaq hansısa hündürlüyə çıxmaqla şəbəkəyə qoşula bilirdi, güclü atəş zamanısa sığınacaqdan çıxmaq mümkün olmurdu.
Ərzaq ehtiyatları tükənəndə o, Viktoru təkrar dilə tutub ki, şəhəri tərk etsin, amma artıq yollar bağlanmışdı.
Alyona qardaşıyla sonuncu dəfə martın 8-də danışıb. Həmin gün Vladimir ona “Məndən narahat olma” deyib.
“Sonra “Səni çox sevirəm” dedi. Bunu eşitmək o qədər ağırıydı ki... Səsində qorxu vardı”,- qadın bunları deyəndə artıq göz yaşlarını saxlaya bilmir.
Dörd gün sonra Vladimiri “Promenistiy” düşərgəsinin yaxınlığında görüblər. Sonra o, yoxa çıxıb.
Mart ayında Kiyev ətrafında şiddətli döyüşlər gedib, kiçik Buça şəhəri bu döyüşlərin episentrində qalıb. Rusiya qoşunları aprelin əvvəllərində şəhəri tərk edəndən sonra dünyanı dəhşətə gətirən mənzərə ortaya çıxıb: küçələrdə dinc sakinlərin cəsədləri vardı.
Rusiya israrla qətllərin səhnələşdirildiyini iddia edir ki, amma bu, uydurulmuş və çirkin bir yalandır. Ukrayna müstəntiqləri hərbçiləri cinayət məsuliyyətinə cəlb etməyə hazırlaşırlar və yenidən Ukraynanın nəzarətinə keçmiş ərazidə cinayətlərlə bağlı sübutlar toplayırlar.
“Maksimum sürətlə işləməyi qərara almışıq... hər şeyi sənədləşdirmək üçün. Çünki sabah Putinin başında hansı fikirlər olacağını başa düşə bilmirik... Sübutlar bazasını məhv etmək üçün ora raketlər tullamaq istəyərmi?” - Kiyev vilayət polisinin rəisi Andrey Nebıtov belə deyir.
Bu dəlillər Buça kənarındakı çöllüyə yığılmış, kuzovlarında çoxsaylı güllə yerləri olan, yerli sakinlər şəhərdən qaçmağa çalışarkən vurulmuş avtomobillərdir. Hələ də maşınlardan birininin pəncərəsində ağ bir parça asılıb qalıb - bu, maşında mülki şəxslərin olduğunu bildirən işarədir. Ora yaxınlaşanda ölümün ürəkbulandıran iyini hiss edirsən.
Aprelin 4-də “Promenistiy” düşərgəsindəki ikinci binanın zirzəmisində cəsədlər aşkar edilib və onlardan biri Vladimir Boyçenkoya aid olub. O vaxta qədər Alyona həftələrlə müxtəlif xəstəxanalara və morqlara zəng edib qardaşını axtarmışdı. Həmin gün identifikasiya üçün cəsədin şəkli göndəriləndə qadın hələ şəkil yüklənməmiş onun qardaşına aid olduğunu bilib.
“Mən onlara nifrət edirəm, hamısına nifrət edirəm, bütün hüceyrələrimlə. Bilirəm ki, belə olmaz. İnsanlar haqqında belə danışmaq olmaz. Amma onlar insan deyillər. Onlar insanlara zülm ediblər. Bütün o gənclərə də. Onların bədənində salamat yer yoxuydu. Hətta heyvanlar da belə etmirlər. İnsanı necə belə vəhşicəsinə həyatdan məhrum etmək olar axı?”
Zirzəmidəki 5 kişi cəsədi dizləri üstə, başları önə əyilmiş, əlləri arxadan bağlanmış şəkildə tapılıb.
“Biz onlara işgəncə verildiyini bilirik. Rusiya Federasiyasının ordusu müharibənin adət və qaydalarını pozub; onlar hərbçilərlə vuruşmayıblar, yerli sakinləri oğurlayıblar, işgəncə veriblər”, – vilayət polisinin rəisi BBC-yə deyib.
Davam edən təhqiqatların təfərrüatları barədə nə prokurorluq, nə də Ukrayna Təhlükəsizlik Xidməti məlumat verir, amma Rusiyanın bəzi hərbçiləri izləri o qədər etinasızlıqla silirlər ki, çox güman, müstəntiqlər ciddi sübutlar toplaya biləcəklər. Tərk edilmiş mövqelərin bəzilərində Ukrayna ərazi müdafiə bölmələri hətta əsgərlərin adları yazılmış siyahılar belə tapıblar. Həmin siyahılardan biri zibiltoplama üzrə növbətçilik cədvəlidir, digərində hərbçilərin pasport məlumatları və mobil telefon nömrələri var.
İşin həcmi çox böyük olduğundan (bu günə qədər 11 000-dən çox potensial müharibə cinayəti qeydə alınıb), Ukraynanın təhlükəsizlik xidmətləri kömək üçün rəqəmsal texnologiyanı bilən mülki şəxslərə müraciət ediblər.
“Mən üzərimdə müəyyən borc hiss edirəm. Başa düşürəm ki, bu, çox çətin olacaq və bəzi cinayətlərin üstünü açmaq mümkün olmayacaq. Amma bu həftələrdə mümkün qədər çox informasiya tapmaq vacibdir”, – “slidstvo.info” nəşrinin jurnalisti Dmitri Replyançuk belə deyir. O, müharibədən əvvəl Ukrayna hüquq-mühafizə orqanlarındakı korrupsiyanı ifşa etməklə məşğul olub. İndi isə müharibə cinayətləri törətməkdə şübhəli bilinənləri tapmağa kömək edəcək əlavə məlumatlar üçün prokurorluqla birlikdə interneti araşdırır.
Dmitri deyir ki, “Biz “Promenistiy”dəki zibil yığınından potensial bir ipucu tapdıq – hansısa Kseniyanın rusiyalı əsgərə göndərdiyi bağlamada onun adı və hərbi hissəsi aydın şəkildə qeyd edilmişdi. 6720 nömrəli bölük Altay diyarında, Rubtsovskda yerləşir. Bu hərbi hissəni əvvəl də Buçayla əlaqələndirmişdilər - Belarusdakı müşahidə kameraları həmin bölüyün əsgərlərinin Ukraynadakı evlərdən qarət etdikləri mallarla dolu nəhəng bağlamaları qohumlarına göndərdiyini qeydə almışdılar”.
“Biz Rubtsovskadan gəlmiş əsgərlərin uşaq düşərgəsində olub-olmadıqlarını və ya təxmin edilən qətllər zamanı orada olub-olmadıqlarını dəqiq deyə bilmərik. Polis ilk növbədə ölümün daha dəqiq vaxtını təyin etməlidir”.
Nebıtov bu istiqamətdə işlədiklərini bildirir: “Vaxt alan işdir. Qərargah bu düşərgədə yerləşdiyi üçün orda komandirlər olmalıydı. Qətllərin onlardan xəbərsiz törədilməsi mümkün deyildi. Sözsüz ki, onlar prosesin təşkilatçıları olacaqlar və sonra biz artıq icraçıları axtaracağıq”.
“Promensitiy”lə üzbəüz olan, üstünü qəlpələr dağıtmış kilsənin arxasındakı Buça yavaş-yavaş həyata qayıtmağa başlayır. Uşaqlar həyətdə qaçışır, kişilər partlayış dalğasının çıxardığı pəncərələri düzəldir. Kiçik yerli mağaza yenidən fəaliyyətə başlayıb.
Qonşular Rusiya tanklarının şəhərə girdiyi; rusiyalı hərbçilərin havaya güllə atdığı və sərxoş vəziyyətdə küçələrdə dolaşaraq evlərə soxulub qarətlə məşğul olduqları günləri xatırlayırlar. Bu adamlar yay düşərgəsindən qaçıb onların çoxmənzilli binasına sığınmış və riskli olmasına rəğmən qoruduqları şəxsi də unutmayıblar.
Viktor Sıtnitski əvvəllər “Promenistiy” düşərgəsi haqqında heç nə eşitməyib, amma onun dediyi bütün detallar üst-üstə düşür. İndi Viktor Ukraynanın qərbindədir. Anasını əsəbləşdirməmək üçün mənə maşından zəng edərək özü haqqında danışır.
Rusiyalı əsgərlər martın əvvəlində Viktoru elə küçədəcə yaxalayıblar, əl-qolunu bağlayıb papağını gözlərinin üstünə çəkiblər, sonra sürüyüb uşaq düşərgəsinin ərazisində yerləşən zirzəmiyə aparıblar.
Orda Viktorun ayaqlarına su tökərək başına silah dirəyiblər.
“Elə hey soruşurdular: faşistlər hardadırlar? Ordu hardadır? Zelenski hardadır? Onlardan biri Putinin adını çəkəndə mən kobud ifadə işlətdim, buna görə o məni vurdu”.
Sıtnitski həmin anlarda həm böyük qəzəb hiss etdiyini, həm də dəhşət içində olduğunu deyir. Əvvəllər Viktor Moskvadakı tikintilərdən birində Sibirdən olan gənclərlə birlikdə çalışıb və indi aralarında bir sibirlinin də olduğu rusiyalıların bu cür qəddar davranması onu dəhşətə gətirib.
Viktor sibirli əsgərə işin bu yerə gəlib çatmasının onu çox incitdiyini bildirib.
Həmin əsgərsə qəzəblə ona belə cavab verib:
“Bizim babalarımız birlikdə faşistlərə qarşı vuruşublar, amma indi faşist sizsiz – əsas incidən şey budur. Gördüklərini xatırlamaq üçün səhərə qədər vaxtın var. Heç nə deməsən, güllənəcəksən”.
O gecə Viktorun bəxti gətirib. Güclü atışma düşüb və ona artıq heç kimin nəzrət etmədiyini başa düşən Sıtnitski ordan qaça bilib.
“Fikirləşdim ki, minalanmış yerlərdə ölməmək şansım o zirzəmidə sağ qalmaq imkanından daha çoxdur. Onalr artıq mənim başıma silah dirəmişdilər. Tətiyi basmalarına nə mane olacaqdı ki? Onlar üçün risk problemi yox idi, risk edən təkcə məniydim”.
Vladimir Boyçenkonun cəsədini Buçanın köhnə qəbirstanlığında, ənənlərə uyğun şəkildə dəfn ediblər. Alyona deyir ki, ancaq bundan sonra qardaşını yenidən yuxuda görüb: sanki Vladimir onu sakitləşdirirmiş.
Amma Alyonanın sualları bitməyib. Vladimirin məzarının üstündəki xaçın üzərində ancaq doğum tarixi yazılıb, çünki ailəsi onun nə vaxt güllələndiyini bilmir.
“Promenistiy”də yerləşmiş hərbi hissənin komandirini tapmaq mümkün olmasa, onlar bunu heç vaxt bilməyəcəklər.
Amma bütün Buça artıq bilir ki, bu müharibədə mülki insanlar sadəcə təsadüfən həlak olmurlar. Onları müharibə qaydalarını bilməyən, ya da bilən, amma əməl etməyən rusiyalı əsgərlər güllələyir.
Daria Sipigina, Mariana Matveyçuk və Tony Brown bu yazıya tövhə veriblər.