Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Bu işin sonun qədər gedəcəyəm...” - Məşqçi tərəfindən öldürülən 7 yaşlı Fəridin atası - FOTO

"Fəridin döyülməsiylə bağlı videonu dünən gördüm. Həqiqətən də, dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı, uşağıma əl qaldırsın..."

Bunu açıqlamasında 7 yaşlı Fərid Bakarovun atası Eyvaz Bakarov deyib.



O, açıqlamasında bəzi detalları qeyd edib:"Mehman istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və onun adını qaldırsın. 3-4 ay olardı ki, onunla məşğul olurdu. Əvvəllər onların videolarını görmüşdüm və hər şey normal idi. Bu videonu gördükdə dəhşətə gəldim. 7 yaşlı uşağın nə canı var?! Əgər narazıydısa, deyərdi ki, gətirməyin. Uşağım bir gün sonra yarışa çıxmalı idi. Hadisə baş verən gün anası da orada olub, mən işdə olmuşam. Məşq zalında səs-küy olub, anası səs-küyü eşidib iki dəfə içəri keçib. Amma məşqçi az qalıb ki, anasına da əl qaldırsın. Deyib ki, "qız kimi böyütmə". Məşqdən sonra Fərid çox halsız olub. Hətta uşaq altını isladıb".

Fəridin atası video ilə bağlı da bəzi faktları da qeyd edib: "Video təmiz çəkilməyib, amma 99 faiz həmin zaldır. Ziyadla Fərid eyni köynəkdə olanlardır. Orada vəhşicəsinə Fəridin və digər uşağın saçından tutub qaldırıb və dəfələrlə zərbələr endirib. Bu, insanlıq deyil, heyvanlıqdır, vəhşilikdir! Ondan qabaq da uşaq döyülmüşdü, çünki uşağı ora gətirəndə halsız idi. Mən axıra qədər bu işin arxasınca gedəcəyəm. Fikirləşməsinlər ki, azad olub çıxacaq. Ona ən ağır cəzanın verilməsini istəyirəm. Əlaqədar qurumlardan, hüquq-mühafizə orqanlarından mənə köməklik göstərilməsini xahiş edirəm".

Qeyd edək ki, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. (News24.az)