Britaniyadan gələn “M270” sistemləri Müharibə necə dəyişəcək?
09 İyun 2022
Rusiyayla münasibətlərinin pisləşməsi təhlükəsinə baxmayaraq ABŞ-ın ardınca Britaniya da Ukraynaya uzaqmənzilli artilleriya göndərəcək. Britaniyanın müdafiə naziri Ben Wallace-ın sözlərinə görə, “M270” reaktiv yaylım atəş sistemi Ukraynaya Rusiyanın təcavüzündən daha yaxşı müdafiə olunmağa kömək edəcək.
Rəsmilər Ukraynaya neçə ədəd sistem göndərəlicəyini açıqlamayıblar, amma BBC-nin əldə etdiyi məlumata görə, söhbət üç vahiddən gedir.
Qərb hərbi ekspertləri Rusiya ordusunun Donbasdakı bəzi uğurlarını, o cümlədən, Severodonetsk şəhərinin bir hissəsini ələ keçirməsini onun məhz ağır texnika və artilleriya baxımından üstünlüyü ilə əlaqələndirirlər. Ukrayna ordusu ümid edir ki, Qərbdən göndəriləcək MLRS-lər bu müharibədəki yaxın döyüşlərdə nisbətən zəif olan Rusiya qoşunlarına qarşı daha effektiv mübarizə aparmağa kömək edəcək.
Ötən həftə ABŞ Ukraynaya raket sistemləri verdiyini açıqlamışdı.
Vaşinqtonun bu ölkəyə “M142” Mobil Artilleriya Raket Sistemləri (HIMARS) göndərmək qərarı artıq Moskvanın əks reaksiyasına səbəb olub: bazar günü Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli artilleriya silahları versələr, Rusiya ordusunun zərbə hədəfləri siyahısını genişləndirəcək.
Johnson hökuməti isə yaxın həftələrdə Ukrayna hərbçilərinin yeni silahların istifadəsiylə bağlı Britaniyada təlim keçəcəklərini bəyan edib.
“M270” çoxatışlı raket sistemi bir dəqiqə ərzində 12 yer-yer raketi atır və 80 km radiusdakı hədəfləri yüksək dəqiqliklə vura bilir. Bu, hazırda Ukrayna ordusundakı artilleriyanın atış məsafəsindən xeyli çoxdur.
Wallace-ın sözlərinə görə, Britaniya Ukrayna qoşunlarının “həyati dərəcədə vacib silahlarla” təmin edilməsində aparıcı rol oynayır:
"Rusiyanın taktikası dəyişdikcə, Ukraynaya köməyimiz də dəyişməlidir. Bu yüksək effektli çoxatışlı raket sistemləri ukraynalı dostlarımıza imkan verəcək ki, Putin qüvvələrinin şəhərləri dağıtmaq üçün ağına-bozuna baxmadan istifadə etdiyi uzaqmənzilli artilleriyadan daha yaxşı müdafiə olunsunlar".
BBC-nin hərbi məsələlər üzrə müxbiri Jonathan Beale deyir ki, Britaniya və Birləşmiş Ştatlar Ukraynaya əhəmiyyətli miqdarda silah verirlər, amma yeni nəsil uzaqmənzilli raketlərin gömdərilməsi ciddi irəliləyişdir. Bu həm də onun etirafıdır ki, hələ ki Ukrayna Rusiyanın böyük artilleriya arsenalıyla rəqabət apara bilmir.
Quru döyüşləri üzrə ekspert, britaniyalı Jack Watling-in fikrincə, ABŞ və Britaniyanın Ukraynaya yeni nəsil uzaqmənzilli çoxatışlı raket sistemləri göndərmək öhdəliyi cəbhədəki vəziyyəti dəyişə bilər, amma bir gecədə yox.
Müdafiə və təhlükəsizlik araşdırmaları üzrə Kraliyyət Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) əməkdaşı Jack Watling BBC radiosuna bildirib ki, Ukraynaya göndəriləcək “M270” reaktiv yaylım atəşi sistemləri “Britaniya ordusunun ən qiymətli aktividir”.
Onun fikrincə, bu sistemlər Ukraynanın şərqində Rusiya artilleriyasını sıradan çıxara bilər. Amma ukraynalılara onlardan istifadə qaydasını öyrətmək lazımdır, Britaniyanın verə biləcəyi qurğuların sayı elə də çox deyil.
Qərb uzaqmənzilli sistemlər göndərəcəyi təqdirdə hədəflər siyahısını genişləndirəcəyilə bağlı Putinin hədəsinə gəlincə, Watling deyir ki, bu, "kifayət qədər mürəkkəb məsələdir", çünki onsuz da Moskva Ukrayna iqtisadiyyatı üçün vacib olan hədəfləri və hərbi mövqelərini vurur.
BBC-nin hazırda Kiyevdə olan müxbiri Joe Inwood qeyd edir ki, Donbas uğrunda döyüşdə həm də artilleriya qələbə qazandıra bilər.
"Rusiya həmin döyüşdə istifadə edə biləcəyi üstün atəş gücünə malikdir. Amma sistemsizlik problemi var. Doğrudur, Britaniyanın göndərdiyi yeni raket sistemləri Ukraynaya Rusiyanın böyük silahları və raketləriylə dağıdıcı gücdə rəqabət aparmaq fürsəti yaratmaya bilər, amma həmin silahlara dəqiq atəşlə cavab vermək və nəticədə onları zəiflətmək imkanı verəcək" – Inwood belə deyir.
O, bir neçə gün əvvəl Severodonetskin süqutunun qaçılmaz göründüyünü xatırladır. Amma indi ukraynalılar əks-hücuma keçiblər və artıq ən asan hədəflərə nail olmaq belə Rusiya ordusuna böyük çətinliklə başa gələcək.
Keçən həftə Vaşinqton bəyan etmişdi ki, Rusiya ərazisindəki hədəflərin vurulmayacağına dair zəmanət alandan sonra Ukraynaya dörd HIMARS reaktiv yaylım atəşi sistemi verəcək. Bu şərt Britaniyanın “M270” sistemlərinə də aiddir.
“Ümumiyyətlə, əlavə silah tədarüküylə bağlı bütün bu hay-küy, fikrimcə, yalnız bir məqsəd daşıyır - silahlı münaqişəni mümkün qədər uzatmaq” - bazar günü “Rossiya-1” telekanalına müsahibəsində Putin belə deyib.
O əlavə edib ki, əgər Ukraynaya daha uzaq mənzilli raketlər verilsə, Rusiya buna uyğun nəticələr çıxaracaq və “hələ vurmadığımız obyektlərə” zərbə endirəcək.
Həmin gün rus qoşunları həftələr sonra Kiyevi yenidən atəşə tutub. Martın sonunda Rusiya ordusu Ukrayna paytaxtını ələ keçirmək cəhdindən əl çəkərək hərbi səylərini Donbasda cəmləşdirmişdi.
Böyük Britaniya və ABŞ Rusiyanın fevral ayında başlamış hücumundan sonra Ukraynaya silah verən əsas ölkələrdəndir.
Artıq Britaniya tank əleyhinə 5000-dən çox yeni nəsil yüngül NLAW silahı göndərib. Analitiklərin fikrincə, müharibə başlayandan bəri Rusiyanın quru hücumlarının dəf edilməsində bu silah mühüm rol oynayıb.
Kiyev Britaniyadan həmçinin qısamənzilli “Brimstone 1” raketlərini, “Mastiff” zirehli maşınlarını və hava hücumundan müdafiə (HHM) üçün “Starstreak” raket sistemlərini alıb. Britaniya hökumətinin məlumatına görə, indiyəqədərki yardımın ümumi məbləği 750 milyon funt sterlinq təşkil edir.
Bir neçə başqa ölkə də Ukraynanı müasir silahlarla təmin etməyə söz verib. Məsələn, Almaniya özünün ən qabaqcıl HHM silahı olan “İris-T” sistemini göndərməyə hazırlaşır.
Britaniya Ukraynaya daha hansı silahları göndərib?
Tank əleyhinə silahlar
Britaniya Ukraynaya tank əleyhinə 5000-dən çox yeni nəsil NLAW ATGM silahı göndərib.
Onun əsas təyinatı zirehli texnikanı qısa məsafədən və bir atəşlə məhv etməkdir.
Bu sistemlərin daşınmasının və istifadəsinin asan olması təcili silah tədarükünə təcili ehtiyacı olan Ukrayna Silahlı Qüvvələri üçün vacib faktordur. NLAW-dan istifadə qaydasını bir əsgərə bir gündən də az müddətdə öyrətmək mümkündür.
Analitiklərin çoxu hesab edir ki, bu sistemlər artıq münaqişənin gedişatına təsir göstərib.
Qısamənzilli raketlər
Britaniya müdafiə nazirinin müavini James Heappey aprelin 28-də Ukraynaya yüzlərlə “Brimstone” raketinin göndərildiyini təsdiqləyib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti kapitan Chris Carlson-un sözlərinə görə, bu raket tanklara, artilleriyaya və desant gəmisi kimi nisbətən kiçik gəmilərə qarşı istifadə edilə bilər.
“Brimstone”, adətən, təyyarələrdən atılır, amma Ukraynada onu modifikasiya edərək yük maşınlarından atılacaq vəziyyətə gətirirlər.
Bu raket böyük gəmiləri batıracaq gücdə deyil, amma onlara əhəmiyyətli dərəcədə ziyan vura bilər.
Zirehli transportyorlar
Britaniya Ukraynaya 120 zirehli maşın, o cümlədən, “Mastiff” patrul maşınları verib.
“Mastiff”lər Britaniyanın Əfqanıstandakı döyüşçüləri arasında çox populyar olub, çünki bu maşınlar minalardan və əldəqayırma partlayıcı qurğulardan yüksək səviyyədə qorunmanı təmin edir.
Analitiklər bildirirlər ki, bir çox ərazilərin minalandığı Donbasda “Mastiff” xüsusilə faydalı ola bilər. Həm Rusiya, həm də Ukrayna düşmənin nəqliyyat vasitələrini onların tank əleyhinə silahlarla məhv edilə biləcəyi ərazilərə yönləndirmək üçün piyada əleyhinə minalardan geniş istifadə ediblər.
Dronlar
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, təcrid vəziyyətində olan qüvvələrə maddi-texniki dəstək vermək üçün Ukraynaya onlarla ağır pilotsuz uçuş aparatı (PUA) verilib.
Analitiklərin fikrincə, pilotsuz təyyarələr cəbhə bölgələrini ehtiyatlarla təchiz etmək məsələsində çox effektiv ola bilərlər, xüsusilə də Rusiya artilleriyasının atəşinə tuş gəlmək təhlükəsi və mühasirəyə düşmək riski şəraitində.
Rusiya indiyə kimi Ukraynanın şərqindəki böyük ordu birləşmələrini mühasirəyə ala bilməsə də, bəzi ərazilərdə adavamlı rtilleriya atəşi təhlükəsi var.
Hava hücumundan müdafiə sistemləri
Britaniya Ukraynaya beş HHM sistemi, o cümlədən, “Starstreak” raketləri verdiyini bildirir.
Bu sistemlər nisbətən aşağıdan uçan qırıcıları və helikopterləri vurmaq üçün nəzərdə tutulub.
Əksər HHM raketlərindən fərqli olaraq, “Starstreak” bir çox təyyarələrdəki əks tədbirlər üçün faktiki olaraq əlçatmazdır.
Amma o, NLAW kimi sistemlərdən xeyli çox hazırlıq tələb edir və analitiklərin fikrincə, daha uzaq mənzilli HHM raketlərini əvəz edə bilməz.
Münaqişə başlayandan Britaniya Ukraynaya həm də bunları göndərib:
• tank əleyhinə 200-dən çox “Javelin” raketi;
• 1360 ədəd antistruktur mərmisi;
• 4,5 ton plastik partlayıcı;
• atıcı silahlar üçün 400 mindən çox patron;
• 200 mindən çox qoruyucu vasitə; o cümlədən, dəbilqələr, zirehlər, məsafəölçənlər və tibbi avadanlıqlar;
• elektron mübarizə vasitələri;
• batareya əleyhinə radarlar;
• GPS dəyişdirmə avadanlıqları;
• minlərlə gecəgörmə cihazı.
Müharibə cinayətlərinin araşdırılmasına dəstək
Britaniyanın Baş prokuroru Dominic Raab bazar ertəsi bəyan edib ki, ölkəsi Rusiyanın Ukraynada törətdiyi iddia olunan hərbi cinayətlərinin araşdırılmasına kömək üçün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) britaniyalı ekspertlərin - hüquqşünasların və polislərin yardımını təklif edəcək.
Onların arasında hazırda Londonun Metropoliten Polisinin hazırda Haaqa Beynəlxalq Cinayət Məhkəməsində çalışan əməkdaşı da var. O, BCM-in Baş prokuroru Kərim Xana Britaniya polisi və ordusunun təcrübəsiylə daha yaxından tanış olmaq imkanı yarada bilər.
Bundan başqa, rəsmi London Ukraynada törədilmiş hərbi cinayətlərə dair sübutların tapılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq cinayət hüququ sahəsində təcrübəsi olan yeddi vəkilin köməyini təklif edir.
Artıq BCM araşdırmalara başlayıb. Hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və ya soyqırımı cinayəti törətməkdə şübhəli bilinən Rusiya rəsmiləri də bu işin fiqurantları ola bilərlər.
Bu günə qədər Ukrayna 15 min hərbi cinayət haqqında məlumat verib. Onların arasında ukraynalı qadınların Rusiya hərbçiləri tərəfindən zorlanması faktları da var.
Hələ ki 600-ə yaxın şübhəli şəxs müəyyən edilib, 80 cinayət işi açılıb. May ayında Kiyev məhkəməsi rusiyalı hərbçi Vadim Şişimarini mülki vətəndaşı qətlə yetirməkdə təqsirli bilib və artıq onun haqqında ömürlük həbs cəzası qərarı çıxarıb.