Logo
news content
User
Kateqoriyalar

Xəbər

Borrel: “Avropa İttifaqı Laçın yolundakı vəziyyətə görə Azərbaycana qarşı sanksiya planlaşdırmır”

Avropa İttifaqı Laçın yolunda vəziyyətlə əlaqədar  sanksiyalar mexanizmini nəzərdən keçirmir. Bu barədə Avropa İttifaqı diplomatik blokunun rəhbəri Josep Borrel Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi sorğusuna cavabında bildirib.

"Sanksiyalar ümumavropa xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə çatmaq üçün Avropa İttifaqının mexanizmlərindən biridir və indiki halda onlar nəzərdən keçirilmir. Avropa İttifaqının səyləri  həllin dialoq yolu tapılmasına yönəlib ki, Ermənistan və Azərbaycan liderləri də buna  sadiq olduqlarını bildiriblər”, - Borrel deyib.

Onun sözlərinə görə, 2022-ci ilin dekabrından Avropa İttifaqı Laçın dəhlizindəki prosesləri və onların humanitar nəticələrini diqqətlə izləyir. Borrel hər iki tərəfin xarici işlər nazirlərilə daim əlaqə saxlayır. Bundan əlavə, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəflərlə daimi ünsiyyətdədir.

Borrel əlavə edib ki, Avropa İttifaqı Azərbaycanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dəhliz boyunca sərbəst və təhlükəsiz hərəkəti təmin etmək üçün əlindən gələni etməyə çağırıb.

Yanvarın 23-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ermənistana ikiillik mandatla göndəriləcək yeni mülki missiyanın formalaşmasını təqdir ediblər. Avropa İttifaqının Ermənistandakı uzunmüddətli mülki missiyasına ekspertlər və avropalı müşahidəçilər də daxil olmaqla, təxminən 100 nəfər daxil olacaq. Missiyada məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyə xidmət etmək, yerlərdə inamı möhkəmləndirmək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə Avropa İttifaqının dəstəklədiyi səylərə şərait yaratmaqdır.