Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken: “Hücum istənilən vaxt başlaya bilər...”

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya hücum planlarından daşındığı haqda qənaəti “erkən” adlandırıb. O bəyan edib ki, hücum istənilən vaxt başlaya bilər.

Dövlət Departamentinin saytında dərc edilmiş stenoqrama əsasən Entoni Blinken keçirdiyi brifinqdə bildirib ki, Rusiya prezidenti Vladimir Putin hücuma çox yaxşı hazırlaşıb və Ukraynaya qarşı yeni təcavüzdən onu “cəmi bir addım ayırır”. Blinkenin sözlərinə görə, 130 minlik Rusiya ordusu Ukrayna sərhədləri yaxınlığında qalır və müdaxilə riski olduqca yüksəkdir. Ona görə də hücumun fevralın 16-da başlamaması Putinin planlarından ümumiyyətlə daşınması demək deyil.

“Əgər biz Ukrayna ətrafındakı rayonlarda baş verənlərə nəzər salsaq bu həftə təcavüz aktının başlaması tamamilə mümkündür”, - o deyib.



Rusiya prezidenti Vladimir Putin isə ötən gün Almaniya kansleri Olaf Şolsla Kremldə keçirdiyi görüşündən sonra bəyan edib ki, Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağına dair təminat “dərhal verilməlidir”. Putinin sözlərinə görə, bu təminat Rusiyaya yazılı şəkildə verilməlidir.



“Deyirlər ki, Ukrayna yaxın illərdə NATO-da olmayacaq...Deyirlər ki, bu sabah baş verməyəcək. Bəs nə vaxt baş verəcək? O biri gün? Bəs bu bizim üçün tarixi perspektivdə nəyi dəyişir? Heç nəyi. Ukraynanı NATO-ya üzvlük üçün “hazırlaya” bilərlər. Ona görə də biz bu məsələni dərhal, elə indi həll etmək istəyirik”, - Putin daha əvvəl Qərbə irəli sürdüyü ultimatumu yeniləyib.

Xatırladaq ki, ABŞ və bəzi digər Qərb ölkələri Rusiyanın bu gün fevralın 16-da hücum edəcəyi haqda xəbərdarlıq yaymışdılar. Britaniyanın “The Sun” qəzeti isə hətta hücumun saatını da göstərmişdi - 03:00. Lakin hücum həmin saatda başlamayanda qəzet tarixi dəyişib, hücumun “istənilən vaxt” başlaya biləcəyini göstərib. Nəşr bu məlumatı ABŞ kəşfiyyatına istinad edərək yayıb.