Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken: "Çin seçimini edəcək"

“Çinin sözüylə əməli arasında böyük uçurum var”. ABŞ-ın dövlət katibi Entoni Blinken belə deyib.

Dövlət katibi bildirib ki, Çin hakimiyyəti əvvəl-axır Rusiya ilə Ukrayna arasındakı qarşıdurmada seçim etməli olacaq və Pekinin dünyadakı nüfuzu da bu seçimdən asılıdır.

Blinken xatırladıb ki, Ukraynaya hərbi müdaxilədən bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb, yekunda birgə bəyanat qəbul edilib, bəyanatda iki ölkənin dostluğunun hüdudsuz olduğu vurğulanıb.

ABŞ dövlət katibinin fikrincə, Ukrayna müharibəsi hazırda Çini çətin vəziyyətdə qoyub: “Bu baxımdan düşünürəm ki, fevral ayındakı bəyanatda elan edilən Çin-Rusiya dostluğunun hüdudları indi müəyyən qədər sınağa çəkilməkdədir”.

Çinin daima BMT nizamnaməsinin prinsiplərinə uyğun siyasət yürütməsi barədə iddialarına toxunan Entoni Blinken deyib ki, Vaşinqton Pekinin həmin prinsiplərə əməl edəcəyini gözləyirdi: “Ancaq Pekin buna əməl etmir. İddiası ilə davranışının üst-üstə düşməməsi Çini getdikcə daha pis vəziyyətdə qoyur. Belə davranış onun dünyadakı nüfuzuna təsir göstərir”.

Blinken qeyd edib ki, söhbət ABŞ-ın yanında olmaqdan yox, həqiqətin yanında olmaqdan gedir: “Söhbət ondan gedir ki, Çin ya beynəlxalq münasibətlər sisteminin fundamental prinsiplərini, ya da xaosu, münaqişəni seçməlidir”.

Rusiya Ukraynada müharibəyə başlayandan az sonra Si Cinpin Pekinin sülh əldə edilməsi yolunda konstruktiv rol oynamağa hazır olduğunu bəyan edib. O bildirib ki, bundan ötrü Ukrayna məsələsinin siyasi yolla həllinə şərait yaratmaq lazımdır.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, şəhərlər bombalanır.

Mart ayında rus qoşunları Ukrayna xalqının və ordusunun müqaviməti qarşısında bəzi məntəqələrdən, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkiləndən sonra azad edilmiş yaşayış yerlərində, xüsusilə Buça şəhərində dinc ukraynalıların kütləvi surətdə qətlə yetirildiyi bəlli olub, kütləvi məzarlıqlar aşkar edilib.