Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken 10 dəqiqəlik ayaqüstü söhbətdə Lavrova deyib ki...

Böyük iyirmiliyə (G20) daxil ölkələrin xarici işlər nazirləri Hindistanın Nyu Delhi şəhərində keçirilən görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə vahid yanaşma nümayiş etdirə bilməyiblər və bu səbəbdən bu məsələ barədə heç bir bəyannamə qəbul edilməyib.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib ki, Ukrayna münaqişəsinə münasibətdə ölkələrin mövqelərində “fərqlər və barışmaz fikir ayrılıqları” var.

ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bu tədbirdə heç bir görüş nəzərdə tutulmasa da, onlar hər halda 10 dəqiqəlik söhbət ediblər.

ABŞ rəsmiləri bildiriblər ki, Blinken bu qısa söhbətdə Lavrova üç xatırlatma verib: ABŞ müharibənin bitməsi üçün Ukraynaya lazım olduğu qədər kömək edəcək, Rusiya öz qərarına yenidən baxaraq Yeni START müqaviləsində iştirakını bərpa etməlidir, Rusiya ABŞ vətəndaşı Pol Vilanı (Paul Whelan) azadlığa buraxmalıdır.

Rəsmilər Lavrovun cavabı barədə məlumat verməyiblər.

Rusiya xəbər agentlikləri bildirirlər ki, Lavrov və Blinken ayaqüstü, “yeriyərək” söhbət ediblər.

ABŞ G20 ölkələrini Rusiyanın işğalını pisləməyə çağırırdı


ABŞ-ın dövlət katibi Entoni Blinken (Antony Blinken) deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi “Böyük iyirmilərin” (G20) sammitinə kölgə salıb.

O bunu bir sıra ölkələrin Çinə Moskva ilə münasibətlərindən müharibəyə son qoyulması üçün istifadə etməsinə edilən çağırışlara cavab olaraq deyib.

Gözlənildiyi kimi G20 qrupunun Nyu Delhidə keçirilən sammitində əsas mövzu Ukrayna müharibəsi olub.

Hindistan və dünyanın ən böyük iqtisadiyyatları müharibənin təsirlərini azaltmağın yollarını müzakirə edirlər.

19 ölkədən və Avropa İttifaqından ibarət bu qrup dünya iqtisadiyyatının 85 faizi və dünya əhalisinin üçdə ikisi deməkdir.

Hindistanın baş naziri Narendra Modi sammiti açarkən qrup üzvlərini Ukrayna müharibəsinə görə yaranmış fikir ayrılığını aradan qaldırmağa çağırıb.

Lavrovla bir otaqda


Lakin son 8 ayda ilk dəfə olaraq Rusiya xarici işlər naziri Sergey Lavrovla eyni otaqda olan Blinken dərhal sammitdə hökm sürən atmosferi dəyişməyə çalışıb:

"Təəssüf ki, Rusiyanın Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəsi, mülki hədəflərin bilərəkdən dağıdılması kampaniyası və onun BMT Nizamnaməsinin təməl prinsipləri üzərinə hücumu bu görüşə kölgə salıb”.

G20 ölkələri xarici işlər nazirlərinin martın 2-də keçirilən iclasında Blinken qrup üzvlərini İndoneziyanın Bali şəhərində keçirilmiş bundan əvvəlki sammitin bəyanatını bir daha təsdiqləməyə çağırıb.

Bali sammitində G20 Moskvaya qoşunlarını Ukraynadan çıxarmaq çağırışı etmişdi.

Blinken deyib:

"Biz Ukraynaya dəstəklə yanaşı qlobal çətinliklərə diqqətli olmaqda və onlarla mübarizədə aparıcı rol oynamaqda qalırıq. Bu dünyanın ehtiyacı və gözləntisi deyildi”.

Rusiya XİN-in acıqlı reaksiyası


Blinken və Lavrovun bu sammitdə üzbəüz görüşəcəyi gözlənilmir.

Blinkenin bəyanatı ilə eyni gündə Lavrov çinli həmkarı Qin Qanqla görüşüb.

G20 sammitində bir çox liderlər Çinin Rusiyaya hərbi dəstək verə biləcəyindən narahatdırlar.

Onlar Çini bu münaqişədən kənarda durmağa inandırmağa çalışırlar.

Lakin Rusiya XİN-in Lavrov-Qin görüşündən sonra verdiyi acıqlı bəyanatda bildirilir ki, hər iki ölkə (Rusiya və Çin) “başqa ölkələrin daxili işlərinə qarışılmasına, şantaj və qarayaxma ilə birtərəfli yanaşmanın” əleyhinədirlər.

Çin tərəfi Lavrovla görüşə dair hələ ki açıqlama verməyib.