Logo
news content
User
Kateqoriyalar

Xəbər

Biz faciəmizdən doğulduq... – Ramilə Qurbanlı yazır

 Ramilə Qurbanlı

Sevirəm deyən dodaqlara,

Dənizə çıxan qayıqlra,

Günəşə baxan uşaqlara

Bir yağış yağır gecə-səhər.

O gecə qar yağırdı, o qanlı yanvar gecəsi. Səhər üzü qara gecədən sıyrılıb çıxanda gördü ki, bütün şəhərə yağış yağır... çiçək yağışı, qərənfil yağışı. Əli xınalı gəlinlərin əllərini bəzəyın qərənfil yağışa dönüb, gəlin ola bilməyənlərin, gəlin gətirə bilməyənlərin cəsədləri üstünə yağırdı...

Hər damlası bir çiçək-gül,

Bir arzu, bir söz,

Bir tale, bir bəxt gətirir...

Bəzən bir ümid,

Bəzən göz yaşı

Gətirir bu çiçək yağışı...

O gecə “sevirəm deyən dodaqlara”, “dənizə çıxan qayıqlara”,  “günəşə baxan uşaqlara” güllə atılmışdı, atəşə tutulmuşdular, qanlarının qırmızısı səhər qərənfillərin rənginə bülənd olmuşdu.

Bir yağış yağır, gecə-səhər,

Boyayır rənginə dünyanı...

Biz 20 Yanvarda doğulduq. Sovet tanklarının tırtılları altında birimiz əzildiksə beşimiz qalxdıq. Əzilənimizdən yarandıq. Bizi faciəmiz qələbəyə apardı. Faciəmiz dedim, amma o faciə qırmızı hərflərlə yazıldı. 20 Yanvar faciə deyil, dirçəlişdir, 20 Yanvar qanlı olsa da, şanlı tariximizdir.

O gün soyuq yanvar gecəsi biz imperiya rəhbərliyinin bizə qarşı ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanı açıq-aşkar dəstəkləməsinə etiraz üçün qalxmışdıq. Əlimizdə silah yox idi, amalımız qan tökmək, savaş deyildi, sülh, barış, birlikdə dinc yaşamaq  idi. Dinc xalqın üzərinə sovet ordusunun ağır texnikasının yeridilməsi Bakıda misli görünməmiş qətliama səbəb oldu. Biz bu faciədən yenidən yarandıq. Anladıq ki, özünü bizə ata adlandıran imperiyanın çürük sütunları artıq dayanıqlığını itirib. Başımıza aşmadan onun məcburi himayəsi altından çıxıb, azadlığımıza qovuşmalıyıq. Öz taleyimizi kiminsə ixtiyarına buraxmadan özümüz həll etməliyik.

Qılınc qınından sıyrıldı. O qanlı yanvar gecəsi Azərbaycan bir yumruqda birləşdi. Üstündən 30 il keçdi, o yumruq daha da möhkəmləndi, bərkidi, dəmirə döndü, 2020-ci ildə düşmənin başına endi.

Həm də yalnız 20 Yanvarda deyil, sovet qılıncının qəbzəsinin də kəsdiyi vaxtlarda Qarabağda, Gəncədə, Bakıda, dünyanın müxtəlif yerlərində türkün qanına susamış  düşmənin başına zərblə endi.

Bunu bizə 20 Yanvar anlatdı. 44 günlük qələbəmizə gedən yolun başlanğıcı oldu 20 Yanvar.

Çəmbərəkənd məzarlığı üstündən salınmış Şəhidlər xiyabanı şəhidlərin əziz xatirəsinə alovlanan əbədi məşəllə bizə o tarixi nəql edir. Deyir, bir də köhnə soyqırım məzarlığı  üzərində yeni şəhidlər xiyabanı yaranmasın deyə əbədiyyən bir olun, bütöv olun.

Biz 20 Yanvarda doğulduq. Yağışsa hələ də yağır. Son dəfə bütöv Azərbaycana yağacaq, Bakıya, Təbrizə, Göyçəyə, Xankəndiyə yağacaq və kəsəcək... Aydınlanmış səmamızı günəşin şüaları bürüyəcək, isinəcəyik...