Logo
news content
User
Kateqoriyalar

Xəbər

Birinci oxunuşdan keçdi - Rusiyadan gedənlərin əmlakına həbs qoyulacaq

Rusiya Dövlət Duması ölkədən kənarda baş versə də, ölkənin maraqlarına qarşı yönələn qanun pozuntularına görə şəxslərin qiyabi olaraq inzibati məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsinə görə, məsuliyyətə yalnız rusiyalılar deyil, həm də xarici vətəndaşlar cəlb oluna bilər.

2024-cü ilin oktyabrında təqdim edilən qanun layihəsi xaricdə yaşayan rusiyalıların "Rusiya Federasiyasının maraqlarına zidd" sayıla biləcək hərəkətlərə görə cəzalandırılmasını və onların iştirakı olmadan əmlaklarına həbs qoyulmasını təklif edir.

"OVD-İnfo" ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və vəkil Valeriya Vetoşkina "Current Time"a müsahibəsində deyib ki, fikir və mövqe ifadəsinə görə tətbiq olunan inzibati maddələrdə, ümumiyyətlə, əmlaka həbs qoyulması kimi bir müddəa mövcud deyildi. Bundan əlavə, bu cəza artıq mövcud olan cəza tədbirləri ilə müqayisədə qeyri-mütənasibdir.

Qanun layihəsi ilk dəfə 2024-cü ilin oktyabrında Tatarıstan Dövlət Şurası və deputat Ayrat Farraxov tərəfindən müzakirəyə təqdim ediləndə onun tətbiq olunacağı inzibati maddələrin siyahısı göstərilmişdi. RBK xəbər verir ki, qanun layihəsi konkret siyahı olmadan qəbul edilib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin mayın 11-də Teleqram kanalındakı paylaşımında yazıb ki, söhbət ordunu gözdən salmaq, saxta məlumat yaymaq və söz azadlığından sui-istifadə etmək də daxil olmaqla, "bütün növ" inzibati maddələrlə məsuliyyətə cəlb olunmaqdan gedir.