Logo
news content
User
Kateqoriyalar

Xəbər

Biri də bəs edər... - Harada və nə qədər nüvə silahı var

Nüvə silahının tətbiq edilə biləcəyi ilə bağlı hədələr daha tez-tez eşidilməyə başlayıb. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra intensivləşən bu hədə getdikcə daha təhlükəli xarakter alır.

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı Qərbə növbəti nüvə xəbərdarlığı səsləndirib. O, mühüm nüvə silahlarına nəzarət sazişinin dayandırılmasından danışıb, yeni strateji sistemlərin döyüş hazırlığı vəziyyətinə gətirildiyini bəyan edib və Moskvanın nüvə sınaqlarını bərpa edə biləcəyini deyib.

Bəs Rusiyanın nüvə arsenalı nə qədər böyükdür və ona kim rəhbərlik edir?

Nüvə supergücü


Nüvə silahlarını Sovet İttifaqından miras alan Rusiya nüvə başlıqlarının sayına görə dünyada birinci yeri tutur.

Amerika Alimləri Federasiyasının məlumatına görə, 2022-ci ildə Putin 5 min 977, ABŞ Prezidenti Co Baydensə (Joe Biden) 5 min 428 nüvə başlığına nəzarət edirdi.

Rusiyanın nüvə başlıqlarının 1500-ə qədəri istismardan çıxarılıb (ancaq onların həm də toxunulmamış olduğu güman edilir), 2 min 889-u ehtiyatda, 1588-i isə istifadədədir.

“Bulletin of the Atomic Scientists” elmi jurnalının məlumatına görə, 812 nüvə başlığı yerüstü ballistik raketlərə, 576-ya qədəri sualtı qayıqlardakı ballistik raketlərə, 200-ə qədəri isə ağır bombardmançı təyyarə bazalarında yerləşdirilib.

Amerika Alimləri Federasiyasının məlumatına görə, ABŞ-nin istifadədə olan 1644 strateji nüvə başlığı var. Çin ümumilikdə 350, Fransa 290, Birləşmiş Krallıq 225 nüvə başlığına malikdir.


Bu rəqəmlər onu göstərir ki, həm Moskva, həm də Vaşinqton dünyanı bir yox, bir neçə dəfə məhv edə bilər.

Soyuq müharibə zamanı SSRİ-nin ən çox 40 minədək, ABŞ-ninsə ən çox 30 minədək nüvə başlığı olub.

Raketlər, sualtı qayıqlar...


Ancaq əsas məsələ silahın necə çatdırılmasıdır: həm raketlər, həm sualtı qayıqlar, həm də bombardmançı təyyarələr nüvə başlıqlarını daşımağa qadirdir.

Rusiyanın 400-dək nüvə silahı ilə təchiz olunmuş qitələrarası ballistik raketi var. “Bulletin of the Atomic Scientists”in hesablamalarına görə, bu raketlər 1185 nüvə başlığı daşımağa qadirdir.

Rusiya nüvə silahı ilə təchiz olunmuş 10 sualtı qayıq işlədir. Bunlar maksimum 800 nüvə başlığı daşıya bilər. Nüvə başlıqlı bombardmançı təyyarələrin sayı 60 -70 arasındadır.

ABŞ özünün 2022-ci il üçün Nüvə Siyasəti İcmalında (Nuclear Posture Review) Rusiya və Çinin öz nüvə güclərini genişləndirərək müasirləşdirdiyini və ABŞ-nin bahalı silahlanma yarışına mane olmaq üçün silahlara nəzarət prinsipinə üstünlük verəcəyini bildirib.

Nüvə sınaqları


Putin deyib ki, onda ABŞ-nin yeni növ nüvə silahları üzərində işləməsi haqda məlumat var.

Rusiyanın özü də nüvə silahlarını müasirləşdirməklə məşğul olub.

Silahlara Nəzarət Assosiasiyası bildirir ki, 1991-ci ildə SSRİ-nin süqutundan bəri dünyada yalnız bir neçə ölkə nüvə sınağı həyata keçirib: ABŞ sonuncu dəfə 1992-ci ildə, Çin və Fransa sonuncu dəfə 1996-cı, Hindistan və Pakistan 1998, Şimali Koreya isə 2017-ci ildə nüvə sınağı gerçəkləşdirib.

SSRİ-nin sonuncu nüvə sınağı 1990-cı ildə olub.

Rusiyanın nüvə doktrinasına görə bu ölkədə həm strateji, həm də qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı yekun qərarı Rusiya prezidenti verir.

“Çeget”


Rusiyanın “nüvə çantası” "Çeget" adlanır. Bu ad Qafqaz sıra dağlarındakı Çeget zirvəsinin adından götürülüb. “Çeget” daim prezidentin yanındadır. Rusiyanın müdafiə naziri (hazırda Sergey Şoyqu) və baş qərargah rəisində (hazırda Valeri Gerasimov) də bu cür nüvə çantalarının olduğu düşünülür.

Bu çanta mahiyyət etibarilə “Kazbek” elektron idarə və nəzarət şəbəkəsi vasitəsilə prezidenti ali hərbi komandanlığa və deməli, raket qüvvələrinə birləşdirən kommunikasiya alətidir. “Kazbek” "Kavkaz" adlı digər sistemi dəstəkləyir.

2019-cu ildə Rusiyanın “Zvezda” televiziya kanalında içində düymələri olan bu çanta göstərilib. “İdarə” bölməsində iki düymə var: ağ düymə “burax”, qırmızı isə “ləğv et” düyməsidir. “Zvezda” kanalı çantanın xüsusi fləşkartla işə salındığını deyib.

Nüvə hücumu təsdiqlənərsə, Putin "Dead Hand", yaxud "Perimetr" kimi tanınan sistemi işə sala bilər. Kompüterlər bunu dünyanın sonu (doomsday) kimi tanıyacaq və nəzarət raketi Rusiyanın ərazisinə səpələnmiş silahlara nüvə hücumu əmri verəcək.