Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Asiyaya nəyə gedir?

2021-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden bu postda əyləşəndən bəri ilk dəfə Asiyaya səfər edəcək.

“Reuters” agentliyi xəbər verir ki, Baydenin Asiya səfəri gələn aya planlaşdırılıb.

ABŞ prezidenti Seulda Cənubi Koreyanın, Tokioda Yaponiyanın lideri ilə görüşəcək, əsasən təhlükəsizlik və iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərini, o cümlədən Çinin bölgədə artmaqda olan təsirini və Şimali Koreyanın son nüvə təhdidini müzakirə edəcək.

Səfər planına görə, Baydenin Cənubi Koreyanın yeni seçilmiş prezidenti, mayın 10-da and içib səlahiyyətlərinin icrasına başlayacaq Yun Sok Yol ilə görüşü ayın 21-də olacaq.

Mayın 22-də Bayden Yaponiyaya yola düşəcək, baş nazir Fumio Kisida ilə danışıqlar aparacaq, növbəti gün isə Tokioda Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq çərçivəsində keçiriləcək zirvə görüşünə qatılacaq.

Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (Quadrilateral Security Dialogue, QUAD) qrupuna ABŞ, Yaponiya, Avstraliya və Hindistan daxildir.

“Reuters” xatırladır ki, Baydenin Asiyaya üç günlük səfərə yollanmaq qərarı Vaşinqtonun öz müttəfiqlərini Rusiyanın Ukraynaya təcavüzünə, həmçinin Çinin bölgədə artan iqtisadi və hərbi təsirinə qarşı səfərbər etmək səylərini davam etdirdiyi bir dövrə təsadüf edir.

Ötən ay Şimali Koreya 2017-ci ildən bəri ilk dəfə qitələrarası ballistik raket sınağını bərpa etdiyini açıqlayıb. Eyni zamanda Şimali Koreya lideri Kim Çen In onun ölkəsinin maraqlarına təhlükə törədəcək dövlətləri nüvə bombası ilə hədələyib.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır.