Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden ABŞ silahı ilə Rusiyanın dərinliklərinə zərbə vurulmasının əleyhinədir

Bazar ertəsi ABŞ prezidenti Co Bayden bildirib ki, Amerikanın Ukraynaya dəstəyinin sərhədlərini "dəqiq müəyyən edib". 

"Mən nəyi dəstəklədiyimi, nəyi dəstəkləmədiyimi açıq şəkildə bildirdim", Bayden Ağ Evin qarşısında Turan-ın Vaşinqtondakı müxbirinin Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı ABŞ-ın tədarük etdiyi silahlardan istifadəyə qoyulmuş məhdudiyyəti ləğv etmək xahişi ilə bağlı sualına cavabında belə deyib.

O, bu barədə Ukraynanın yüksək vəzifəli məmurlarının Vaşinqtona səfərindən və Rusiyadakı hədəflərin siyahısını Bayden Administrasiyasına təqdim etməsindən bir neçə gün sonra bildirib. Onlar ABŞ-ı Rusiyanın dərinliklərində Amerika silahlarından istifadəyə qoyulmuş məhdudiyyətlə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırıblar.

Ukrayna prezidentinin Kargüzarlıq müdiri Andrey Yermak və müdafiə naziri Rustem Umerov, Umerovun yerli KİV-lərə müsahibəsində dediyi kimi, "eşidiləcəkləri" ümidi ilə Baydenin yüksək vəzifəli məmurları ilə görüşüblər.  

Çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski bir daha "Ukrayna üçün uzaq mənzilli zərbələrə qoyulmuş məhdudiyyətləri aradan qaldırmağa" çağırıb, bunun müharibəni daha tez bitirməyə imkan verəcəyini iddia edib.

ABŞ Ukraynanın sərhəd yaxınlığında Rusiya qoşunlarına zərbə endirmək üçün Amerika silahından istifadə etməsinə icazə verib, Bayden administrasiyası iki nüvə dövləti arasında birbaşa münaqişəyə səbəb ola biləcəyindən ehtiyatlandığı üçün Rusiyanın dərinliklərinə zərbə endirmək üçün öz silahlarından istifadə edilməsini istəmir.