Logo
news content
User
Kateqoriyalar

Xəbər

Balıq başdan iylənər, ətə baxıb qiymətə minər...

Ət bahalaşdıqdan sonra balıq qiymətlərində də artım müşahidə edilir. Vətəndaşlar növündən asılı olaraq balığın kilosunun 3-5 manat bahalaşdığını bildirirlər.

Qiymət artımı əsasən dəniz balıqlarında özünü göstərir. Paytaxtdakı balıq dükanlarında apardığımız araşdırmaya görə, təsərrüfatda yetişdirilən balıqların qiyməti dəyişməyib. Farel balıqlarının qiyməti 11-13 manat, belamur 8 manat, sazan və xanı balığı 5-8 manatda qalıb.

Çay balıqlarının qiymətində isə artım müşahidə olunur. Əvvəllər 10-12 manata satılan çay balıqları hazırda 13-15 manatdır.

Neftçala rayonunda balıqçılıqla məşğul olan sakinlər saytımıza bildiriblər ki, damba və göl balıqlarının qiyməti artmayıb. Çay və dəniz balıqlarının qiymətinin bahalaşmasına əsas səbəb isə bəzi balıq növlərinin ovuna qoyulan qadağadır:

“Kefal balığının hələ mövsümü deyil. Bu səbəbdən satışda yoxdur. Lakin yaz aylarında kefal çıxacaq. Bu aylar hava şəraiti ilə əlaqədar balığın zəif çıxan vaxtıdır. Qıt vaxtlarında balıq həmişə baha olub. Fevralın 15-dən sonra balıq yenidən ucuzlaşa bilər. Hazırda kütüm balığının mövsümüdür. Dekabr ayından bəri kütümün qiyməti 8-9 manatdır. Ziyad balığı əvvəl 5-9 manat idisə, hazırda bazarda 13-14 manatdır. Bazar qiyməti ilə balıqçıların öz qiyməti arasında fərq olur. Bu səbəbdən balığı balıqçıdan almaq məsləhətdir”, - balıqçılar bildiriblər.