Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda mənzildə 4 nəfərin meyitinin tapılması işində müəmma: Dəm qazı deyilsə, nədən ölüblər?

Xəbər verdiyimiz kimi, yanvarın 5-də Bakıda Nərimanov rayonunda yerləşən mənzillərdən birindən dörd nəfərin meyiti tapılmışdı.

Baş Prokurorluğun yaydığı rəsmi məlumatda ilkin ehtimala görə, hadisənin dəm qazından zəhərlənmə səbəbindən baş verdiyi qeyd olunurdu. Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Bununla belə, “Azəriqaz” İstehsalat Birliyi yerli KİV-ə açıqlamasında ölən şəxslərin dəm qazından boğulması ilə bağlı ehtimalların aşağı olduğunu bildirib. Belə ki, qurumun şöbə rəisi İlkin Behbudovun sözlərinə görə, “Azəriqaz” əməkdaşları həmin 4 nəfərin qazdan boğulma ehtimalı ilə bağlı mənzildə ilkin araşdırma aparıb: “Smart tipli sayğacın üzərinə baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə olduğu, yəni qurğudan qaz keçmədiyi məlum olub. Həmin hadisədə dəm qazı ehtimalı reallığa oxşamır. Amma bu məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılandan sonra qərar qəbul olunacaq. İlkin olaraq dəm qazından boğulma ehtimalı görünmür. Dekabrın sonundan sayğacda qaz limiti bitdiyinə görə bloklanıb. Mənzil daxilinə isə baxış keçirməyə müvafiq dövlət qurumları tərəfindən şərait yaradılmayıb. Təbii ki, yenə də araşdırma tələb edən bir məsələdir”.

“Azəriqaz” və Baş Prokurorluq tərəfindən verilən açıqlamalar arasında müəyyən qədər təzad olduğu görünür. Bəs görəsən, qaz sayğacı dörd nəfərin ölümünündən sonra bloka düşə bilərdimi? Ümumiyyətlə, smart tipli sayğacların iş mexanizmi necədir?

Ekspert Nüsrət Qasımov evdə olan qaz cihazında yanma prosesinin düzgün getmədiyini də istisna etmir. Bu barədə o, açıqlamasında deyib:

“1 kub metr qazın yanması üçün 9,5 kub metr oksigen lazımdır. Oksigen çatışmayanda dəm qazı 7 dəqiqədən 30 dəqiqəyə qədər hər şeyi məhv edə bilir.  Çünki o, elə güclü xüsusiyyətə malikdir ki, insan huşunu itirir, özünü idarə edə bilmir. İnsan hərəkət edə bilmədiyini dərk edir, lakin durub qapını açıb çölə çıxa bilmir. Ola bilər ki, bu hadisəyə səbəb dəm qazı olub. Lakin ehtimal da var ki, ev sahibi məsuliyyətdən qaçmaq üçün sayğacı sonradan söndürüb, cihazları da yığışdırıb. O haradan bilsin ki, sayğacda nə qədər qaz olub, nə qədəri işlənib, nə qədəri qalıb?! Belə halların baş verməməsi üçün ildə iki dəfə evlərə getmək, yoxlanış aparmaq lazmdır. Hansı ki, bu əvvəllər belə idi. İndi isə sadəcə ildə bir dəfə guya qaz sayğaclarının müayinəsi aparılır. Cihazların qaz buraxıb-buraxmamasını mütəmadi yoxlamaq lazımdır. Özü də bunu təhsilli mütəxəssis etməlidir. Yoxsa ki, iki turbanı bir-birinə birləşdirib özünə usta deyən adama etibar etsən, bu cür hadisələr də qaçılmaz olur”.



Məlumat üçün bildirək ki, “smart-kart” tipli qaz sayğaclarının əsas xüsusiyyəti odur ki, abonentin balansına yüklənmiş vəsait bitdikdə, sayğacın ekranında “bağlanmış klapan” simvolu əks olunur və qaz təchizatı dayanır. Ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə edilən cihazların sərfiyyatının sayğacın texniki parametrlərinə uyğun gəlməməsi, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma kimi hallar baş verdikdə sayğac koda düşür, klapanı dərhal qapanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür. Koda düşərək bağlanan sayğacı abonentin hər hansı bir yolla işə salması mümkün deyil. Bu zaman sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsilə gətirilir. Servis kartı hər bir Qaz İstismar Sahəsinin ərazi xidmətlərindədir.

Bu fakt göstərir ki, evdə qaz sızması olarsa, partlayış baş verməli idi. Partlayış baş vermədiyinə görə yerdə qalan ehtimal evdəki qaz cihazının işlək vəziyyətdə həyat üçün təhlükəli olan “uqar” (dəm qazı) yaratmasıdır. Evdəki şəxslərin dördünün də eyni anda “uqar”a düşərək zəhərlənməsi isə çox aşağı ehtimaldır. Bu da geriyə bir ehtimal saxlayır: Dörd nəfər yuxuda olduğu zaman zəhərləniblər. Üstəlik, ərazidə olan şəxslər meyitlərin evdən çıxarılması zamanı evin içərisinin isti olduğunu, meyitlərin ciddi erroziyaya uğradığını deyiblər. Qış ayları olduğu üçün, meyitlərin erroziyaya uğraması daha yavaş getməli idi. Cəsəd isə yalnız isti şəraitdə sürətli erroziyaya uğraya bilir. Bu isə hadisə baş verən zaman evdə qaz cihazının yanar vəziyyətdə olması ehtimalını gücləndirir. (Qafqazinfo)