Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda liseydə kütləvi zəhərlənmə - Ağır vəziyyətdə olan var

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Pressklub.az-a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.

Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".

TƏBİB-dən bildirilib ki, 6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir.

Məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlayıb.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.