Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda 3 təşkilat “Caspian Plaza”dan çıxardılır

Yanvarın 15-də Azərbaycanda fəaliyyət göstərən İctimai Siyasət İnstitutu, Hüquqi Təşəbbüslər Mərkəzi və "Müdafiə Xətti" Təşkilatının paytaxt Bakıda yerləşdikləri "Caspian Plaza"nı tərk etdikləri bildirilir.

Bu barədə Azadlıq Radiosuna "Müdafiə Xətti" Təşkilatının həmtəsisçisi Zaur Əkbər açıqlama verib:

“Caspian Plaza”nın rəhbərliyi adından yanvarın 11-də bizə bildirildi ki, yanvarın sonunadək ofisi tərk etməliyik. Sonra isə yanvarın 15-ni dedilər”.

Amma o, "Caspian Plaza"nın rəhbərliyini qınamayıb. Zaur Əkbər bunu hakimiyyətin təzyiqi ilə izah edib.

Onun sözlərinə görə, hələ dekabrın 30-da ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı "Caspian Plaza"da mətbuat konfransı keçirmək istəyiblər, amma oradan deyilib ki, buna icazə verməyəcəklər:

“Həmin vaxt polis də gəldiyindən, mətbuat konfransını Müsavat Partiyasının qərargahında keçirdik".

Z.Əkbər bəhs etdiyi 3 təşkilat haqqında bunları deyib:

"Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai Siyasət İnstitut, Ziya Quliyevin Hüquqi Təşəbbüslər Mərkəzi və həmtəsisçisi olduğum Müdafiə Xətti Təşkilatı. Bəxtiyar Hacıyev 2015-ci ildən ofisi kirayəyə götürüb, mənimlə Ziya Quliyev 2017-ci ildən burdayıq. 2020-ci ildən isə Müdafiə Xətti Təşkilatı mərkəzdə yer götürdü".

Zaur Əkbər "Caspian Plaza" ilə müqaviləni Bəxtiyar Hacıyevin bağladığını, ancaq hansı müddətə olduğunu bilmədiyini söyləyib:

"Vəkil vasitəsilə Bəxtiyar bəyə məlumat göndərmişik, vəkil hələ onunla görüşmədiyindən bir şey deyə bilməyəcəm".

Zaur Əkbər hazırda əşyalarını daşıdıqlarını vurğulayıb.

Hələlik bununla bağlı "Caspian Plaza"nın rəhbərliyinin və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Rəsmilər bir qayda olaraq vətəndaş cəmiyyətinin təmsilçilərinə təzyiqlərin edilməsi ilə bağlı şikayətləri əsaslı saymırlar.

Yeri gəlmişkən iki gün öncə, yanvarın 13-də həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Vəkil Elçin Sadıqov bildirib ki, əvvəl B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Onun deməsinə görə, yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.Vəkil bildirib ki, müdafiə tərəfi əvvəlki və yeni ittihamla razı deyil.

Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.