Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bağlı qalan quru sərhədləri və "ziyanla" işləyən AZAL

Bakı-Naxçıvan reysinə biletlər iyunun 6-da 10 manat bahalaşıb. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Bununla o, "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli Qərarında dəyişiklik edib. Həmin qərarda qeyd edilən hava xətti ilə uçan şəxslərə 20 manat güzəşt əks olunurdu. Yeni dəyişikliklə güzəştli məbləğ 20 manatdan 10 manata endirilib. Bununla da Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat müəyyən edilib.

İllərdir Azərbaycanda ümumilikdə aviabiletlərin qiymətinin baha olduğu deyilir.

Naxçıvanda yaşayan vətəndaşlar da qiymət artımından narazıdır. Onlardan biri - Arzu Abdullayev hesab edir ki, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin qiymət siyasəti düzgün deyil: "Dünyanın hər yerində hava yolları su qiymətinədir".

AZAL-dan isə "Turan"a bildirilib ki, aviaşirkətin bütün beynəlxalq reyslərində dinamik qiymətqoyma siyasəti tətbiq edilir: "Aviabiletin dəyəri uçuş və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişir... Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir".

Vurğulanıb ki, aviaşirkətlərin xərcləri hava gəmilərinin dezinfeksiyası və başqa amillərlə bağlı COVID-19 pandemiyası dövründə əhəmiyyətli dərəcədə artıb.

"10 milyon manat subsidiya verilib"


İqtisadçı Qubad İbadoğlu isə Azadlıq Radiosuna mövzu ilə bağlı açıqlamasında AZAL-a verilən subsidiyalara diqqət çəkib: "İndi Bakı-Naxçıvan uçuşu 10 manat bahalaşdırıldı və 60 manat oldu. 2021-ci ilə gəlincə, AZAL-a Naxçıvana uçuşla bağlı qiymətləri sabit saxlamaq üçün 10 milyon manat subsidiya verilib. Bundan əlavə, "Azərbaycan Hava Yolları" QSC-nin 34.8 milyon manat məbləğində öhdəlikləri Təminat Fondunun vəsaiti hesabına icra olunub".

Üstəlik, o hesab edir ki, Azərbaycanın quru sərhədlərinin bağlanmasından AZAL eninə-boyuna bəhrələnir. 2020-ci ildən koronavirus pandemiyası ilə bağlı Azərbaycana quru yolla gediş-gəliş məhdudlaşdırılıb.

"Dövlət sirri kimi gizli saxlayırlar"


İqtisadçı Natiq Cəfərli isə Azadlıq Radiosuna bildirib ki, Naxçıvan reyslərinə dotasiya 50 faiz azalan kimi AZAL həmən 10 manatı biletin üzərinə gəlib: "Halbuki, bugünə qədər AZAL hər sərnişinə görə daşıma xərclərinin nə qədər olması ilə bağlı ictimaiyyətə heç bir açıqlama verməyib".

Onun sözlərinə görə, dövlət şirkətləri maya dəyərinin hesablanma qaydalarını açıqlamır: "Dövlət sirri kimi gizli saxlayırlar. Əslində isə belə olmalı deyil. Çünki dövlət şirkətlərinin dotasiya alması Azərbaycan vətəndaşlarına hüquq tanıyır ki, bununla bağlı açıq və şəffaf məlumat alsınlar".