Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

Azərbaycanlı xilasedici ilə enkaz üstündə reportaj

Ceyhun Türkiyədə dəhşətli zəlzələdən iki gün sonra artıq Kahramanmaraşda idi. Burada xilasetmə işlərinə qoşulub. Gələndən ikicə dəfə gözünün çimirini ala bilib – birində bir saat, o birində iki saat. İndi üçüncü dəfə istirahət üçün 15-20 dəqiqəlik vaxt edib, onu da, bir tərəfdən, mən qoymuram (telefonla danışırıq), o biri tərəfdən, dəqiqəbaşı kimsə yanına gəlir (telefonda eşidirəm):

- Əfəndim, 8 nəfərlik könüllü dəstəsi göndəriblər. Amma onları enkaza yaxın buraxmırlar. Dedilər, sizə söyləyək.

- Burada ehtiyac yoxdur. Biz alt qata çatmışıq. O biri enkazlara yollayın. Çox yerdə adam çatışmır, - Ceyhun göstərişini verib, mənimlə söhbətə qayıdır. – Bu binada axtarış-xilasetmə işlərinə rəhbərliyi mənə tapşırıblar. Şəhərdə, demək olar ki, salamat bina yoxdur. İş o yerə çatıb ki, Kahramanmaraşı tamam söküb, yenidən tikmək qərarı veriblər. 

Ceyhun Xəlilov Bakıda “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai birliyinin sədridir. Onu ixtiraçı, energetika üzrə mütəxəssis kimi tanıyıram, amma axtarış-xilasetmə sahəsində təcrübəsi olduğunu bilmirdim. 



- Yox, birbaşa təcrübəm yoxdur, - Ceyhun ya yorğunluqdan, ya tələsdiyindən qırıq-qırıq danışır. – Yaxşı kara gələn cihazım var. Qarabağ müharibəsində Gəncə vurulanda, binalar dağılanda xidmətimi təklif etdim, gərək olmadı. Türkiyə zəlzələsi xəbəri çıxanda da bir-iki yerə müraciət elədim, dedilər, lazım olsan, deyərik. İstanbula bilet yox idi, Ankaraya bircə bilet tapdım, paltarımı, cihazımı götürüb, aeroporta qaçdım, heç valideynlərimə də xəbər edə bilmədim. Aeroportda cihazı biraxmırdılar, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin rəisi Elşən Səfərli sağ olsun, kömək elədi, geri qaytarmaq şərti ilə, xüsusi hal kimi, qurğunu çıxarmağa icazə verdilər. Böyük zülmlə fevralın 8-i gəlib Kahramanmaraşa çatdım. Çünki ən ağır vəziyyətin burada yarandığını eşitmişdim. Kahramanmaraşda “arama-kurtarma dərnəyi” deyilən qurumlar varmış. Burada gənclərə fövqəladə hallara hazır olmaq üçün təlim keçirlərmiş. Məni həmin dərnəklərdən birinə göndərdilər. Fevralın 9-da biz fədakarlardan ibarət BEŞİR enkaz arama dərnəyi ilə zəlzələdən çökmüş bu çoxmərtəbəli binanın xarabalağında axtarma-xilasetmə işlərinə başladıq.

- Cihazınız necə, işə yaradımı?

- Onun vasitəsi ilə uçqunun altından görüntü götürürük, səs ötürürük və çox zəif səsləri tuta bilirik. Təxminən on altı metrədək.

- On altı metr qaçan adama çox qısa məsafə görünə bilər. Santimetr-santimetr irəliləməli olduğun yerdə isə bu, saatlarla keçə biləcəyin böyük məsafədir. 

[video width="848" height="480" mp4="https://pressklub.az/wp-content/uploads/2023/02/video-tv.mp4"][/video]

- Elədir. Bura gəldiyim ilk saatlarda beton qatların arasında 4 nəfər tapdım, birini sağ çıxardıq. Sonra daha 8 nəfər... Onlardan da bir qız sağ idi... Sonra... bir ərəb oğlan tapdım, türk dilini bilmirdi. Tərçüməçi gətirib, içəridəki dar boşluğa bir yerdə girəsi olduq. Birtəhər çıxardıq. Sonra... Artıq sayı itirmişəm. Elə indi, zəlzələnin 5-ci günü uçqunun alt qatlarında 3 nəfər sağ adam tapmışam. Bir neçə xilasedici onlara yol açmağa çalışır. Ona görə qalan hamı dayanıb və biz də söhbət edə bilirik. 

[video width="848" height="480" mp4="https://pressklub.az/wp-content/uploads/2023/02/video-qiz.mp4"][/video]

- Hə, bu gün biz Kahramanmaraşda, Hatayda, başqa şəhərlərdə hələ də sağ çıxarılan insanları televiziyada gördük. Neçə gündür, gözümüz ekrandadır. Ümumiyyətlə, görəsən, oradakı real vəziyyəti media tam əks etdirirmi? 

-   Nə yazıldığını, nə göstərildiyini bilmirəm. Amma buradakı vəziyyətə dair çox şeyi təsvir etmək mümkünsüzdür. Təbii fəlakətin miqyasını necə təsəvvür edəsən ki, onu 500 atom bombası ilə müqayisə edirlər. Tikinti şirkətlərinin cinayəti itkiləri daha da artırır, elə yerlər var ki, yol, ümumiyyətlə, yoxdur, böyür-böyürə binalar bir-birinin içinə girib, üstünə yıxılıb. Hökumətin işin təşkilində səhvləri vəziyyəti daha da qəlizləşdirir. Gecələr mənfi 15 dərəcəyə çatan soyuqlar işi lap ağırlaşdırır. Bəzən barmaqlarını hiss etmirsən. İnsanlarda isə təlaş böyükdür. Əzizləri dağıntıların altında qalanlara nəsə izah etmək olmur. Başımızın üstünü kəsdirib, öz mənzillərinin yerini göstərir, “tez elə, tez elə” deyirlər. Burada isə ehtiyatla davranmalısan. Bir ekskavatorçunu elə karıxdırdılar ki, onun təmizlədiyi yerdə uçqun altında günlərlə davam gətirmiş adamın blokların arasından qanı sızdı. Yazıq ekskavatorçu, ağlını itirmişdi. Buradakılardan biri dedi ki, bizi tələsdirənlərin başından vurub, ölənlərin yanına uzadacağıq. Yalnız bundan sonra camaatı bir az kənarlaşdırmaq mümkün oldu.

[video width="640" height="352" mp4="https://pressklub.az/wp-content/uploads/2023/02/video-yol.mp4"][/video]

- Azərbaycandan xilasedicilər çoxdurmu, onlarla əlaqəniz varmı?



- Mənim olduğum enkaza macar xilasediciləri gəliblər. Burada, başqa şəhərlərdə bizim Fövqəladə Hallar Nazirliyinin dəstələri olduğunu da bilirəm, onların işi haqqında yaxşı sözlər eşitmişəm. Hələ ki, əlaqəm yoxdur. Amma dünən uçqun altında bir Azərbaycan bayrağı tapdım. Yaman təsirləndim. Kimin imiş, görəsən? O ətrafda diri bir insan tapmağa çalışdım. Təəssüf ki, cihaz yaxınlıqda həyat göstərmədi. 

- Adətən, belə cihazlar xüsusi təşkilatlarda olur, dövlət qeydiyyatına alınır. Sizdəkini özünüz düzəltmisiniz?

- Özüm düzəltmək istəmişəm. Gücüm, daha doğrusu, vəsaitim çatmayıb. Layihə yarımçıq qalıb. 2013-də bir türk iş adamı var idi, köməkləşib başa çatdırdıq, bu cihazı mənə verdi. Aparatı burada işlədəndən sonra ağlıma yeni ideya gəlib. Təzəsini hazırlamaq. “Su sızıntısı” prinsipindən istifadə edərək, cihazı təkmilləşdirmək, elə eləmək ki, həm səs və görüntü götürsün, həm də hərəkətə və termal təsirə yüksək həssaslığı olsun. Halsız adamın barmaq hərəkətinə, ürək döyüntüsünə qədər... Getməliyəm, desəyən, çatıblar bayaq tapılanlara...

- Uğur olsun, Ceyhun. Bunlar barədə danışarıq. Hələlik mümkün qədər çox adama sağ ikən çatmaq və sağ-salamat evə dönmək lazımdır.

Arif Əliyev