Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlı alimdən zəlzələ narahatlığı: “Ən çox narahatlığımız bundandır”

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycanda da əhali arasında binaların, yaşayış və digər obyektlərin davamlılığı məsələsi geniş müzakirə olunur. Ölkəmizdə zəlzələ riskinə qarşı hazırlıqla bağlı hansı işlər görülməlidir? Tikinti sahəsində bununla bağlı hansı mühüm amillər nəzərə alınmalıdır?

Pressklub.az bununla bağlı memarlıq üzrə fəlsəfə doktoru, dosent Əzimxan Həsənovun fikirlərini təqdim edir.

Alim bildirib ki, Azərbaycanda riskli binalar dedikdə ilk öncə ağıla gələn problem sakinlərin və mülkiyyətçilərin sonradan binada apardıqları müdaxilə və dəyişikliklərdir. “Zəlzələyə davamlılıq baxımından ən çox narahatlığımız da budur. Qanunvericiliyə görə, hər bir mülkiyyətçi və təşkilat binanın qorunmasına məsuliyyət daşıyır”.

Zəlzələ riskinə qarşı hazırlıqla bağlı isə mütəxəssis bəzi amillərin nəzərə alınmasına ehtiyac olduğunu vacib hesab edir:

“2010-cu ildə qüvvəyə minmiş “Seysmik rayonlarda Tikinti” AzDTN 2,3-1 normativ sənədinə uyğun olaraq dəmir-beton karkas, çərçivə-rabitəli çoxmərtəbəli binaların layihələndirilməsində monolit-tirsiz bünövrə-tavasının qalınlığını (h) mərtəbə sayından asılı olaraq (hesabata uyğun) qəbul olunmalıdır. Bünövrəsinin qoyulma dərinliyinin yer səthindən binanın hündürlüyünün onda biri (1/10) H qədər torpağın altında yerləşməsini, yüksaxlayan dəmir-beton sütunlarının en kəsiklərinin sahəsini təyin edərkən ərazinin seysmikliyindən asılı olan əmsalı (8 bal üzrə 1,35) və sütunlarda armaturların birləşməsində qaynaq birləşməsinə ciddi əməl edilməlidir.

Ağır nəticələrə səbəb olan zəlzələ litosferdə, yəni yerin üst qabığında baş verən dinamik proseslər nəticəsində əmələ gəlir. Müxtəlif tektonik plitə və bloklarının sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olur. Yeraltı təkanlar təsirindən yerin üst qatı belə, öz formasını dəyişir. Zəlzələ yerin üst qatına nə qədər yaxın məsafədə olarsa, o qədər təsiri çox olur. Zəlzələnin mərkəzdən olan məsafəsi yaxın olduqca şiddəti artır. Rixter şkalası ilə ölçülən zəlzələlərə görə 6-7 bal gücündəki zəlzələ orta dərəcəli hesab edilir. 8,9,10 və 11 bal gücündə baş verən zəlzələ isə dağıdıcı kimi qiymətləndirilir”.