Azərbaycanda iribuynuzlu mal-qara da azalıb, qoyun, keçi də...
16 Aprel 2026
Azərbaycanda mal-qara sayında azalma davam edir. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) son aylıq hesabatında bildirilir.
Qurumun 2026-cı il aprelin 1-nə olan məlumatına görə, son bir ildə iribuynuzlu mal-qaranın sayında 22 min 500 azalma baş verib. Bu say 2 milyon 434 min 100-ə düşüb.
Qoyun və keçilərin sayında isə daha çox, 40 minə yaxın azalma qeydə alınıb. Onların da sayı 6 milyon 880 min 100-ə düşüb.
Rəsmilər ölkədə mal-qara sayında belə azalmanı şərh etmirlər. Amma ekspertlər bunu 2015-ci ildən etibarən ölkədə pambıqçılığın inkişafı adı altında bəzi heyvandarlıq təsərrüfatlarına aid torpaq sahələrinin uzunmüddətli icarələrinin kütləvi ləğvi ilə izah edirlər.
10 il əvvəl ilə müqayisədə iribuynuzlu mal-qaranın sayında 300 minə, qoyun və keçi sayında isə 2 milyona yaxın azalma var.
Bununla belə, DSK vurğulayır ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1.1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0.9 faiz, bitkiçilik məhsulları istehsalı 5.5 faiz artıb.