Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda COVID-19 statistikası - ikirəqəmli hədd əldə olunub

Azərbaycanda son günlər yeni növ koronavirusa (COVID-19) yoluxma sayında rəqəmlər nisbətən artsa da, statistika elə də qorxunc deyil. Maraqlısı budur ki, bayram günlərində insanlar ictimai yerlərə üz tutduqlarından daha çox təmas yoluxmanın artmasına səbəb ola bilərdi.

COVID-19 virusu artıq sıradan çıxır, yoxsa insanlar arasında immunitet formalaşıb?

Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib ki, hazırda yeni növ koronavirus infeksiyası ilə əlaqədar epidemioloji durum qənaətbəxş hesab edilir. Uzun müddətdir ki, yeni yoluxma hallarının sayı minimal - ikirəqəmli həddədir:

“Yoluxan insanların əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəxanalara yatış sayı çox kiçik həddədir. Hətta bayram günlərində insanlar arasında təmasların artmasına baxmayaraq, yoluxma hallarında sıçrayış müşahidə edilmədi. Bu onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır.

Səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən, xəstəliyi keçirmə, digər tərəfdən isə əsasən, kütləvi vaksinasiya hesabına əldə edilib. Təsadüfi deyil ki, Nazirlər Kabineti son vaxtlarda karantin rejiminin yumşaldılması istiqamətində qərarlar qəbul edir və son günlərdə də bu istiqamətdə addımlar atılmaqdadır”.