Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana səyahət təhlükəsi xəbərdarlığı gəldi

Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusun omikron ştammına yeni yoluxma dalğasının Şərqi Avropaya yönəldiyini deyərək hökumətləri müvafiq tədbirlər görməyə çağırıb.

Son iki həftə ərzində Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Rusiya və Ukraynada COVID-19-a yoluxmalar iki dəfədən çox artıb. ÜST-nin Avropa regionu üzrə direktoru Hanz Kluge fevralın 15-də bəyanatında bunu qeyd edir. O, Orta Asiyayadək uzanan regionun 53 ölkəsində koronavirusa 165 milyondan çox yoluxma və 1.8 milyon ölümün aşkarlandığını vurğulayıb. Ölümlərin 25 mini son bir həftədə qeydə alınıb.

Bu arada Çex Respublikası və Polşa daxil Avropanın bir sıra ölkələri bildiriblər ki, gündəlik yoluxmalarda azalma davam edərsə, gələn ay COVID-19 məhdudiyyətləri yüngülləşdirilə bilər.

Omikron öncəki ştamlardan daha yüngül olduğundan bir çox ölkələrdə səhiyyə sistemlərinə təzyiq yaranmayıb.

Kluge region ölkələrini vaksinasiyanı gücləndirməyə çağırıb. Qitənin digər yerləri ilə müqayisədə Şərqi Avropada peyvəndləmə ləng gedir. O deyib ki, Bosniya, Bolqarıstan, Qırğızıstan, Ukrayna və Özbəkistanda yaşı 60-dan yuxarı olanların 40 faizindən də azı COVID-19-a qarşı tam peyvənd edilib.

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Azərbaycanı və Belarusu COVID-19 təhlükəsinə görə ən yüksək səviyyəyə qaldırıb, bu ölkələrə səyahətlə bağlı xəbərdarlıq edib.

CDC fevralın 14-də bildirib ki, bu iki ölkə səyahət xəbərdarlığının ən yüksək – 4-cü səviyyəsinə qaldırılıb. Cənubi Koreya daxil bir neçə ölkə və ərazi də bu səviyyədə yer alıb.

Xəbərdarlıqda deyilir ki, Belarusa, yaxud Azərbaycana getməyə məcbur qalanlar mütləq vaksinlənmiş, səyahətdən öncə COVID-19 vaksinasiyaları “yenilənmiş” olmalıdır. Qurum bildirir ki, hətta vaksin vurduranların belə virusa yoluxma və onu yayma riski var. (Azadlıq Radiosu)