Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan XİN Brüssel görüşü ilə bağlı açıqlama yayıb

"Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik".

Pressklub.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən növbəti görüşə dair şərhində əksini tapıb.

"İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən "Brüssel formatı"nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir", - nazirliyin şərhində bildirilib.

Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.

Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik.