Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ ermənilərinə humanitar yardım göndərib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağın erməni sakinləri üçün 40 ton humanitar yardım göndərib. Yüklərin Ağdam-Xankəndin yolu ilə çatdırılması nəzərdə tutulur.

“Ümid edirik ki, humanitar yardım ünvana zamanında, problemsiz çatdırılacaq. Maşın karvanı “Qızıl Xaç  və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan qanununa müvafiq olaraq Qızıl Aypara bayraqlarının və emblemlərinin müşayiətilə hərəkət edəcək”, -  Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir.

Həmçinin xatırladılır  ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarətmə Şurası öz nizamnaməsinə, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan qanununa, Cenevrə konvensiyalarına və Sevilya razılaşmasına uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərilməsi barədə qərar qəbul edib.

Öz növbəsində, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan bildirib ki, bu gün Qarabağ ermənilərinə göndərilən humanitar yardımın ilk partiyası 40 ton un məmulatından ibarətdir.

O ümidvar olduğunu bildirib ki,  bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. "Əgər qiymətləndirmə prosesini həyata keçirə bilsək, onlara lazım olan digər məhsulları da çatdıra bilərik", - Aslan deyib.

Hələlik Qarabağ erməniləri bu jestə reaksiya verməyiblər. İndiyədək müxtəlif səviyyələrdə deyilirdi ki, Qarabağ erməniləri Azərbaycandan heç bir yardım almayacaq və Ağdamdan Qarabağa yol açmayacaqlar.