Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

Tokayev: ‘Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə iş aparılır’


Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla da çıxış ediblər.

AZƏRTAC-ın xəbərinə görə, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev deyib ki, hazırda Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə fəal iş aparılır.

O əlavə edib ki, beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi də aparıblar:

“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər tuturlar.”

Prezident İlham Əliyev isə öz növbəsində xatırladıb ki,

keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı “Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalayıblar:

“Bugünkü bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib.”

O, əlavə edib ki, ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar artıq reallaşır:

“O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar.”

***

Aprelin 10-da Astanada Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin görüşü olub.

Sonra iki ölkə arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

AZƏARTAC-ın xəbərinə görə, əvvəlcə prezidentlər “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” imzalayıblar.

Daha sonra iki ölkə arasında biznes, elm və başqa sahələrdə əməkdaşlığa aid sənədlər imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev bugün, aprelin 10-da Qazaxıstana səfər edib.