Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan öz səlahiyyətləri çərçivəsində Laçın dəhlizindən təhlükəsiz hərəkətə zəmanət vermək öhdəliyi götürüb

Çərşənbə günü BMT-nin Ali Məhkəməsi Azərbaycanın üzərinə Ermənistan və Azərbaycanın Qarabağ bölgəsinin ermənilər məskunlaşan hissəsi arasında yeganə yolda nəqliyyatın sərbəst hərəkətinə icazə vermək üçün "öz ixtiyarında olan bütün addımları atmaq" öhdəliyi qoyub, xəbəri Associated Press yayıb.

Beynəlxalq Məhkəmənin hüquqi cəhətdən icbari olan 13-2 saylı qərarı Ermənistan və Azərbaycan arasında sonuncu hüquqi mübahisələrin nəticəsidir. Hər bir ölkə məhkəməyə iddia təqdim edərək, digər tərəfi irqi ayrı-seçkiliyin aradan qaldırılmasına dair konvensiyanı pozmaqda ittiham edib.

Azərbaycan Ermənistanı ərazilərinin 20 faizini 30 il boyunca işğal altında saxlamaqda, bunun nəticəsi olaraq  etnik təmizləmələrə, on minlərlə insanın həlak olmasına və bir milyona yaxın insanın qaçqın düşməsinə səbəb olmaqda ittiham edir. Azərbaycan BMT-nin dörd qətnaməsinə əsaslanaraq, 2020-ci ildə Ermənistanla 44 günlük müharibə nəticəsində öz ərazilərini azad edib və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi olaraq tanınan Qarabağa nəzarəti bərpa edib.

Beynəlxalq Məhkəmənin sədri Coan E.Donohyu bildirib ki, Ermənistanın təqdim etdiyi dəlillər əsasında mühasirənin "Dağlıq Qarabağda xəstəxanaya yerləşdirilmiş milliyyətcə və etnik mənşəyinə görə erməni olan şəxslərin təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün Ermənistanın tibbi müəssisələrinə köçürülməsinə mane olduğu" müəyyən edilib.

Bu, həmçinin "ilkin tələbat mallarının" Dağlıq Qarabağa çatdırılmasını dayandırıb, "ərzaq, dərman və həyati əhəmiyyət kəsb edən digər tibbi ləvazimatların çatışmazlığına səbəb olub", deyə Donohyu bildirib.

Məhkəmə hakimlərin səs çoxluğu ilə verdiyi qərarda Azərbaycanın üzərinə "Laçın dəhlizindən insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün ixtiyarında olan bütün tədbirləri görmək" öhdəliyi qoyub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhkəmənin qərarında "Azərbaycanın Laçın dəhlizindən hərəkətin təhlükəsizliyinə zəmanət vermək üçün öz səlahiyyətləri daxilində və öz ixtiyarında olan bütün addımları atdığı və atmağa davam etmək öhdəliyi götürdüyü haqqında bəyanatı diqqətə alınıb".

Bəyanatda deyilir ki, Azərbaycan "beynəlxalq hüquqa uyğun olaraq, bütün insanların hüquqlarını müdafiə etməyə və Ermənistanı insan hüquqlarının tarixi və davam edən ciddi pozuntularına görə məsuliyyətə cəlb etməyə davam edəcək".

Məhkəmə öz qərarında bildirib ki, Ermənistanın hakimlərdən Azərbaycanın üzərinə "Laçın dəhlizində etirazların təşkilinə və onların dəstəklənməsinə son qoymaq" öhdəliyi qoymaq xahişi əsassız idi.

Hakimlər Ermənistanın Azərbaycanın üzərinə Dağlıq Qarabağa qaz tədarükünü dayandırmamaq öhdəliyi qoymaq xahişini təmin etməyiblər, erməni hüquqşünasların Azərbaycanın qaz tədarükündə fasiələlərə yol verdiyi haqqında iddialarını dəstəkləyən kifayət qədər dəlil təqdim etmədiklərini bildiriblər.

Hakimlər həmçinin Azərbaycanın Ermənistanın bölgənin Azərbaycan vətəndaşlarının qayıdacağı rayonlarına yerüstü minalar və mina tələlər quraşdırmasına son qoyulması və ya bunun qarşısının alınması haqqında qərar çıxarmaq barədə sorğusunu təmin etməyiblər.

Bir ildən bir qədər əvvəl məhkəmə hər iki ölkənin üzərinə müharibədən sonra bir-birinin vətəndaşlarına qarşı ayrı-seçkiliyə son qoymaq və münaqişəni daha da dərinləşdirməmək öhdəliyi qoymuşdu.

Xatırladaq ki, 12 dekabr 2022-ci il tarixində Ermənistan tərəfi Azərbaycanın Ekologiya Nazirliyinin mütəxəssislərinin Qarabağda qanunsuz olaraq istismar olunan iki yataqda monitorinq aparmasına mane olduqdan sonra Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Laçın dəhlizini bağlayıblar. Fəallar bu yoldan keçən mülki yükləri və milliyyətcə erməni olan şəxsləri maneəsizcə buraxırlar.