Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan ilk köməyə gedən olub, Rusiya, Ermənistan, Tayvan... kömək təklif edir - Dünya necə birləşir


Kahramanmaraşda ötən gün səhər saatlarında baş verən və sonradan da davam edən zəlzələlərdən sonra çox sayda ölkədən Türkiyəyə başsağlığı və yardım mesajları gəlib.





Prezident Erdoğan beynəlxalq yardımlar üçün təmas xətlərinin açıldığını, NATO və Avropa ittifaqına əlavə olaraq, 45 ölkənin yardım təkliflərinin Ankaraya çatdığını bildirib.





Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus təcili yardım briqadalarının zəlzələdən zərərçəkmiş insanlara təxirəsalınmaz tibbi xidmət göstərmək üçün təlimatlandırıldığını açıqlayıb.








Türkiyə zəlzələ








Azərbaycan 420 nəfərlik xilasedici heyətlə ilk köməyə gedənlərdən olub




Türkiyə ilə həmrəylik nümayiş etdirən və ona ilk yardım göndərən ölkələrdən biri Azərbaycan olub.





Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər elə bazar ertəsi Türkiyəyə yola salınıb.





Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti də Türkiyəyə yollanıb.





Bundan başqa, 10 hərbi həkim, 8 tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı artıq Türkiyədədir, Azərbaycan XİN bildirib.




Dünyanın bir çox ölkəsindən kömək gəlir




İsraildən yola düşən “Zeytun Budaqları” adlı humanitar yardım qrupu bu gün səhər Adanaya gəlib və ilkin qiymətləndirmələrinin ardından xilasetmə işlərinə başlamaq üçün zəlzələ bölgələrinə doğru hərəkət edib.





İsrailin xarici işlər naziri Eli Cohen deyib ki, Xarici İşlər Nazirliyinə "təcili yardım proqramı hazırlamağı" tapşırıb.





Hindistanın göndərdiyi ilk təyyarə Adanaya eniş edib.





Avropa İttifaqının 19 üzv ölkəsindən 30-dan çox axtarış-xilasetmə və tibbi qrupun Türkiyəyə getmək üçün səfərbər edildiyini bildirib. Bu qruplara 1200-dən çox xilasedici və 70 axtarış iti daxildir.





Aİ sözçüsü bildirib ki, 11 komanda bu gün əraziyə çatıb, digərləri isə yoldadır.





Aİ-dən dəstək göndərən ölkələr Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Hollandiya, Polşa, Rumıniya, İtaliya, Macarıstan, Avstriya, Almaniya, Estoniya, İspaniya, Malta, Slovakiya, Portuqaliya, Monteneqro və Albaniyadır.





Çin ilk xilasetmə qruplarının çərşənbə axşamı Türkiyədə işə başladığını və ölkəyə 5,9 milyon dollarlıq təcili yardım göstərəcəyini söyləyib.





Fevralın 6-da Yaponiyadan gələn təbii fəlakətdən xilasetmə dəstəsinin üzvləri Tokionun Haneda hava limanından Türkiyəyə yola düşüb.





İrandan da 6 briqada yola çıxıb.





Rusiya, Ermənistan, Tayvan... kömək təklif edir





Rusiya Fövqəladə Hallar Nazirliyi 100 nəfərlik IL-76 təyyarəsinin ehtiyac olarsa, Türkiyəyə uçmağa hazır olduğunu bildirib.





Rusiya Prezidenti Vladimir Putin Türkiyə və Suriyaya Rusiyanın köməyini təklif edib, lazım olan köməyi göstərməyə hazır olduqlarını açıqlayıb.





Tayvan Yanğınsöndürmə İdarəsi 130 nəfərlik komanda, 5 axtarış iti və 13 ton yardım məhsullarının Türkiyəyə getməyə hazır olduğunu söyləyib.





Ermənistanın Baş naziri Nikol Paşinyan da sosial media hesabından etdiyi açıqlamada "Türkiyə və Suriyada çox sayda itkiyə səbəb olan dağıdıcı zəlzələ xəbərinin hüznünü yaşayırıq. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralılara şəfa diləyirik. Ermənistan yardım etməyə hazırdır” deyib.





Cənubi Koreya Prezidenti Yoon Suk-yeol Türkiyəyə xilasedicilər və təcili yardım məhsullar göndərilməsi təlimatını verib.





Prezident adminstrasiyası "Yoon müvafiq dövlət qurumlarına Türkiyə ehtiyac duyarsa, əlavə dəstək tədbirləri görməklə bağlı tapşırıq verib”, -deyə açıqlama verib.





Avropa İttifaqı "böhrana müdaxiləni" müzakirə edir




Avropa İttifaqı (Aİ) Türkiyə və Suriyada baş verən zəlzələdən sonra “böhran müdaxiləsi” toplantısı keçirib.





Aİ zəlzələ sonrası ərazidəki ilkin yardım briqadalarını dəstəkləmək üçün 10 komandanın səfərbər edildiyini bildirmişdi.





Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə yüksək təmsilçisi Josep Borrell və Avropa Komissiyası Böhran İdarəetmə komissarı Janez Lenarçiç Türkiyədəki zəlzələ ilə bağlı ortaq yazılı açıqlamada Aİ-nın axtarış-xilasetmə briqadalarının səfərbər edildiyi vurğulanıb.





"Ərazidəki ilkin müdaxilə briqadalarını dəstəkləmək üçün Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Hollandiya, Polşa və Ruminiyadan 10 “şəhərdə axtarış-xilasetmə” briqadası sürətli səfərbər edilib”, -deyə açıqlamada qeyd olunur.





İtaliya və Macarıstan da Türkiyəyə xilasetmə briqadası göndərməyi təklif edib.





İspaniya şəhər xilasetmə qrupları da Türkiyəyə getməyə hazırlaşır.









zəlzələ








Bolqarıstandan gələn 59 nəfərlik qrup Türkiyəyə Edirnedən daxil olub




Bolqarıstandan 19 xilasedici maşınla yola çıxan 59 nəfərlik qrup ölkəyə Edirnedəki Kapıkule gömrük-keçid məntəqəsindən daxil olub.





Zəlzələ bölgəsində axtarış tədbirlərinə qoşulacaq olan Bolqarıstan axtarış-xilasetmə briqadasının rəhbəri Kaloyan Donçev "Biz sizinlə qonşuyuq və sizin yaşadığınız hər pis hadisə bizə dərindən təsir edir. Sizin Türkiyədə hazırlıqlarınızın böyük olduğunu bilirəm və lazım olan hər şeyi edirsiniz. Lakin biz qonşu olaraq bu vəziyyətə göz yuma bilmədik”, -deyə bildirib.





Yunanıstandan başsağlığı və həmrəylik mesajları





Yunanıstanda dövlət rəsmiləri ilə yanaşı, bütün siyasi partiyalar türk xalqının yaşadığı faciədən duyduqları dərin üzüntülərini ehtiva edən mesajlar yayıblar.





Baş nazir Kiryakos Miçotakis Nazirlər Şurası toplantısından sonra TV kanallarına verdiyi canlı açıqlamda “Yardım məqsədi ilə yunan dağıntı və yanğınsöndürmə bölmələrinin Türkiyəyə göndərildiyini" və “Türkiyənin istədiyi təqdirdə, zəlzələ qurbanları üçün dərman, çadır, yorğan və tibbi briqada göndərməyə hazır olduqlarını" qeyd edib.









Yunanıstan








Hollandiyadan briqada, Belçikadan təcili yardım zərfi




Hollandiya Qızılxaç Təşkilatı Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün yardım kampaniyası başladıb.





Qurumun açıqlamasında “Dağıntı, toz, ümidsizlik, üzüntü. Saniyələr içində böyük bir zəlzələ Türkiyə və Suriyadakı insanların həyatını tamamilə paramparça etdi. Dağıntılar altındakı insanları axtarmaq, tibbi yardımla təmin etmək və hər şeyini itirmiş insanların qayğısına qalmaq üçün kömək edəcəyik”, -deyə qeyd olunub.





Hollandiya Şəhər Axtarış və Xilasetmə Qrupuna bağlı olan 65 xilasedici və 8 xüsusi təlimatlı it Türkiyəyə doğru hərəkət edib.





Yerli saatla 19:00 radələrində Eindhoven-dən hərəkət edən Hollandiya xilasetmə briqadasını 15 ton ağır xilasetmə avadanlığının olduğu bir karqo təyyarəsi də müşayət edir. Qrupda əsgər, polis, yanğınsöndürmə briqadası və təcili yardım işçiləri də yer alır.





Belçika hökuməti də Türkiyədəki zəlzələ qurbanları üçün tibbi briqada göndərməyə qərar verib.





Qrupun neçə nəfər olacağı və nə zaman hərəkət edəcəyi planlaşdırılır.





Belçikadakı Flaman hökuməti Türkiyə ve Suriyadakı zəlzələdən zərərçəkənlər üçün 200 min avroluq (təxminən 365 min manat) yardım zərfi hazırlayıb.





Yerli hökumətin Baş naziri Jan Jambon Xarici İşlər Nazirliyinin büdcəsindən ayrılan təcili yardım vəsaitinin sürətli və hədəfli bir şəkildə necə istifadə oluna biləcəyini araşdırdıqlarını açıqlayıb.





Jambon, “Daha artıq yardıma ehtiyac olarsa, bu rəqəm daha da artırılacaq. Hökumət olaraq bunu araşdıracağıq”.





Fransadan 139 nəfərlik xilasetmə qrupu Türkiyəyə yollanır





Fransa daxili işlər naziri Gerald Darmanin sosial mediada etdiyi paylaşımda 139 axtarış-xilasetmə işçisinin Türkiyəyə gedəcəyini açıqlayıb.





Darmanin öz paylaşımında “Fransa Prezidentinin tələbi ilə mülki müdafiədən 139 axtarış-xilasetmə işçisinin Avropa həmrəylik mexanizmi çərçivəsində bu axşam Türkiyəyə yola düşəcək. Fransa bu dəhşətli vəziyyətdə Türkiyə ilə tam həmrəydir”, -deyə bildirib.









Fransa








İtaliyadan ilk axtarış-xilasetmə briqadası Türkiyəyə yola düşüb




DHA-nın məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyinin fövqəladə və yanğınsöndürmə qruplarından ibarət ilk mülki müdafiə qrupunun axtarış-xilasetmə işlərində iştirak etmək üçün yola düşdüyü bildirilib.









Türkiyə








ABŞ: Zərərçəkənlərə kömək etmək üçün "əlimizdən gələni etməyə qərarlıyıq"








Clint








ABŞ Prezidenti Joe Biden zərərçəkmiş bölgələrə təcili yardım üçün icazə verdiyini və administrasiyasının Türkiyədəki səlahiyyətlilərlə sıx təmasda olduğunu söyləyib.





ABŞ-ın dövlət katibi Entoni Blinken zəlzələ ilə bağlı bu açıqlamanı verib:





"Birləşmiş Ştatlar Türkiyə və Suriyanın şimal-qərbində baş verən bu böyük zəlzələyə münasibətini bildirir. Mən komandama bölgənin nəyə ehtiyacı olduğunu müəyyən etmək üçün yaxın günlərdə türk rəsmiləri və humanitar yardım tərəfdaşlarımızla sıx əlaqə saxlamağı tapşırmışam”.





"Türkiyəyə ilk yardım dəstəyimiz başladı və biz Suriyada ABŞ-ın dəstəklədiyi humanitar yardım təşkilatları ilə işləyərək zəlzələlərin təsirlərinə cavab veririk. Bu günlərdə, həftələrdə, aylarda bu zəlzələlərdən zərərçəkənlərə kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”.





Böyük Britaniya Türkiyəyə 76 nəfərlik axtarış-xilasetmə qrupu da daxil olmaqla təcili yardım göndərir




Britaniya xarici işlər naziri James Cleverly sosial mediada Türkiyəyə təcili yardım göndərdiklərini açıqlayıb.





Onun bəyanatında aşağıdakı sözlər yer alıb:





"Böyük Britaniya Türkiyəyə 76 nəfərlik axtarış-xilasetmə qrupu, avadanlıq və xilasedici itlər də daxil olmaqla, təcili yardım göndərir. Suriyada Britaniya tərəfindən maliyyələşdirilən "Ağ Dəbilqəlilər" fövqəladə vəziyyətə cavab vermək üçün öz resurslarını səfərbər edib. Ehtiyac olarsa, biz əlavə yardım göstərməyə hazırıq”.





Özbəkistandan 100 nəfərlik axtarış-xilasetmə qrupu








Türkiyə zəlzələ








Özbəkistan Prezidenti Şövkət Mirziyayevin göstərişi ilə Türkiyəyə humanitar yardım, xüsusi avadanlıq və 100 nəfərlik axtarış-xilasetmə qrupunun göndəriləcəyi açıqlanıb.