Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Azərbaycan həm erməni, həm də İran terror təşkilatlarının hədəfindədir”

Yanvarın 27-də saat 8:30-da Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edildi. Hücum edən  şəxs səfirliyin binasına daxil olaraq “Kalaşnikov” avtomatından atəş açdı. Nəticədə səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak oldu, iki nəfər isə yaralandı.

Bu silahlı hücuma görə kim məsuliyyət daşıyıq? Bir il ərzində Azərbaycanın xaricdəki 5 səfirlik binasında buna bənzər hadisələrin baş verməsi təsadüfidirmi? Bu hücumların arxasında kim dayanır?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Turan-ın suallarını cavablayıb.

* * *

Sual: Tehranda Azərbaycan səfirliyinə silahlı basqın hadisəsinə görə məsuliyyət kimin üzərindədir? İran tərəfi bunu ailə-məişət hadisəsi kimi təqdim edir. Bununla məsuliyyəti üzərindən ata biləcəkmi?

Cavab: Azərbaycan səfirliyinə silahlı basqının məsuliyyəti birbaşa İran İslam Respublikasının üzərindədir. 1961-ci il Vyana konvensiyasına görə diplomatik korpusun təhlükəsizliyi olduğu ölkəniun üzərinə düşür. Bu təminat yalnız fiziki mühafizə ilə yekunlaşmır, həm də səfirlik ətrafında əməliyyat şəraitinə nəzarət edilməli, şübhəli bilinən insan, predmet ətrafında əməliyyat tədbirləri həyata keçirilir. Burada isə fiziki mühafizənin tam fəaliyyətsizliyi açıq görünür, üstəlik 10 ay əvvəl səfirliyə müraciət edib aqressivlik nümayiş etdirən həmin şəxs ətrafında əməliyyat tədbirləri görüb, bir müddət nəzarətdə saxlamalı idi. İran bu hadisənin məsuliyyətini bilir və elə bildiyinə görə də hadisənin məişət zəminində baş verdiyini iddia edir. İran onsuz da dünyada terroru yaradan, dəstəkləyən, maliyyələşdirən bir dövlət kimi tanınır. Ona görə də məsuliyyəti üzərindən asanlıqla ata bilməyəcək.

Sual: Azərbaycan bu olaya görə hansı addımlar atmalıdır? İrandan, Beynalxalq aləmdən nə tələb etməlidir?

Cavab: Azərbaycanın bu hadisəyə görə addımları diplomatik səviyyədə olmalı, İran dövlətinə iradlar və etirazlar sərt şəkildə bildirilməlidir. İrandan istintaq işlərinin düzgün və şəffaf aparılması tələb olunmalı və hadisəylə əlaqədar DTX-nın açdığı cinayət işinə görə bizim istintaq heyətimizlə cinayət işinin birlikdə aparılması üçün real şərait yaradılmalıdır. Beynəlxalq aləmin böyük bir kəsimi isə artıq hadisəyə münasibət bildirib, bu terror aktını pisləyən bəyanatlar verib. İrandan perspektivdə istintaqın düzgün versiyaya əsaslanıb aparılması və səfirliyin təhlükəsizliyini ciddi şəkildə qoruyacağı tələb olunmalıdır.

Sual: İran özünü necə təmizə çıxara bilər? Azərbaycanla münasibətləri zərbə altında qoymamaq üçün nələr etməlidir?

Cavab: İran daha çox səssiz qalacaq. Necə ki, 27 İran vətəndaşının Azərbaycan ərazisinə keçməsi ilə əlaqədar Azərbaycan XİN-in notasına indiyədək cavab vermədiyi kimi, bu hadisəyə də münasibəti elə olacaq. İran Azərbaycanla münasibətlərini həmişə gərgin saxlayıb, hətta müharibə həddinə çatdırıb. Bu səbəbdən Azərbaycanla münasibətlərində soyuqluq İranı o qədər də narahat etmir. İran düşmənimiz Ermənistana xoş olan addımlarını atmaqda davam edəcək və maksimum çalışacaq ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasın. Azərbaycanla münasibətlər onsuz da zərbə altındadır və oradan çıxmaq niyyəti yoxdur. Əksinə, klassik ənənəsinə sadiq qalaraq Azərbaycanda dini dövlət qurmağın yeni variantalarını axtaracaq.

Sual: Xatırlayırsınızsa, sizinlə xarici ölkələrdə DTX əməkdaşlarının ştat sayının artırılması ilə bağlı prezidentin fərmanı  barədə söhbət etmişdik. Ola bilərmi, xarici ölkədələrdəki Azərbaycan səfirliklərində belə hadisələrin ola biləcəyi barədə Azərbaycan hakimiyyətində hansısa siqnallar olduğundan belə bir fərman verilib?

Cavab: Bu terror hadisəsidir. Prezidentin fərmanında da “beynəlxalq terrorizmə, mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa” qarşı mübarizə kimi DTX əməkdaşlarının xaricdə diplomatik və beynəlxalq təşkilatlarda sayının artırılması əsaslı hesab edilir. O söhbətdə də qeyd etmişdim ki, alınan informasiyalar göstərir ki, bu istiqamətdə yeni əməliyyat şəraiti formalaşır və buna görə də zəruri addımların atılması vacib hesab olunur. Konkret olaraq bu hadisə ilə bağlı olmasa da, perspektivdə belə hadisələrin gözlənilməsinə dair əsaslı məlumatların olması ehtimalı böyükdür.

Sual: 4 avqust 2022-ci il - «The Mahdi Servants Union»  radikal dini qruplaşmasının üzvləri Azərbaycanın Londondakı səfirliyinin binasına hücum etdilər.  16 sentyabr 2022-ci il  ermənilərdən ibarət qrup Azərbaycanın Livanın paytaxtı Beyrutdakı səfirliyinə hücum edib. Kütlə səfirliyin binasına girməyə cəhd edib, ancaq təhlükəsizlik qüvvələri tərəfindən durdurulub. 18 sentyabr 2022-ci- erməni radikallar Azərbaycanın Parisdəki səfirliyinə hücum ediblər. Onların binaya giriş cəhdinin qarşısı alınıb. 2022-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobili atəşə tutulub. 2022-ci ildə 4 hadisə. İl ərzində isə son hadisəni də nəzərə alsaq, 5 hadisə. Bütün bunlar nədən xəbər verir? Və Azərbaycan bu kimi hadisələrdən qorunmaq üçün hansı addımlar atmalıdır?

Cavab: Azərbaycanla Ermənistan arasında on illərdir ki, davam edən Qarabağ münaqişəsi və İranla olan gərgin münasibətlər deməyə əsas verir ki, Azərbaycan həm erməni terror təşkilatlarının, həm də İran tərəfdən idarə olunan radikal dindar qrupların hədəfindədir. Bəlkə də bizim kimi terror təşkilatları ilə “ad çıxarmış” bu ölkələrlə gərgin münasibətdə olan ikinci dövlət yoxdur. Biz iki terrorist ölkənin qonşuluğunda və eyni zamanda hədəfindəyik. İndiyədək Azərbaycan xüsusi xidmət orqanları, konkret olaraq DTX bu istiqamətdə uğurlu fəaliyyət göstərib və bu gündən sonra da işini daha da təkmilləşdirəcək.

Sual: Ümumiyyətlə, Tehrandakı son hadisəyə necə qiymət verilməlidir?

Cavab: Bu hadisə Azərbaycan Respublikasına qarşı yönəlmiş terror aktıdır və İran İslam Respublikası buna görə məsuliyyət daşıyır. İrandakı diplomatik heyət, ailə üzvləri Bakıya gətirilməli və səbəb kimi də İran dövlətinin Azərbaycan Respublikasının vətəndaşlarının təhlükəsizliyinə zəmanət verə bilmədiyi vurğulanmalıdır.