Azərbaycan 3 ildir quru sərhədlərini bağlı saxlayır. Rəsmilərin açıqladığı səbəbə çoxları inanmır
23 Fevral 2023
Pandemiya başlayandan bəri artıq 3 ildir ki, Azərbaycanın quru sərhədləri bağlıdır və minlərlə azərbaycanlı və gürcü öz yaxınları ilə görüşə bilmir. Üstəlik, onların biznesləri də çöküb. Sərhədin kovid yoluxmalarına görə bağlı saxlandığı barədə rəsmi versiyaya az adam inanır.
Tamar və həyat yoldaşı Amiran qızlarından cəmi 200 kilometrlik məsafədə yaşasalar da, 4 ildir ki, nəvələrinin yanına gedə bilmirlər. Bu yaxınlarda onların daha bir nəvəsi dünyaya gəlib, amma onu yalnız “Skype”-da görüblər.
Tamar və Amiran Azərbaycanın şimalındakı sərhədyanı Qax şəhərində yaşayan etnik gürcülərdir. Onların xahişləri ilə hər ikisinin adını dəyişmişik: onlar bu mövzuda açıq danışmaqdan, Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gəlməkdən qorxurlar.
Əvvəllər Tamar və Amiran ildə iki-üç dəfə Gürcüstandakı qohumlarının yanına gedirdilər, indi isə bunun üçün Bakıya gedib təyyarəyə minməlidirlər. 2020-ci ildən bəri paytaxta gedən qatarlar da işləmir və onlar təxminən 400 km-lik məsafəni avtobusla qət etməlidirlər. Təyyarə bileti 300 manatdır – az qala Tamarın bir aylıq maaşı qədər.
"Əvvəllər yolpulu bir xoruzun qiyməti qədər idi, satıb gedə bilirdik. İndi isə gərək yaxşı bir buğa satasan", - Amiran deyir.
Karantin rejimi
Azərbaycanda “xüsusi karantin rejimi” 2020-ci ilin mart ayında - bütün dünyada koronavirusa görə qapanmalar başlayan vaxt tətbiq edilib. İlk iki il ölkədə ciddi qaydalar və qadağalar qüvvədə olub: məsələn, Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq burada pandemiyanın birinci ilində insanların çoxuna yalnız 2-3 saatlığa, həm də səlahiyyətli orqanlara xüsusi SMS mesajı göndərməklə çölə çıxmağa icazə verilib. 2020-ci ilin yayında isə hakimiyyət bir neçə dəfə və bir neçə günlüyə vətəndaşlara evlərini tərk etməyi tamamilə qadağan edib, bu qadağını pozanlar sərt şəkildə saxlanılıb.
2022-ci ilin yayında məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılıb, restoranlarda kovid pasportlarını yoxlamaq kimi bəzi qaydalara praktikada əməl olunmayıb. Amma ölkənin hava məkanı pandemiyanın ən qızğın dövründə də açıq qalıb. Bir il əvvəl yoluxmaların sayı gündə, demək olar ki, 5 minə çatırdısa, indi hər gün cəmi 10-20 fakt qeydə alınır.
BBC sərhədlərin bağlı qalmasının səbəbini öyrənmək üçün Nazirlər Kabinetinə sorğu göndərib, amma bu material dərc olunanadək cavab almayıb.
Azərbaycan İran, Ermənistan, Rusiya və Gürcüstanla həmsərhəddir – bu ölkələrdən gələnlərin sayına görə Gürcüstanı yalnız Rusiya üstələyir.
Gürcüstan quru sərhədlərini hələ 2021-ci ildə açıb, amma Azərbaycan sərhədləri hələ də bağlıdır (Azərbaycanı tərk edən Gürcüstan vətəndaşları istisna olmaqla). Keçən yaya qədər Gürcüstanda yaşayanlar quru sərhədi keçmək üçün Azərbaycan səfirliyinə müraciət edə bilərdilər, amma indi bu variant da yoxdur.
Müxalifət, o cümlədən, bir çox sadə vətəndaşlar sərhədin kovidə görə bağlı saxlanıldığına inanmırlar. Bəziləri hesab edir ki, səbəb 2020-ci ilin payızında müharibənin baş verdiyi Qarabağda vəziyyətin hələ də sabit olmamasıdır; digərləri isə düşünür ki, hakimiyyət Rusiyadakı səfərbərlikdən qaçanların ölkəyə axışacağından ehtiyat edir.
"Kovid bitdi, niyə [sərhədləri] açmırlar?" - Amiran məndən soruşur. Tamar onun sözünü kəsir: "İldə heç olmazsa iki dəfə buraxsınlar. Burada çoxu belə deyir. Gürcüstanda qohumları olanlar üçün hansısa sistem yaradılmalıdır. Atam pandemiya vaxtı vəfat etdi, Gürcüstanda yaşayan bacım onun dəfninə gələ bilmədi. Görün iş nə yerə gəlib çatıb”.
Qaxda başqalarının da sərhədlə bağlı problemləri var: bəziləri sərhəddə ticarətlə məşğul olur, bəziləri Gürcüstandan avtomobil hissələri gətirir, bəziləri isə turizmdən pul qazanır.
Rəsmi məlumata görə, Azərbaycanda 10 minə yaxın etnik gürcü yaşayır – bu, ölkə əhalisinin 0,1%-i deməkdir. Gürcüstandakı azərbaycanlıların sayı isə daha çoxdur - 2014-cü ildəki siyahıyaalmaya görə, ölkədəki ən böyük milli azlıq onlardır (233 min nəfər - əhalinin 6,3%-i) və demək olar ki, hamısı ölkənin cənub-şərqindəki Kvemo-Kartli bölgəsində yaşayır. Qaxdan fərqli olaraq sərhəddəki vəziyyətdən orada hamı şikayətlənir.
"Burada hər şey ölüb"
Sərhədin Gürcüstan tərəfindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində əvvəllər qaynar bir həyat vardı: insanlar cərgələrə düzülüb pendir, şərab, gürcü ədviyyatları satır; sərnişin avtobusları kolonlarla hərəkət edir, müştəri axtaran taksi sürücüləri isə ətrafda dövrə vururdular. Yerli əhalinin çoxu qarşı tərəfdən kartof, soğan, pendir gətirməklə pul qazanırdılar.
İndi buralar boşdur. Gördüklərim bekarçılıqdan darıxan bir neçə taksi sürücüsü və mənə bir şüşə ev şərabı uzadıb onu almağımı və bir ovuc Azərbaycan qəpiyini gürcü larisinə dəyişməyimi xahiş edən bir qadın oldu.
“Burada hər şey ölüb” - taksi sürücülərindən biri belə deyir.
Birdən sürücülər hərəkətə gəlir - qarşı tərəfə avtobus yaxınlaşır. Keçid məntəqəsinin qapısından cəmi bir adam - əlində çamadan olan bir qız çıxır. Taksi sürücüləri onun yanına tələsirlər, amma onun ardınca maşın gəlib. Sürücülər dağılışırlar.
Onlardan biri mənə deyir ki, qohumunun uşağını Gürcüstana gətirmək üçün 1000 lariyə (645 manata) təyyarə bileti alıb, halbuki onların evi sərhədə lap yaxındır. "Buradan iki kilometr aralıdadır, cəmi iki kilometr. Mən həmişə onlara piyada gedirdim, amma indi gedə bilmirəm!" – sürücü bunları mənə az qala qışqıra-qışqıra, nəzarət-keçid məntəqəsinə tərəf uzatdığı əlini silkələyərək deyir.
Həmin an sərhədçiləri görüb sözünü dəyişir: “Bilirsən nə var, gəl burdan gedək”. Sonra da izah edir ki, bəzi taksi sürücüləri burada qeyri-qanuni, lisenziyasız işləyirlər. Amma indi iş çox deyil, evlərinə qayıdan Gürcüstan vətəndaşları ilə rastlaşmaq ümidilə dayanıblar.
“Ümumiyyətlə, adam azdır, bəzən bir-iki müştəri olur, bəzən heç bu da olmur”.
Sərhəddən qırx dəqiqəlik məsafədə yerləşən, əsasən etnik azərbaycanlıların yaşadığı Marneuli şəhərində insanlar Bakıdan gələn birini görüb özləri danışmağa başlayırlar.
"Sərhədləri nə vaxt açacaqsız?" - yerli bazarda ədviyyat satan qadın məndən soruşur. Çiynimi çəkirəm. Söhbətimizi eşidənlər - həm satıcılar, həm də müştərilər başımıza toplaşır. Hamısı eyni vaxtda danışır, amma problemləri eynidir - hər iki tərəfdəkilər qohumlarının yasına-toyuna, müalicə almağa gedə bilmirlər.
“Orada qardaşım, qardaşım oğlu var, bütün qohumlarım oradadır. Qardaşım əməliyyat olundu, amma pulum olmadı deyə gedə bilmədim” – ədviyyat satıcısı belə deyir.
“Niyə Azərbaycan bizə, öz azərbaycanlılarına belə zülm edir? Karantindirsə, niyə sərhədi tək keçmək olmaz, amma 100 nəfəri siyənək balığı kimi bir təyyarəyə doldurmaq olar?”
68 yaşlı Telmanın da vəziyyəti eynidir - qohumlarının çoxu Bakıda yaşayır, amma 3 ildir ki, onları görmür. “Anam, qardaşlarım oradadır. Anamın 95 yaşı var, ölsə, gedə bilməyəcəm” deyir. Azərbaycandakı qohumları da kasıb yaşayırlar, gedib baş çəkə bilmirlər. Atası Marneuli xəstəxanasında ölüm ayağında olan baldızı onunla vidalaşmağa gələ bilmir.
Qonşuluqdakı Rustavi şəhəri sovet dövründə sənaye mərkəzi olub, amma indi dünyanın hər yerindən gətirilən işlənmiş avtomobillərin satış mərkəzi kimi tanınır. Azərbaycan vətəndaşları illərdir ki, Rustavidən maşın alıb aparırlar.
Səkkiz ildir bu bazarda işləyən Əzəmətin sözlərinə görə, sərhədlər bağlanandan sonra alver azalıb: "İndi alıcı maşını evakuatora yükləməli, özü isə təyyarəylə uçmalıdır. Bu isə əlavə xərc deməkdir, azərbaycanlıların imkanlarını məhdudlaşdırır".
Sərhədlərin bağlanması digər ölkələrə tədarük logistikasını da çətinləşdirib: əvvəl avtomobilləri Azərbaycan ərazisindən Rusiyaya, Qazaxıstana və Qırğızıstana aparırdılar - Yuxarı Larsdakı (səfərbərlikdən qaçan rusiyalılar sayəsində məşhurlaşmış, Rusiya-Gürcüstan sərhədindəki keçid məntəqəsi) aşırımlarla getməkdənsə, çöllüklə və yaxşı yollarla hərəkət etmək daha asan və təhlükəsizdir.
Bahalı uçuşlar
Pandemiyadan əvvəlki dövrlə müqayisədə Azərbaycandan Gürcüstana və əksinə turist axını bir neçə dəfə azalıb, amma quru sərhədlərinin bağlı olması hava yolu ilə sərnişin daşımalarının həcmini artırıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Gürcüstandan Azərbaycana 601 min nəfər gəlib, onlardan yalnız 11 mini (2 faizdən az) təyyarə ilə uçub. Quru sərhədlərinin bağlı olduğu 2022-ci ildə isə Gürcüstandan Azərbaycana 83 min nəfər uçub.
2019-cu ildə Azərbaycandan Gürcüstana 1.35 milyon nəfər gedib - 1,337 milyon nəfər quru yolla və cəmi 16 min nəfər (1.2 faiz) təyyarə ilə. 2022-ci ildə isə Gürcüstana 128 min azərbaycanlı gedib - hamısı təyyarə ilə.
Beləliklə, Gürcüstandan Azərbaycana hava yolu ilə sərnişindaşımalarının həcmi təxminən 8 dəfə, Azərbaycandan Gürcüstana isə 4.5 dəfə artıb.
Bakı və Tbilisi arasında uçuşları yalnız iki daşıyıcı şirkət - dövlətə məxsus AZAL (Azərbaycan Hava Yolları) və onun aşağı büdcəli qurumu “Buta Airways” həyata keçirir. 2017-ci ildə həftədə təxminən səkkiz, indi isə gündə dörd reys olur. Buna baxmayaraq AZAL zərərlə işləyən şirkət olaraq qalmaqdadır.
Bakıdan uçmaq həqiqətən də bahadır – “Buta Airways” reysləriylə Tbilisiyə və geriyə ən ucuz bilet 290 manat (168 dollar), ölkədəki orta əmək haqqı isə 765 manatdır (450 dollar). Avropa ölkələri arasında oxşar məsafələrə uçuşlar bundan bir neçə dəfə ucuz başa gəlir.
Azərbaycanda aviabiletlərin baha olması həm sadə vətəndaşları, həm də deputatları narahat edir. Macarıstanın aşağı büdcəli “WizzAir” və Türkiyənin “Pegasus” aviaşirkətlərinin nümayəndələri Azərbaycana qiymətlərin baha olmasını Bakı hava limanında xidmətin baha olması ilə izah ediblər.
***
Azərbaycanda sərhədlərlə bağlı “xüsusi karantin rejimi”nin müddəti hər iki aydan bir uzadılır və martın 1-də başa çatması gözlənilən karantin rejimi Nazirlər Kabinetinin 21 fevral tarixli qərarı ilə daha 2 ay müddətinə - mayın 1-dək artırıldı.
Mən artıq Bakıya qayıdandan sonra Tamar dedi ki, əri Tiflisə uçmaq qərarına gəlib, onlar təyyarə biletinə və hətta perforator üçün baqaj yerinə də pul yığıblar – orada Amiran qızının evini təmir edəcək.
Soruşdum ki, havalar isinənədək may ayını gözləmək daha yaxşı olmazdımı, bəlkə bu dəfə sərhədlər açıldı?
Tamar sualıma belə cavab verdi: “Üç ildir gözləyirik. Mən daha onlara inanmıram. Bir az da gözləsək, ev tamam dağılacaq”.