Logo
news content
User
Kateqoriyalar

Xəbər

AZAL təyyarələrinin ortalama 11 yaşı var

Azərbaycanda təyyarə biletlərinin bahalığı istər yoxsul, istərsə varlı kəsimdən olan sərnişinləri rahatsız edir. Bu məsələ vaxtaşırı gündəmə gəlir və dartışılır. Özəlliklə dövlətə məxsus hava yolu şirkətinin – AZAL-ın bazarda hegemon mövqeyə sahib olması qiymət bahalığının əsas səbəbi sayılır. Açıqlanan rəsmi bilgilərdən bəlli olur ki, ötən il də bu durum dəyişməyib. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev yerli mediaya müsahibəsində bildirib ki, 2022-ci ildə Azərbaycanın hava limanlarında 36 min reys yerinə yetirilib, bunun 18 minini AZAL gerçəkləşdirib. Bu o deməkdir ki, hər iki reysdən birini AZAL icra edir. Qurum rəsmisinin bildirdiyinə görə, ötən il 36 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib. Belə nəticə çıxır ki, ölkədə gerçəkləşdirilən reyslərin tən yarısı AZAL-ın, yerdə qalan yarısı isə 36 fərqli şirkətin payına düşüb.

Sırf beynəlxalq reyslər üzrə sərnişindaşımada AZAL-ın payı 41 faizdir. AZAL-dan sonra Azərbaycan hava limanlarından xarici ölkələrə ən çox sərnişin daşıyan hava yolu şirkətləri "Turkish Airlines", "Aeroflot", "Utair", "FlyDubai" və "WizzAir"dir. Müqayisə üçün, ötən il qonşu Gürcüstan aviabazarının lideri Macarıstanın "WizzAir" aviaşirkəti olmuşdu. Onun bazar payı cəmi 13 faiz idi. Deməli, AZAL ilə müqayisədə təxminən dörd dəfə az. İkinci və üçüncü pillələrdə isə, uyğun olaraq, "Turkish Airlines" (12 faiz) və "Pegasus" (9 faiz) qərarlaşmışdı. Başqa deyimlə, Gürcüstanda sərnişindaşımaya görə ilk üç yeri tutan hava yolu şirkətlərinin toplam bazar payı (34 faiz) AZAL-ın Azərbaycan bazarındakı payından (41 faiz) daha azdır. Gürcüstanın milli aviasiya daşıyıcısı Gürcüstan Hava Yolları sərnişin sayına görə, vur-tut, 9-cu yeri tuta bilmişdi. Bu, hətta AZAL-ın Gürcüstan bazarında tutduğu yerdən (5-ci yer) daha aşağı nəticədir.

Ötən il AZAL-ın daşıdığı 2 milyon 246 min sərnişinin 1 milyon 700 min nəfərə yaxını –AZAL-ın, 540 min nəfəri isə AZAL-ın aşağıbüdcəli şirkəti "Buta"nın xidmətindən yararlanıb. Şirkət sərnişinlərlə yanaşı, ilboyu 10 min 130 ton yük də daşıyıb.

Bakıdan kənardakı hava limanlarına tələbat yoxdur


AZAL rəsmisinin açıqlamaları daha bir problemi üzə çıxarır. Ölkədə Bakıdakı hava limanını çıxmaqla, digər rayon və şəhərlərdəki hava limanlarından istifadə səviyyəsi yetərsizdir. İndi Azərbaycanda səkkiz beynəlxalq hava limanı var. Bunlardan ikisi – Füzuli və Zəngilan hava limanları işğaldan qurtulan ərazilərdə yeni istifadəyə verilib. Yerdə qalan hava limanlarında - Bakı, Naxçıvan və Gəncədə ardıcıl reyslər var. Qəbələ, Zaqatala və Lənkəran hava limanlarından isə istifadə göstəriciləri çox aşağıdır. Müstəqil ekspertlər tez-tez böyük vəsait xərclənsə də, istifadəsiz qalan bu hava limanlarına görə hökuməti tənqid edir.

AZAL rəsmisi mediaya açıqlamasında bildirib ki, ötən il ölkənin bütün beynəlxalq hava limanlarında 5 milyon 300 min nəfər sərnişin yola salınıb və qarşılanıb. Bunun 4 milyon 400 min nəfəri Bakıda yerləşən hava limanın payına düşüb. Bu o deməkdir ki, sərnişinlərin 83 faizi Bakı hava limanından istifadə edib. Ötən il Bakı hava limanından sərnişinlər ən çox İstanbula uçub. İstanbuldan sonra Bakıdan ən çox sərnişinin daşınan şəhərlər Moskva, Dubay, Tbilisi və Əbu-Dabi olub.

Yeni uçuş istiqamətləri açılacaq


AZAL rəsmisi açıqlamasında şirkətin qarşıdakı dövrdə planlarından da danışıb. Bu il şirkət daha 26 istiqamətdə reys açmağı planlaşdırır. Əgər 2022-ci ildə AZAL 36 istiqamətdə uçuş həyata keçiribsə, bu ilin sonuna həmin rəqəmin 62-yə çatdırılması gözlənilir. Sonrakı mərhələdə istiqamətlərin sayı 85-dək artırılacaq. AZAL pandemiyadan öncə 52 istiqamətdə uçuş gerçəkləşdirirdi. Bu o deməkdir ki, ötən il pandemiyadan öncəki istiqamətlərin ən yaxşı halda 70 faizi bərpa edilib. Bu ilin martından etibarən AZAL Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslər açacaq. Mayda isə Barselona, Vyana və Parisə uçuşlar başlanacaq.

Təyyarələrin ortalama yaşı


AZAL ilə bağlı açıqlanan bilgilərdə təyyarələrin yaşı da diqqət çəkir. Açıqlamada deyilir ki, AZAL-ın təyyarə parkı müxtəlif növlərdən ibarət 29 hava gəmisindən ibarətdir. Təyyarələrin orta yaşı 11-dir. Bu da istər təyyarələrin saxlanılması, istərsə onlara xidmət göstərən işçi heyətinin hazırlanması baxımından xərcləri çoxaldır. Artıq xərclərdən qurtulmaq üçün şirkət 2030-cu ilədək təyyarə parkında yalnız iki növ hava gəmisinin saxlanmasını nəzərdə tutur. Dargövdəli hava gəmilərindən yalnız "Airbus A320 Neo", gengövdəlilərdənsə "Boeing 787 Dreamliner" tipli hava gəmiləri istifadə olunacaq. Ötən il alınmış "Airbus A320 Neo" tipli üç hava gəmisi üçün ilkin ödənişlər və komissiya məbləğləri ödənilib.