Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aydın Caniyev Eynulla Fətullayevin şikayəti əsasında həbs edilib

Yanvarın 26-da Bakının Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin keçmiş müxbiri Aydın Caniyev 1 ay müddətinə inzibati həbs edilib. Bu barədə xəbər Caniyevin Facebook səhifəsində dərc olunub.

O, “Haqqın.az” internet saytın rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında Baş Prokurorluğun təqdimatı ilə həbs edilib.

Caniyev məhkəmənin qərarına etiraz etməyib və vəkilin xidmətindən imtina edib.

Elektron Məhkəmə portalının məlumatına görə, Caniyev İnzibati Xətalar Məcəlləsinin 388-1. Maddəsi ilə (İnternetdə və ya informasiya şəbəkəsində qadağan olunmuş məlumatların yerləşdirilməsi) həbs edilibb.

Fətullayevin özüdə Turan-a Caniyevdən şikayət etdiyini təsdiqləyib.

“Artıq bir neçə aydır ki, facebook səhifəsində ailə üzvlərimə və şəxsən mənə qarşı təhqirlər yazır. Mən onun cəzalandırılması ilə bağlı prokurorluğa müraciət etmişəm”, – Fətullayev bildirib. O, həmçinin təhqiredici yazıların skrinşotlarını təqdim edib.

Xatırladaq ki, Caniyev keçmişdə “Azadlıq” qəzetinin və bir sıra digər nəşrlərin əməkdaşı olub.

2011-ci ilin noyabrında o, xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin bir sıra jurnalist təşkilatları hesab edirdilər ki, Caniyevin həbsinin əsl səbəbi onun “Xural” qəzetində din xadimləri haqqında yazdığı tənqidi məqalədir.

2012-ci ilin dekabrında Caniyev əfv edilib. Son illərdə o aktiv sosial şəbəkə istifadəçi olub.