Logo
news content
User
Kateqoriyalar

Xəbər

Axtarışda olan Afət Fərmanqızı Azərbaycanı necə tərk edib? - VİDEO

Müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.

O, bu barədə sosial şəbəkə hesabında bildirib.

A.Fərmanqızı hava limanından görüntülərini paylaşaraq Rusiyaya, həyat yoldaşının yanına getdiyini deyib: “Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir”.

Xatırladaq ki, Afət Fərmanqızı Flora Kərimova ilə bağlı davam edən məhkəmə prosesində iştirak etmədiyi üçün məhkəməyə məcburi qaydada gətirilməsinə dair vəsatət verilib və onun barəsində axtarış elan olunub. Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

Bu gün isə müğənni Afət Fərmanqızı hava limanından paylaşım edərək həyat yoldaşının yanına (Rusiyaya) getdiyini bildirib.

Məhkəmədə iştirak etmədiyi üçün barəsində axtarış elan olunan müğənni ölkəni asanlıqla tərk edə bilərmi?

Bu barədə Oxu.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib ki, məhkəmənin məcburi gətirilmə ilə bağlı qərarı icra olunması üçün vaxtında aidiyyəti qurumlara təqdim edilibsə, bu zaman onun ölkədən çıxışı mümkün olmaya bilər:

“Cinayət Prosessual Məcəlləsinə görə, məhkəməyə məcbur gətirilmə bir sıra hallarda tətbiq edilə bilər. Üzrlü səbəblər olmadan məhkəmədə iştirak etmədikdə, çağırışları almaqdan boyun qaçırdıqda, icra prosesini həyata keçirən orqandan gizləndikdə məhkəmə məcburi qaydada şəxsin məhkəmədə iştirakının təmin edilməsi üçün qərar qəbul edə bilər.

Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədikdə o, məhkəmənin qərarı əsasında məhkəmə iclasına məcburi gətirilə bilər və qanuni əsaslar olduqda barəsində qətimkan tədbiri, məsələn, həbs, polisin nəzarətinə verilmə, başqa yerə getməmə haqqında iltizam tədbiri seçilə bilər və yaxud daha ağırı ilə əvəz edilə bilər.

Məcburi gətirilmə ilə bağlı qərar məhkəmə tərəfindən icra olunması üçün vaxtında aidiyyəti qurumlara təqdim edilibsə, bu zaman axtarılan şəxs ölkəni asanlıqla tərk edə bilməyəcək. Belə olduğu təqdirdə axtarışda olan şəxs tutulduğu yerdə dərhal saxlanılmalı və məcburi qaydada məhkəmə qarşısına çıxarılmalıdır”.
Lent.az mövzu ilə bağlı Afət Fərmanqızının özü ilə əlaqə saxlayıb. Müğənni Azərbaycanı tərk etdiyini təsdiqləyərək bunun necə baş verdiyini danışıb:




“Bəli, Azərbaycandan getmişəm və hazırda Rusiyadayam. Ölkəni tərk edərkən də heç kim məni saxlamadı və sorğu-sual etmədi. Əgər axtarışda olsaydım, ölkə sərhədlərini necə keçərdim?! Yerimi, onsuz, məhkəməyə demişdim. Bu günə kimi də harada qeydiyyatda idimsə, orada idim. Həmin gün hamiləliyimlə bağlı narahatlığım, ürəkbulanmam oldu. Bununla əlaqədar həkimdən kağız da almışdım. Hər şey məhkəməyə təqdim olunub. Amma məhkəmə qərəzli olduğu üçün guya barəmdə axtarış elan edib. Bunun hamısı sifarişli imiş”.